Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:03

Luhanskda partlayışlar olub, ‘daxili işlər naziri’ reanimasiyadadır


Ukraynada Rusiyanın nəzarəti altında olan Luhansk şəhərində mayın 15-də baş vermiş partlayış nəticəsində qondarma LXR-ə Rusiya tərəfindən “daxili işlər naziri” təyin edilmiş İqor Kornet ağır yaralanıb.

Bu məlumatı Rusiyanın RIA Novosti və başqa agentlikləri yayıb.

Partlayışın bərbərxanada baş verdiyi bildirilir.

2014-cü ildən bəri Rusiyanın dəstəklədiyi separatçıların “DİN” rəhbərinin ağır vəziyyətdə olduğu deyilir.

Mayın 15-də səhər Luhanskda avtovağzalın yaxınlığında iki partlayış olub.

Bu barədə məlumatı qondarma LXR-in nümayəndəsi Rodion Miroşnikə istinadla TASS verib. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Miroşnik özünə aid teleqram kanalında yazır ki, zərbənin hədəfi keçmiş aviasiya məktəbinin ərazisi ola bilərdi.

O zərbənin raketlərlə endirildiyini güman etdiyini yazıb.

“Orada sıx yaşayış tikililəri var. Kadet korpusunun binası bu yaxınlarda bərpa edilib”.

Bundan əvvəl ötən cümə günü Luhanska raket zərbələrinin endirildiyi xəbər verilmişdi.

Qondarma LXR-in Rusiya tərəfindən təyin edilmiş hakimiyyəti mayın 12-də bildirmişdi ki, Ukrayna ordusu Luhanska zərbə zamanı Britaniya istehsalı 4 Storm Shadow uzaqmənzilli qanadlı raketi atıb.

Bu da xəbər verilirdi ki, guya raketlərdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Separatçı hakimiyyət zərbələr nəticəsində 6 uşağın xəsarət aldığını bildirir.

Ötən həftəsonu

Mayın 14-də səhər Luhanskda yenə də partlayış səsləri eşidilib. Mediada dərc olunmuş fotolarda şəhərin üzərində tüstü qalxdığı görünür.

Bəzi məlumatlarda deyilir ki, zərbələr DİN akademiyasının keçmiş binasına endirilib. Orada Rusiya hərbçilərinin yerləşdirildiyi xəbər verilmişdi.

Rusiya Müdafiə Nazirliyinin mayın 15-də verdiyi məlumatda bir Storm Shadow raketinin vurulduğu iddia edilir. Ukrayna tərəfi xəbəri şərh etməyib.

Bundan başqa mayın 15-də Rusiyanın Kursk vilayətindəki Rılsk rayonunun Lokot və Kransı Paxar kəndlərinin atəş altına düşdüyü xəbər verilib.

Regionun qubernatoru kəndlərin atəşə tutulmasına görə Ukrayna ordusunu ittiham edib.

Xəsarət alan olmayıb, amma elektrik xətti zədələndiyindən 600-dək sakin işıqsız qalıb.

Rusiyanın Ukrayna ilə həmsərhəd Kursk, Belqorod və Bryansk vilayətlərinin tez-tez atəş altına düşdüyü xəbər verilir.

Kiyev bu xəbərləri də şərh etmir.

XS
SM
MD
LG