ABŞ-ın Nümayəndələr Palatası prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə Kremlin «İnternet tədqiqatları agentliyi»nin sifarişi ilə amerikalılara göstərilmiş pullu reklamları nümayiş etdirib.
Facebook ümumilikdə siyasi və sosial mövzuları əhatələyən 3 min belə reklam aşkarlayıb. Bu reklamların məqsədi Amerika cəmiyyətində parçalanma və mübahisə yaratmaq olub. Bu məqsədlə həm Trump-ı dəstəkləyən, həm də onun əleyhinə olan postlar maliyyələşdirilib. Bundan başqa, azlıqların hüquqları və silahdan istifadə hüququ məsələsi qabardılıb.
126 MİLYON AMERİKALI
Çərşənbə günü Facebook, Google və Twitter-in səlahiyyətli nümayəndələri Kapitoliyə gələrək senatorların suallarını cavablandırıblar.
Facebook-un baş hüquq müşaviri təmsil etdiyi şirkətin seçkilər zamanı Rusiyanın dezinformasiya kampaniyasının alətinə çevrildiyini qəbul etmək istəməyib. Nəticədə o, senatorların tənqid hədəfinə çevrilib.
Facebook, Google və Twitter nümayəndələri ABŞ Konqresində Rusiya trollarının 2016-cı il seçkilərinə təsir göstərmək cəhdlərini vaxtında önləmədiklərinə görə üzr istəyiblər.
Senatorlar Rusiya trollarının Facebook-dakı əməliyyatlarının miqyasını yalnız 11 aydan sonra açıqladığına görə bu şirkəti qınayıb. Kremlə bağlı «İnternet araşdırmaları agentliyi»nin Facebook-da yerləşdirdiyi postları potensial olaraq 126 milyon amerikalının görə bildiyi deyilir.
Nümayəndələr Palatasının kəşfiyyat komitəsi prezident seçkiləri ərəfəsində Rusiya ilə əlaqəli şirkətlərin hazırladığı onlarla reklamı ictimaiyyətin diqqətinə çatdırıb.
TRUMP-IN OĞLU DA REKLAM PAYLAŞIB
Məsələn, «Birləşmiş Cənub» adlı Facebook qrupunun yerləşdirdiyi elanda Konfederasiya bayrağı əks olunub. Onun üzərində isə bu sözlər yazılıb: «Nifrət yox, irs. Cənub yenidən qalxacaq!». 2016-cı ilin oktyabrında yaradılmış bu reklam 1300 dollara başa gəlib və 40 mindən artıq klik toplaya bilib.
Bu reklamlardan bəzilərinin Trump-ın seçki kampaniyası və administrasiyasının əməkdaşları, o cümlədən Kelly Anne Conway (prezident Donald Trump-ın müşaviri), Michael Flynn (Trump-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri), habelə prezident Trump-ın oğlu kiçik Donald J.Trump tərəfindən paylaşıldığı da Konqres üzvlərinin nəzərindən qaçmayıb.
«Onlar bilərəkdən, ya da bilməyərəkdən Rusiyanın dezinformasiyasının yayılmasına və legitimləşdirilməsinə kömək ediblər», – demokrat konqresmen Jim Himes deyib.
«Back the Badge» adlı Facebook qrupunun yaratdığı reklamlardan biri isə 73 min dəfə bəyənilib. Reklamların vaxtı və məzmunu da təsadüfi olmayıb.
Ötən il «Qaraların həyatı vacibdir» (Black Lives Matter) kampaniyası geniş vüsət aldıqca, Rusiyanın «İnternet araşdırmaları agentliyi» hər üç sosial şəbəkə platformasında guya bu hərəkatı dəstəkləyən qruplar yaradıb.
«Back to Badge» tipli qruplarsa bu qruplara qarşı, guya qarşı tərəfin maraqlarını müdafiə üçün yaradılıb. Bu yolla Rusiya Amerika cəmiyyətində parçalanmanı dərinləşdirməyə çalışıb.
CurrentTime.TV sözügedən ödənişli elanların bir neçəsinin skrinşotunu dərc edib:
«Şeytan: Mən qalib gəlsəm, Clinton qazanacaq!
İsa: Bu, yalnız məni nəzərə almasan, mümkün ola bilər!
İsaya qalib gəlməkdə yardım üçün bəyən!».
«Bizim uşaqlarımız belə tərbiyə olunmalıdır. Bu, zorakılıq tərbiyəsi deyil. Bu, özünə əminlik tərbiyəsidir».
«İnsanlar açıq-aşkar öz gələcəklərinə görə narahatdırlar! Rasizm qalib gəlib, savadsızlıq qalib gəlib, cinsi zorakılıq qalib gəlib. TRUMP-I DAYANDIRIN!».
«30 yaşlı Danny Williams azı 1999-cu ildən özünün keçmiş prezident Bill Clinton-un... qaradərili fahişədən olan oğlu kimi tanınmasına çalışır».
«Sadə həqiqəti anlamağın vaxtı çatıb: biz, Amerika müsəlmanları da amerikalıyıq».
«Hillary soruşur ki, «Nə fərqi var?». Fərqi bilirsənsə, veterans_us oxu».
«Hillary Barack Obama-dan başqa Amerika veteranlarının mütləq çoxluğunun sevmədiyi yeganə siyasətçidir. Əgər Hillary ABŞ prezidenti olsa, Konstitusiya əlavəsinə görə, o, orduya komandanlıqdan məhrum edilməlidir».