Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:03

Kreml qaz kəmərini Navalnı məsələsinə bağlamamağa çağırır


ŞimalAxını 2 kəmərinin tikintisində
ŞimalAxını 2 kəmərinin tikintisində

Kreml sentyabrın 16-da bildirib ki, Rusiyadan Almaniyaya çəkilməkdə olan ŞimalAxını 2 kəməri ilə, hazırda Berlin klinikasında zəhərlənmədən müalicə olunan müxalifətçi Aleksey Navalnının məsələsi bir-birinə bağlanmamalıdır.

Almaniya xəstəxanası Navalnının Rusiyada istehsal olunan Noviçok kimyəvi maddəsi ilə zəhərləndiyini bildirib.

Almaniya indiyədək ŞimalAxını 2 kəmərinin ən böyük havadarı olub, lakin son vaxtlar kansler Angela Merkelin koalisiya hökumətinə bu kəmərdən imtina edilməsi üçün çağırışlar edilir.

Merkelin opponentləri bildirirlər ki, Moskva müxalifətçinin zəhərlənməsi ilə bağlı təhqiqatla şəffaf şəkildə əməkdaşlıq edənədək ŞimalAxını 2 kəmərinin tikintisi dayandırılmalıdır.

Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss etmişdi.

Təyyarə təcili qaydada Omsk şəhərində endirilmişdi. Daha sonra qohumları Aleksey Navalnının müalicə üçün Almaniyaya göndərilməsinə nail olmuşdu.

ŞimalAxını kəmərləri
ŞimalAxını kəmərləri

Peskov: “Bu kommersiya layihəsidir”

Kremlin sözçüsü Dmitri Peskov müxbirlərlə videobağantı vasitəsilə keçirdiyi mətbuat konfransında deyib ki, Navalnı məsələsi müzakirə olunarkən ŞimalAxını 2 kəmərinin məsələsi qaldırılmamalıdır:

"Bu məsələ siyasiləşdirilmiş kontekstdə müzakirəyə çıxarılmamalıdır. Bu həm Rusiyanın, həm də Avropa İttifaqı ölkələrinin, ən ümdəsi Almaniyanın marağında olan kommersiya layihəsidir”.

Ukrayna və Avropa İttifaqı ölkələri olan Polşa, Estoniya, Latviya və Litva ŞimalAxını 2 layihəsinin əleyhinə çıxırlar.

Birləşmiş Ştatlar da bu kəmərin çəkilişini əngəlləmək məqsədilə layihədə iştirak edən şirkətləri sanksiyalarla hədələyib.

Hazırda kəmərin tikintisi bu səbəbdən yarımçıq dayanıb.

“Berlin pasientinin başına gələnlər...”

Rusiyanın hakimiyyət orqanları Navalnının zəhərlənməsi ilə bağlı cinayət təhqiqatı aparmaqdan imtina edir.

Moskva bildirir ki, zəhərlənməyə dair tutarlı dəlillər yoxdur.

Peskov deyib ki, Moskva bu məsələdə Almaniya ilə əməkdaşlıq etməyə can atır, amma indiyədək onun cəhdlərinin qarşısı alınıb:

"Berlin pasientinin başına gələnlər təhqiqat və aydınlaşdırma tələb edir. Bu məsələdə irəliləyişə nail olunması və bütün təfərrüatların aydınlaşdırılması üçün Almaniya ilə əməkdaşlıq mühümdür. Rusiya əməkdaşlığa can atır, amma onun səylərinə indiyədək qarşılıq verilməyib”.

ŞimalAxını2 kəməri, Rusiyadan Almaniyaya qaz nəql edən mövcud ŞimalAxını 1 kəmərinin tutumunu iki dəfə artırmalıdır.

Kəmərin 90 faizi tikilib və o 2021-ci ilin əvvəllərində istifadəyə verilməlidir.

Sentyabrın 15-də Avstriya bildirmişdi ki, kəməri dəstəkləyir və onun tikintisinin Navalnının zəhərlənməsi məsələsi ilə bağlanmasına qarşıdır.

Avstriyanın OMV şirkəti dəyəri 11 milyard dollar olan layihəni maliyyələşdirən bir neçə Avropa şirkətindən biridir.

XS
SM
MD
LG