Keçid linkləri

2025, 09 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:16

Hamının kommunal xərci artır, amma hamının maaşı yox...


Qaz ola-ola odun yandıran kənd - Xaçmazdan REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

Qaz ola-ola odun yandıran kənd - Xaçmazdan REPORTAJ (Arxiv. 2023)

Prezident İlham Əliyev yanvarın 7-də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, 20-yə qədər qurumda (Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi...) çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılır.

Eyni zamanda, prezidentin əvvəlki sərəncamı ilə ölkədə minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılıb. Lakin elə yeni ilin başında Tarif Şurasının qərarı ilə bir sıra kommunal xidmətlərin tarifləri də yüksəldilib.

Özəl sektorda çalışanlar var ki maaşlarının dəyişmədiyindən, qiymət artımlarının onlara hamıdan pis təsir edəcəyindən şikayətlənirlər. Onlar bildirir ki, əməkhaqqının artımı onlara şamil edilmir, qiymətlər qalxır və nəticədə özəl sektorunda çalışanlar kasıblaşır.

"Hər şeyin qiyməti qalxır, bir bizim maaşımızdan başqa"

Bakıda marketlərin birində çalışan Könül Əhmədova (ad şərtidir) AzadlıqRadiosuna deyib ki, əməkhaqqısı 550 manatdır: "Ərzağın qiyməti qalxır, indi də işıq və qaz pulunu qaldırıblar. Hər şeyin qiyməti qalxır, bir bizim maaşımızdan başqa. Müdiriyyətə deyəndə cavab verir ki, xoşun gəlmirsə, işləmə. Dövlət işində işləyənlərin maaşı qalxır, amma biz də axı bu dövlətin vətəndaşıyıq. Bizim maaşımız niyə qalxmır?".

"300 min..."

Dövlət Sosial Müdafiəsi Fondundan (DSMF) "Turan"a verilən məlumata görə, minimum əməkhaqqının 400 manata çatdırılmasından bütünlükdə 700 mindən artıq vətəndaş yararlanacaq.

Qurumdan vurğulanıb ki, söhbət həm də özəl sektorda çalışan 300 min şəxsdən gedir: "Artıq özəl sektorda da 400 manatdan az aylıq əməkhaqqı ola bilməz".

"İş yerlərinin az olması ilə bağlı ciddi problem var"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, indiki kommunal tariflərin artımı ilk baxışdan az görsənsə də, heç də yaxşı tendensiya deyil: "Hər dəfə biz bu artımı müəyyən kəsim dönəmində yaşayırıq. Bunun səbəbləri aradan qalxmır. Səbəb isə həmin dövlət şirkətlərinin qeyri-rasional və qeyri-şəffaf işləməsidir. Nə qədər ki, bu səbəblər aradan qalxmayıb, qiymətlər yenə artacaq. Budəfəki minimum əməkhaqqının və pensiyanın artımı 15 faiz civarındadır. Tariflər isə 6-7 faiz artıb. Buna baxanda dövlət sektorunda çalışanların müəyyən dərəcədə bu artımı qarşılamaq iqtidarında olacağını söyləmək olar".

Natiq Cəfərli
Natiq Cəfərli

Onun sözlərinə görə, problem odur ki, özəl sektorda çalışan işçilər öz əmək haqları ilə bağlı məsələni qaldıranda işəgötürənlər başqa şəxslərin bu əməkhaqqı ilə məmnuniyyətlə çalışacağını deyərək onları çox rahatlıqla işdən çıxara bilir: "Zatən işə düzəlmək istəyən kifayət qədər adam var. Azərbaycanda iş yerlərinin az olması ilə bağlı ciddi problem var. Ona görə də hökumətinin burada əsas hədəfi və vəzifəsi iqtisadiyyatın genişlənməsi, yeni iş yerlərinin yaradılması yolu ilə tələbin artırılması olmalıdır ki, işəgötürənlər yaxşı işçilərlə cəlbedici şərtlərlə müqavilə bağlasınlar".

İqtisadçı hesab edir ki, indi əks bir vəziyyətdir: "Ona görə də dövlət rəqabətli mühiti genişləndirməklə iqtisadi aktivliyə nail olmalıdır. Bu olandan sonra iş yerlərinin sayı avtomatik artacaq və əmək haqları da yüksələcək".

N.Cəfərli vurğulayıb ki, hazırda ölkədə minimum əməkhaqqı alan şəxslərin sayı ilə bağlı məlumat yoxdur: "Amma median əməkhaqqı ilə bağlı məlumat var. Bizdə median əməkhaqqı 500 manata yaxındır. Bu da o deməkdir ki, müqavilə ilə çalışan 1 milyon 700 min nəfərin yarısı 500 manata qədər maaş alır".

Dövlət Statistika Komitəsinin 2024-cü il noyabrın 1-i vəziyyətinə olan məlumatına görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773.3 min nəfərdir. Onlardan 881.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Amma rəsmi açıqlamalara görə, ölkədə əməkqabiliyyətli insanlar 5 milyon civarındadır. Onların bir çoxunun qeyri-leqal çalışdığı bildirilir.

XS
SM
MD
LG