Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:36

İcra başçısına 11 il iş verildi


Mahir Quliyev
Mahir Quliyev

Sabiq icra başçısının vəkili Leyla Məmmədova müvəkkilinə həbslə bağlı olmayan cəza verilməsini istəyib. Müdafiəçi yada salıb ki, Quliyev ittiham verilmiş maddələrlə razılaşmır. Sadəcə, icra hakimiyyətindəki özbaşınalığa görə özünü səhlənkarlıqda təqsirli bilir.

Quliyev və yaxınlarının Bakıda adlarına olan üç mənzilin və bir avtomobilin üzərinə həbs qoyulub. Vəkil bu əmlakların üzərindən həbsin götürülməsini istəyib.

"Bu əmlaklar Mahir Quliyev Biləsuvarın icra başçısı vəzifəsində işləməmişdən öncə alınıb. Ümumiyyətlə, mənimsəmə ilə bağlı ittihamlarla qətiyyən razılaşmırıq. Mahir Quliyev şərəflə işləyib. Təsadüfi deyil ki, o, prezident tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə də təltif olunub", - vəkil bildirib.

Keçmiş icra başçısının son sözü isə qısa olub. O, vəkili ilə razılaşdığını, özünü qismən təqsirli bildiyini vurğulayıb. "Əgər cəza çəkməyim lazımdırsa, çəkərəm...", - Quliyev son sözündə belə deyib.

Qısa müşavirədən sonra hakimlər keçmiş icra başçısının 11 il azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib. Hökmə əsasən, üzərində həbs olan əmlaklar müsadirə olunub. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Xidmətinin sabiq məmura qarşı məhkəmədə qaldırdığı 121 min manatlıq mülki iddia da təmin edilib.

Keçmiş icra başçısına 12 il həbs və əmlakının müsadirəsi tələb olundu

Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevə 12 il həbs cəzası istənilib. Martın 18-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Dövlət ittihamçısı həmçinin sabiq icra başçısı və yaxınlarının adlarına olan, istintaq dövründə üzərinə həbs qoyulmuş əmlakların da müsadirə edilməsini istəyib.

Prokuror deyib ki, Mahir Quliyevə qarşı irəli sürülmüş mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi ittihamlar 6 aydan çox davam edən məhkəmə prosesində sübuta yetirilib.

Quliyev isə özünü qismən təqsirli bilir, cinayət işinin materiallarında yazılan bütün ittihamlarla razı deyil.

Sabiq icra başçısının vəkili müdafiə çıxışı edəcək, ardınca isə özü son sözünü deyəcək. Bundan sonra onun haqqında hökm elan ediləcək.

Xatırlatma

1958-ci il təvəllüdlü Mahir Quliyev 2006-2011-ci illərdə Astaranın, 2011-ci ildən həbs olunana qədər isə Biləsuvar rayonunun icra başçısı olub. O, 2020-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Biləsuvar Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları DTX əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 6 il, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev isə 10 il azadlıqdan məhrum edilib.

Nizaməddin Quliyev hökmdən az sonra koronavirusa yoluxub və 2021-ci il sentyabrın 5-də vəfat edib.

XS
SM
MD
LG