Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:38

İqtisadçı: İndiki halda görünən odur ki...


Rəşad Həsənov. 16 fevral 2018
Rəşad Həsənov. 16 fevral 2018

“Maliyyə Nazirliyi öz mövqeyini ortaya qoyur, onun da məsələlərə təsir gücü var”

Yola saldığımız həftə maliyyə naziri Samir Şərifovun “manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir” açıqlamasına deputatların və iqtisadçıların reaksiyası ilə yadda qaldı.

Nazir bildirmişdi ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:

"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub".

​Bu açıqlamanı “manatın növbəti devalvasiyası qapıdadır” kimi yozanlar da oldu. Ardınca deputat Vahid Əhmədov-un manatın devalvasiyasına heç bir ehtiyacın olmaması barədə dedikləri onu Maliyyə Nazirliyinin hədəfinə çevirdi.Nazirliyin mətbuat katibi Mais Piriyev Trend-ə bildirdi ki, nazir Samir Şərifovun manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirləri devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır.

AzadlıqRadiosuna danışan iqtisadçı Rəşad Həsənov-un fikrincə, dünyanın hər bir dövlətində milli valyutaların möhkəmlənməsi yerli istehsalın ixrac qabiliyyətinin zəiflədilməsinə təsir edir, turizm sektorunun cəlbediliciyini aşağı salır, tədiyyə balansının qorunmasına mənfi təsir göstərir. “Bu mənada Samir Şərifovun söylədiklərində yeni bir fikir yoxdur”, - deyir.

Rəşad Həsənov daha sonra məsələyə Azərbaycan kontekstindən yanaşır. Onun sözlərinə görə, dövlətin strukturlarından birinə rəhbərlik edən şəxsin açıqlaması cəmiyyətdə müzakirələr yol açıb və qənaət bundan ibarətdir ki, maliyyə nazirinin mövqeyi manatın yumşaq məzənnə siyasətinin həyata keçirilməsi istiqamətindədir.

“Maliyyə Nazirliyi öz mövqeyini ortaya qoyur və onun da məsələlərə təsir gücü var”

Rəşad Həsənov bildirir ki, hazırda hökumətin müəyyən strukturlarında manatın məzənnəsinin yumşaldılması ilə bağlı fikir formalaşıb.

“Əgər məzənnə ilə bağlı birbaşa qərarı Mərkəzi Bank verirsə, amma eyni zamanda, Maliyyə Sabitliyi Şurası fəaliyyət göstərir, Maliyyə Nazirliyi isə bu qurumda təmsilçidir, deməli, yekun qərar üçün konsensus lazımdır. Məsələ təkcə ixrac qabiliyyətinin artırılması, yerli istehsalın idxaldan müdafiəsi deyil, həm də məzənnənin yumşaldılması növbəti dövrlərdə digər sahələrdə sosial problemləri dərinləşdirir, qiymətlərin artmasına gətirir. Ona görə müsbət və mənfi tərəflər arasında müəyyən bir tərəfə üstünlük verməyə ehtiyac var. Növbəti dövrlərdə veriləcək qərar da bundan asılı olacaq. İndiki halda görünən odur ki, hökumətdə əksəriyyət devalvasiyanı yaradacaq sosial çətinlikləri daha çox nəzərə alır, buna görə də manatın məzənnəsinin sabit qalmasında qərarlıdırlar. Amma nəzərə alınmalıdır ki, büdcə prosesində əsas aparıcı qurum olan Maliyyə Nazirliyi öz mövqeyini ortaya qoyur və onun da məsələlərə təsir gücü var”.

Ekspert düşünür ki, devalvasiya riskləri var, ancaq devalvasiyanın olub-olmayacağı sualına cavab vermək nisbətən çətindir. Xüsusilə də indiki zamanda neftin qiyməti devalvasiya məsələsinə əsas rol oynaya bilər.

“...devalvasiyanın vurduğu zərəri heç kəs unutmayıb”

Nemət Əliyev, 2013
Nemət Əliyev, 2013

Xalq Cəbhəsi Partiyasının üzvü, iqtisadçı Nemət Əliyev hesab edir ki, Samir Şərifov-un açıqlamasının növbəti devalvasiya anonsu kimi qiymətləndirilməsinin səbəbi var. O, xatırladıb ki, 2015-ci ilin fevralında devalvasiya qərarından bir gün əvvəl prezident İlham Əliyev başda olmaqla maliyyə naziri Samir ŞərifovMərkəzi Bankın rəhbəri Elman Rüstəmov devalvasiya təhlükəsini təkzib etdilər, hətta Elman Rüstəmov 0,1 faiz ətrafında devalvasiyanın olacağı barədə danışmışdı.

“Ancaq xalq, ekspertlər və kənar müşahidəçilər 1 ildə manatın 34 faiz dəyərdən düşdüyünün şahidi oldu. İndi maliyyə naziri Samir Şərifov manatın möhkəmlənməsinin əleyhinə çıxırsa, əhali və mütəxəssislər 3 il əvvəlki açıqlamaları yada salır, çünki devalvasiyanın vurduğu zərəri heç kəs unutmayıb”, - iqtisadçı söyləyir.

Nemət Əliyev bildirir ki, nazir Şərifovun açıqlaması 2015-ci ilin sosial-iqtisadi şəraitinə uyğun dövrə təsadüf edir:

“3 il əvvəl neftin qiymətinin kəskin enəcəyi gözlənilirdi, son 2 ayda da qiymətdə xeyli enmə var. Qarşıdakı zamanda qiymətlərin enməsi ehtimalı var. Onda əhali Samir Şərifovun açıqlamasından hansı nəticəyə gəlməlidir?! Yəni sadə insanların nazirin açıqlamasını devalvasiya anonsu kimi dəyərləndirməsi çox normaldır”.

​İqtisadçı manatın kəskin möhmənlənməsinin həm yerli istehsalçıların maraqlarına, həm də ixrac və idxala ziyanlı olduğu fikriylə razılaşır. Samir Şərifov “manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir” fikrində haqlıdır deyir. Ancaq Nemət Əliyev deyir ki, maliyyə naziri haqlı mövqeyini 2015-ci ilin əvvəlində səsləndirməliydi.

“Çünki yerli valyutanın kəskin şəkildə dəyər qazanması zərərli haldır, bunu belə saxlamaq olmaz. Ancaq bir ildə 2 dəfə, 34 faiz dəyərdən salmaq isə çox təhlükəlidir. Yaxşı olardı, hökumət prosesi tədricən aparardı. Normal ölkələrdə milli valyutanı tədricən dəyərdən salmaqla illərlə yığılan məhsulların ixracı yönündəki əngəlləri aradan qaldırıblar. Azərbaycan hakimiyyəti bu mexanizmi işlədə bilmədi, əksinə, iqtisadiyyatı və dövlət büdcəsini neftdən asılı vəziyyətə saldılar, nəticədə ölkəyə valyuta axını neft-qaz sektoru hesabına daxil oldu. Neftin qiyməti də enən kimi toplanan ehtiyatlar azalır. Milli Məclisdə büdcə müzakirələri başlayanda neftin qiyməti 80 dollar civarındaydı və büdcədə 60 dollar götürüldü”.

İqtisadçının qənaətincə, ilin sonuna qədər neftin qiymətini şərtləndirən səbəblər daha fəal olacaq. Və bu halda təbii ki, büdcəsi neftdən asılı olan maliyyə naziri vəsaitləri haradan tapacağı barədə düşünməlidir. Nemət Əliyev hesab edir ki, neftin qiyməti 40 dollara ensə, növbəti devalvasiya realdır. O deyir ki, qeyri-neft sektorunun inkişafı barədə tədbirlər zamanında yerinə yetirilsəydi, belə açıqlama verilməzdi.

Xatırlatma

2015-ci ildə baş verən iki devalvasiya manatı bir xeyli dəyərdən salıb. 1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib.

Ancaq əsasən son bir ildə manatın məzənnəsi sabit qalmaqdadır. Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.

XS
SM
MD
LG