İnandırıcı mənfi qəhrəmanları necə yaratmalı? indistrialscripts.com saytı bu haqda tövsiyələr dərc edib. "Writing Screenplays that Sell" kitabının müəllifi Maykl Hauqe yazır ki, mənfi qəhrəman müsbət qəhrəmanın öz və ya kənar motivasiyaya nail olmasının qarşısını alan personajdır.
Mənfi qəhrəmanlar müsbət qəhrəmanın ən böyük münaqişə mənbəyidir. Bundan əlavə, mənfi qəhrəmanlar hekayənin gedişatını, qəhrəman qövsü (qəhrəmanın hekayə boyu daxili transformasiyası) və temasının inkişafında mühüm rol oynayır.
Ancaq çox zaman müəlliflər tələyə düşərək mənfi qəhrəmanı başdan-ayağa şər kimi təqdim edirlər. Belə "ikiölçülü" mənfi qəhrəmanlar dəyərlərinin olmaması səbəbindən yarımçıq görünür. Bəzən onlarda daxili konflikt və ya istəklər də çatışmır. Nəticədə hekayə hamar alınır və gedişatı öncədən proqnozlaşdırmaq asan olur.
Bəs, yaxşı mənfi qəhrəman necə olur? Niyə bəzi filmlərdəki mənfi qəhrəmanları izləmək bu qədər həzz verir?
Məsələ burasındadır ki, onlar inandırıcıdırlar və real görünürlər. İnandırıcı mənfi qəhrəmanlar yaratmağın dörd əsas elementi isə bunlardır:
1: İnsaniləşdirilmiş mənfi qəhrəman yaradın.
Janrdan asılı olmayaraq, yaxşı mənfi qəhrəmanın iki şeyi olmalıdır: Daxili konflikti və Zəiflikləri/Qüsurları.
Bu cəhətləri onu əxlaqsız və ədalətsiz davranmağa vadar edir. Ancaq inandırıcı mənfi qəhrəmanlar heç vaxt öz hərəkətlərini əxlaqsız və ədalətsiz kimi görmürlər. Hərçənd, filmin sonlarına doğru onların özləri və dünya ilə bağlı bu baxışı dəyişə bilər.
2: İnandırıcı mənfi qəhrəmanların dəyərləri olur.
Tam işlənmiş personaj heç vaxt plansız hərəkət etmir və danışmır. Onun dialoq və hərəkətləri dəyər və inanclarına əsaslanır. İnandırıcı mənfi qəhrəmanlar öz dəyərlər sisteminə əsasən hərəkət edir. Bundan əlavə, mənfi qəhrəmanın dəyərləri həmişə müsbət qəhrəmanın dəyərləri ilə ziddiyyət təşkil edir.
Düzgün istifadə edildikdə dəyər və inanclar mənfi qəhrəmanları zənginləşdirir və onların əxlaqsız hərəkətlərini daha yaxşı anlamaq olur.
Mənfi qəhrəmanınızın dəyərlərini onun təqdim olunduğu səhnədə dialoq və hərəkətlərlə göstərin. Yekun döyüş səhnəsində isə onun öz dəyərlər sisteminə sədaqətini və ya onu dəyişməsini göstərin. Bu seçimdən asılı olaraq, tamaşaçı onun ya həyatda qaldığını, ya öldüyünü, ya da dəyişdiyini anlayacaq.
3: Qüsurlu ədalət hissi
Yaxşı mənfi qəhrəmanın hərəkətləri həm də ədalət hissindən qaynaqlanır. Başqa sözlə, o öz məqsədinə çatmaq üçün daxili motivasiyasına əsaslanır. Onun ədalət hissi qüsurlu olsa da, tamamilə yanlış deyil. Ancaq tamamilə doğru da deyil.
Ssenaridə bunu necə göstərmək olar: Mənfi qəhrəmanın zahiri məqsədini işləməklə başlayın. Özünüzə bu sualı verin: "bu qəhrəman bu məqsədə çatmağı niyə hər şeydən çox istəyir?".
Mənfi qəhrəmanınızın qüsurlu ədalət hissini dialoqlar vasitəsilə üzə çıxarıb göstərin.
Ehtiyatlı olun. Auditoriyanı qəhrəmanın daxili motivasiyası haqda davamlı moizələrlə yormayın. Bundansa, daxili motivasiya müzakirəsini qızğın əxlaq mübahisəsinin pikinə yerləşdirin.
Bu addımlara əməl etməklə həm də filmin temasını aydınlaşdırmış olursunuz.
4: Məqsədlərin əks etdirilməsi
İnandırıcı mənfi qəhrəmanın həm də müsbət qəhrəmanın məqsədinə bənzəyən və ya onu əks etdirən xarici məqsədi var. Ancaq mənfi qəhrəmanın həmin məqsədə doğru yolu tamamilə fərqlidir.
Müsbət qəhrəmandan fərqli olaraq mənfi qəhrəmanın məqsədinə doğru addımları onun öz dəyərlərindən qaynaqlanır. Bu vəziyyətdə münaqişə qaçılmaz olur və hər döyüşdə ideallar toqquşması baş verir.