Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:35

Maliyyə Nazirliyi Tərtər hadisələrinə görə bəraət alanlara kompensasiya ödəmək istəmir


'Tərtər işi': Ləğv olunan hökmün cəzası
Gözlə

No media source currently available

0:00 0:09:30 0:00

"Tərtər işi": Ləğv olunan hökmün cəzası

Maliyyə Nazirliyi "Tərtər hadisələri" dövründə həbs olunub beş il yarım sonra bəraət almış şəxslərə kompensasiya ödəməkdən imtina edir. Məhkəmə nazirliyin üzərinə onlara təzminat ödəmək öhdəliyi qoysa da, dövlət orqanı bununla razılaşmır.

2017-ci ilin may-iyun aylarında Tərtərdə dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs edilib 20 ilə qədər cəza alanlardan 19 nəfər 2022-ci ilin dekabrında bəraətlə azadlığa buraxıldı. Onlar həbsdən çıxandan sonra təzminat tələbi ilə ayrı-ayrılıqda məhkəməyə müraciət ediblər. Cavabdeh qismində isə Maliyyə Nazirliyini göstəriblər.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

Həbsdə olduqları dövrdə ailələri dağılıb

Bəraət alan şəxslər iddia ərizələrində göstəriblər ki, heç bir cinayət törətmədikləri halda, 5 il yarım həbsdə saxlanılıblar, günlərlə ağlasığmaz işgəncələrə məruz qalıblar, "vətən xaini" adlandırılaraq şərəf və ləyaqətləri alçaldılıb. Ərizəçilərin bir neçəsi göstərib ki, həbsdə olduqları dövrdə ailələri dağılıb, həyat yoldaşları onlardan boşanıb. Bəzilərinin valideynləri dözməyərək həyatını itirib.

Maliyyə Nazirliyi Nəsimi rayonu ərazisində yerləşdiyinə görə kompensasiya tələbi ilə qaldırılan iddialara da bu rayonun məhkəməsində baxılıb. Məhkəmə iddiaları qismən təmin edib. Mənəvi ziyana görə həbsdə olduqları hər aya görə 1000 manatdan hesablanmaqla, 66 min kompensasiya təyin olunub. Maddi ziyan isə hesablanarkən hərbçilərin həbsdən öncə aldıqları maaşın məbləği və s. əsas götürülüb. Beləliklə, keçmiş "Tərtər məhbusları"na 118 min, 123 min və başqa məbləğdə kompensasiyalar təyin edilib.

Məhkəmənin çıxardığı qərarlara əsasən, bu vəsaitləri Maliyyə Nazirliyi ödəməlidir. Lakin nazirlik bundan imtina edir.

Maliyyə Nazirliyi Nəsimi rayon Məhkəməsinin keçmiş "Tərtər məhbusları" ilə bağlı təmin olunmuş kompensasiya qərarlarının hamısından apellyasiya şikayəti verib.

Nazirliyin arqumenti

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, nazirliyin nümayəndəsi bildirib ki, bu şəxslərə ziyanı Maliyyə Nazirliyi vurmayıb. Ona görə də təzminatı bu qurum ödəməməlidir: "Bu məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi yox, bu adamlara qarşı pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. Nazirlik heç bir ziyan vurmayıb. İddia tələbi də müvafiq hərəkətlərə yol verən, qərarlar qəbul edən orqana yönəlməlidir, Maliyyə Nazirliyinə yox...".

Nazirliyin əməkdaşı vurğulayıb ki, konkret bu işdə vətəndaşa ziyan vuranlar hüquq-mühafizə orqanının (prokurorluq) əməkdaşı və onun verdiyi ittiham əsasında hökm çıxarmış hakimdir. Lakin onlar məsuliyyətdən kənarda saxlanılıb: "Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməzdir. Hər bir dövlət orqanı müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən... orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir".

Amma Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin olunmayıb. Nazirliyin bu qərarlardan Ali Məhkəməyə şikayət verib-verməyəcəyi məlum deyil.

Müşfiq Əhmədli
Müşfiq Əhmədli

"Özlərinə milyon versinlər..."

Kompensasiya tələbi ilə məhkəmədə iddia qaldıranlardan Müşfiq Əhmədli AzadlıqRadiosuna bildirib ki, onlara dövlət orqanlarının və onun təmsilçilərinin qanunsuz hərəkətləri nəticəsində ağır zərbə dəyib. O deyir ki, heç bir məbləğ çəkdikləri əzabı kompensasiya edə bilməz: "Özlərinə milyon versinlər, desinlər ki, bizə verilən işgəncələrə dözsünlər, razılaşarlar?! O dəhşətləri ki biz yaşamışıq, sözlə ifadə eləmək mümkün deyil. Heç bir məbləğ mənim dağılmış ailəmi, itirilmiş gəncliyimi, sağlamlığımı qaytara bilməz. Valideynlərimiz min bir əzabla gəlib-gedib yanımıza illərlə...".

İddianın Maliyyə Nazirliyinə qarşı qaldırılmasına gəlincə, Müşfiq Əhmədli bildirib ki, onlara qarşı qanunsuzluq edənlər dövlət orqanlarının vəzifəli şəxsləri olub. Barələrindəki məhkəmə hökmləri də dövlət adından çıxarılıb: "Dövlətin xəzinəsi də Maliyyə Nazirliyidir. Ona görə iddianı ona qarşı qaldırmışıq. Özləri günahı olanları cəzalandırsınlar, tələb eləsinlər ki, səhv qərar vermisiz, qanunsuzluq eləmisiz, gəlin, cəzasını çəkin...".

Xatırlatma

2017-ci ildə "Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunaraq dövlətə xəyanətdə ittiham edilib.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsinə dair məlumat yayıldı. Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayca 10-dan çox olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

Tərtər və Beyləqanda 2017-ci ilin may-iyun aylarında hərbçilərə qarşı kütləvi işgəncə şikayətləri ilə bağlı məhkəmə araşdırmaları davam edir. Hazırda bu olaylarla əlaqədar ikisində dörd, ikisində də beş nəfər olmaqla ümumilikdə dörd qrupun məhkəməsi gedir.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

XS
SM
MD
LG