Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:16

Tualet savaşları: Kreml 'ənənəvi dəyərləri' qorumaq iddialarını artırır


Rusiyada köhnə, taxta ayaqyolu
Rusiyada köhnə, taxta ayaqyolu

Rusiya prezidenti Vladimir Putin yanvarın 16-da ölkənin müxtəlif yerlərindən olan bələdiyyə məmurları ilə görüşü zamanı mövzudan kənara çıxaraq, xarici ölkələrdəki ayaqyollarından danışıb.

“Oğlan və qızlara ortaq tualetlər, ya da bunun kimi bir şey adi, gündəlik hala çevrilib”, – sözlərini deyən Putin iddia edib ki, daha öncə ölkəni tərk edən çox sayda rusiyalı bu məsələ üzündən geri qayıtmağa başlayıb.

“Ənənəvi, normal insani dəyərlərə malik insanların bu şərtlərdə yaşaması çox çətindir”, – yenə Putinin sözləridir.

Onun bu şərhindən cəmi bir neçə gün öncə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov “Telegram”da Ukraynada yaralanan əsgərləri ziyarət etməsinə dair post paylaşıb. O deyib ki, belə insanlar “bizim nə uğrunda vuruşduğumuzu anlayırlar”:

“Bu adamlara bizim müdafiə etdiyimiz dəyərləri izah etməyə ehtiyac yoxdur. Onlar məktəblərdə, biri oğlanlar, digəri qızlar üçün olmaqla, iki tualet əvəzinə üç tualet görüblər – qızlar, oğlanlar və neytral cinsli insanlar üçün”.

“Əhalinin, azı, 20 faizi bayırda tualetə gedir”

AzadlıqRadiosunun müxbiri Robert Koulsonun (Robert Coalson) məqaləsində deyilir ki, bu cür şərhlər rus sosial mediasında gülüş və məsxərə dalğasına səbəb olub. Bəzi istifadəçilər yazıblar ki, Ukrayna məktəblərində görülən üçüncü ayaqyolları, əgər onlar ümumiyyətlə mövcuddursa, güman ki, müəllimlər üçün olub. Başqa bir qrup istifadəçi isə qeyd edib ki, hökumətin rəqəmlərinə görə, Rusiyada evlərin 1/5-dən çoxunda heç tualetin olmadığı halda belə şikayətlər qəribə görünür.

“Mən Beqlovun yerinə olsaydım, tam fərqli bir şey üçün ‘qan tökərdim’”, – jurnalist və bloger Aleksandr Xots “Facebook”da yazıb: “Rusiyada hələ də əhalinin, azı, 20 faizi bayırda ayaqyoluna gedir… Ancaq imperiya keşikçiləri özlərinə yerdəki deşik əvəzinə tualet tikməkdənsə, qonşularına tualetə necə getməyi öyrətməyə üstünlük verirlər”.

Bu ayaqyolu söz-söhbəti rəqabətsiz və sərt nəzarət altında olan prezident seçkiləri kampaniyasının başlanğıcına təsadüf edir. Kreml bu seçkiləri 71 yaşlı Putinə və onun Ukraynaya müdaxiləsinə xalq dəstəyini nümayiş etdirmək üçün fürsət kimi görür.

“Xalq ondan bezib”

Siyasi təhlilçi Kirill Roqov deyir ki, bu kampaniya hökumətdən ötrü “sınaqdır, axı rejim sosial prosesləri yönəltmək baxımından tam iradə və tam qabiliyyət nümayiş etdirməlidir”.

“Müharibə populyar deyil. Putin öz karyerasının sonuna gəlib çıxıb və xalq ondan bezib. O, gələcək üçün heç nə vəd etmir”, – onun AzadlıqRadiosu-na söylədiyi sözlərdir.

Son həftələrdə baş verən olaylar mart seçkiləri ərəfəsində Kremli əməlli-başlı sınağa çəkib. Ölkənin bir çox yerində səfərbər olunan əsgər yaxınlarının etiraz aksiyaları baş verib. Müxtəlif bölgələrdə köhnə və təmirsiz infrastrukturun çökməsi nəticəsində on minlərlə insan qara qışın ortasında istiliksiz və isti susuz qalıb.

Rusiyanın Ukraynaya tammiqyaslı hücumu üçüncü ilinə yaxınlaşır. Döyüş meydanında yaranmış durğunluq vəziyyəti, ara-sıra, Rusiyanın uğursuzluqları ilə müşayiət olunur. Yanvarın 15-də Kiyev Rusiyanın 300 milyon dollarlıq A50 radar təyyarəsini vurduğunu bildirib. Ötən ilin dekabrında isə işğal altında olan Krımın Feodosiya limanında Rusiya donanmasına məxsus bir desant gəmisi batırılıb.

Təhlilçilər deyirlər ki, belə hadisələr Kremli “neytral genderli ayaqyolu” və “ənənəvi dəyərlər” kimi mövzulara üz tutmağa vadar edir. Bununla onlar Putinin Ukraynaya əsassız hücumunu Rusiyanı və dünyanın qalan bölümünü əxlaqsız, aşırı liberal Qərbdən qorumaq uğrunda mübarizənin bir hissəsi kimi qələmə verməyə çalışırlar.

Bu ay “The Spectator” jurnalına müsahibə verən Kreml dəstəkçisi, aşırı sağçı ideoloq Aleksandr Dugin Rusiyanın Ukraynaya hücumunu “bir növ dini akt” və “şeytana qarşı mübarizənin başlanğıcı” adlandırıb.

“Mən təkcə Putindən danışmıram”

Ötən ilin noyabrında Rusiya Ali Məhkəməsi hökumətin tələbi ilə mövcud olmayan “beynəlxalq LGBT hərəkatını” “ekstremist” təşkilat elan edib.

“Ali Məhkəmə öz qərarı ilə hüquq mühafizə orqanlarına LGBT fərdlərinə, onları dəstəkləyənlərə və LGBT təşəbbüslərinə qatılanlara qarşı antiekstremizm qanunlarını tam gücü ilə tətbiq etmək icazəsi verib. Üstəlik, ekstremizmə qarşı qanunlar son dərəcə amorfdur. …Qərarın qüvvəyə minməsi ilə Rusiya cəmiyyətində LGBT stereotipləri gücləndirilmiş olacaq”, – LGBT şəxslərlə işləyən vəkil Maks Oleniçev deyir.

İki il öncə Rusiyanı tərk edən LGBT fəalı Fyodor Tsipilyov da bu fikri bölüşür: "LGBT insanlar üçün və təkcə onlar üçün deyil, risklər daha da artacaq. Homofoblara açıq şəkildə yaşıl işıq yandırıblar”.

Ukraynaya qarşı müharibəyə etiraz edən və LGBT icmasının şərlənməsinə qarşı çıxan Vitali Bovar Sankt -Peterburq şəhər şurasının keçmiş deputatıdır.

“Bu homofob və transfob qanunlar, əslində, soyqırımıdır, Rusiyada insan müxtəlifliyini məhv etmək cəhdidir. Bizim cəmiyyətimiz yaşlanmaqda olan çekistin pis yuxusunun içinə düşüb”, - o, AzadlıqRadiosu-na müsahibəsində belə deyib.

“Özü də mən təkcə Putindən danışmıram. O bu qanunları özü irəli sürməyib”, – yenə onun sözləridir.

XS
SM
MD
LG