Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 23:48

Azərbaycan məhkəmələri dəyişib, dəyişməyib…


N.Əhmədovun razılaşdırılmamış aksiyada saxlanılması
N.Əhmədovun razılaşdırılmamış aksiyada saxlanılması

Bu gün, sentyabrın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun vəkilinin onunla görüş istəyi gerçəkləşməyib.

Bu barədə vəkil Zibeydə Sadıqova özü bildirib. Onun vurğulamasına görə, İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən (N.Əhmədovun sentyabrın 23-dən ora aparıldığı bildirilir) deyilib ki, Penitensiar Xidmətdən məktub almalıdır. Vəkilin əlavə etməsinə görə, Penitensiar Xidmət isə görüşə razılığın verilməməsinə səbəb kimi onun COVID-19 virusuna yoluxmasını göstərib: "Hətta bildirdim ki, telefonla danışığım təmin edilsin. Buna da imkan verilmədi. Ailəsi N.Əhmədovun durumundan çox narahatdır. Ondan neçə gündür bir məlumat ala bilmirlər. N.Əhmədovun 2020-ci il mayın 15-dən indiyə kimi telefonla danışmaq hüququ da təmin edilməyib".

Bu məlumata, hələlik, Penitensiar Xidmət və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.

Dünən, sentyabrın 27-də isə Bakının mərkəzində bir qrup fəal onun azadlığı tələbi ilə aksiya keçirmişdi. Ötən il həbs olunan N.Əhmədova terrorçuluğu maliyyələşdirmə ittihamı verilib və hazırda keçirilən məhkəmə prosesində dövlət ittihamçısı onun 15 il həbs olunmasını xahiş edib. Məhkəmə, hələlik, başa çatmasa da, bir sıra hüquq müdafiəçiləri bildirir ki, N.Əhmədovla bağlı qərar siyasi motivli olacaq. Onlar hesab edirlər ki, son illər Azərbaycanda siyasi dialoqdan, məhkəmə-hüquq islahatlarından danışılsa da, müxalifətçi və hakimiyyət iddiası olan başqa şəxslərlə bağlı məhkəmələrdə heç bir müsbət irəliləyiş olmayıb.

2 il əvvəl…

2019-cu ilin aprelin 3-də Prezident İlham Əliyevin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzaladığı açıqlanmışdı.

F.Ağamalı
F.Ağamalı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, Azərbaycanda digər sahələrdəki kimi, məhkəmə-hüquq sistemində də islahatlar aparılır: "Bu proses gedir. Məhkəmə sistemi yenilənir, onun fəaliyyətində subyektiv amillərin aradan qaldırılması prosesi sürətlənib".

Deputatın fikrincə, müxalif düşüncəli insanlara məhkəmələrdə fərqli münasibətin olması haqqında heç bir fakt yoxdur: "Fakt olmadığı halda deyilənlər konyunktura xarakteri daşıyır. Əli Kərimlinin mühafizəçisi siyasətçi deyil".

"Belə olsaydı, Əli Kərimlinin özünü həbs etmək olardı"

Komitə üzvünün sözlərinə görə, təəssüfedici məqam ondan ibarətdir ki, ayrı-ayrı müxalifət partiyalarının rəhbərləri, sıravi üzvləri bu və ya digər şəkildə qanun pozuntularına yol verirlər: "Qanun isə hamı üçün eyni şəkildə tətbiq olunmalıdır. Onlar haqqında cinayət işi açılanda və ya inzibati qaydada cəzalandırılanda həqiqətəuyğun olmayan ittihamlarla çıxış edirlər. Azərbaycanda fikirlərinə görə heç kəs təqib olunmur. Kiməsə siyasi baxışlarına görə qərəzli münasibət ortada yoxdur. Belə olsaydı, Əli Kərimlinin özünü həbs etmək olardı. Bu gün o yoxdur".

O qeyd edib ki, məhkəmələrdə siyasi sifarişlərin icrası ilə bağlı yayılan fikirlər əsassızdır və böhtan atmaqdan başqa bir şey deyil.

R.Səfərov
R.Səfərov

"Hakimiyyət qolları arasında balans yoxdursa…"

Hüquq müdafiəçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna açıqlamasında bu mövzuda deputatdan fərqli düşündüyünü qeyd edib: "Bir ölkədə ki, hakimiyyət qolları arasında balans yoxdursa, xüsusilə hakimlər korpusu müstəqil deyilsə, əməliyyat-axtarış, istintaq orqanları icra hakimiyyətinin əlində repressiv bir vasitədirsə, orada "siyasi məhbus" anlayışı mütləq olacaq".

Onun fikrincə, Azərbaycan hökumətini tənqid edən şəxslər siyasi təqibə məruz qalır: "Niyaməddin Əhmədovun həbsinin əsas səbəbi 19 oktyabr 2019-cu ildə mitinq zamanı AXCP rəhbəri Əli Kərimlinin yanında olmasıdır. Niyaməddin hakimiyyətin qara siyahısına düşdü və sirr deyildi ki, o, saxta ittihamlarla həbs olunacaq".

"...Nə kimi bir müsbət dəyişiklikləri gördük?"

O da xatırladıb ki, prezident İ.Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərmanı var: "O vaxtdan bu vaxta biz məhkəmə sistemində, hakimlərin fəaliyyətində nə kimi bir müsbət dəyişiklikləri gördük? Əksinə, məhkəmə hakimiyyəti mövcud olan repressiv cəza aparatının daha da əlavəsinə çevrilib".

Bu fikirlərə, hələlik, Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb.

Yalnız varlılar üçün məhkəmə? Hansı məhkəmə rüsumları qalxa bilər?
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Hüquq müdafiəçiləri hazırda ölkə həbsxanalarında 100 civarında siyasi məhbusun olduğunu deyirlər. Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısına salınanlar sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xatırlatma

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçi olduğu bildirilən N.Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib.

Mayın 16-da, həbsdən azad edilməli olduğu gün isə ona qarşı CM-nin 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Qabil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Əhmədova pul göndərib. AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Q.Məmmədov da ittihamı yalanlayıb.

XS
SM
MD
LG