Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:15

Ssenaristlərdən 10 tövsiyə


"Drive My Car" filmindən kadr
"Drive My Car" filmindən kadr

"No Film School" kino sahəsinin ən nüfuzlu "Oskar" mükafatına namizəd göstərilmiş ssenaristlərin tövsiyələrini dərc edib. Belə bir fikir var ki, yaxşı ssenarist olmaq üçün çoxlu ssenari oxumaq lazımdır.

1. "Don't Look Up" filminin ssenari müəllifləri Adam Makkey və Devid Sirota hesab edirlər ki, yazmağa başlayan zaman auditoriyanı diqqətdə saxlamaq son dərəcə vacibdir. Buna görə də tələsmədən auditoriya ilə bağ quracaq mövzu və hekayə elementləri haqda öyrənmək vacibdir. Onlar xəbərdar edirlər ki, bu cür araşdırmanın içində itib-batmaq da mümkündür. Ancaq bunun baş verməməsi üçün davamlı yazmalı, hekayənizi nəql etməlisiniz.

2. "The Worst Person in the World" filminin ssenari müəllifləri Yoakim Trier və Eskil Voqt: Sevgidən sadəcə iki adamın öpüşməsindən daha böyük mövzu kimi istifadə edin. Sevginin sizin üçün anlamı nədir? Filminiz bu mürəkkəb hissi necə içəridən göstərə bilər? Əgər sevgi mövzusuna müraciət etmisinizsə, onu mənalı edin.

3. "Licorice Pizza" filminin ssenarisini yazan Pol Tomas Anderson: Yazan zaman mövzuları təqib etməyin. Qoyun onlar təbii şəkildə ortaya çıxsın. Mövzuları axtaranda onları işləmək çətin olur. Çox vaxt hekayəni yazıb mövzuların ortaya çıxmasına imkan vermək lazımdır. Buna görə də ideyanız üzərində işləməyə başlayın və görün dərinə getdikcə nələr ortaya çıxır.

4. "Belfast" filminin ssenari müəllifi Kennet Brana: Gözəl ssenaristlərdən öyrəndiklərinizi əxz edin. Ancaq öz ssenarinizə gələndə öz intuisiyanızı da kənara qoymayın və yazmağa başladığınız şeyin ruhunu tutmağa fokuslanın. Böyük olmaq üçün böyüklərə heyran olmaq lazımdır. Onların yazıya, qəhrəmanlara hakim olması, onların səslərini necə göstərməsini özünüzə hopdurun. Sonra isə öz ruhunuzun ardınca gedin. Nə demək istəyirsiniz? Demək istədiyinizi auditoriyaya necə deyə bilərsiniz?

5. "King Richard" filminin ssenari müəllifi Zak Beylin: Hekayəni dramatik etmək üçün qəhrəmanınızın həyatındakı ən təhlükəli anı seçin. Biopik çəkən zaman qəhrəmanın bütün həyatını bir ssenariyə yerləşdirmək çətindir. Həmin şəxsin həyatından ən mühüm dəyişikliyin baş verdiyi, hər şeyi dəyişən şərtlərin olduğu hissəni götürüb dramatikləşdirin və görün bu sizi hara aparıb çıxarır.

6. "Dune" filminin ssenari müəllifləri Deni Vilnöv, Erik Rot və Con Speyts: Bir materialı ekran üçün uyğunlaşdırarkən informasiyanı təqdim etməyin düzgün balansını tapın ki, materialı oxumuş olanlar da onunla tanış olmayanlar qədər filmdən həzz alsınlar.

7. "The Power of the Dog" filminin ssenari müəllifi Ceyn Kempion: Hekayə sizin gözləntilərinizdən yayınmalı, ancaq eyni zamanda həqiqi görünməlidir. Kempion sizi janrın qaydalarını aşmağa dəvət edir. Gözləniləni etməyi dayandırıb ürəyinizin istədiyini edin.

8. "Drive My Car" filminin ssenari müəllifləri Rüsuke Hamaquti və Takamasa Oe: Aktyorlardan xahiş edin onlar üçün yazdığınız ön hekayələri sizin üçün oynasınlar. Çünki bu zaman ön hekayələr sadəcə fikir və ideya olmur, xatirə və təcrübəyə çevrilir. Bu, çox maraqlı texnikadır. Bir neçə vacib səhnəni yazıb aktyorları işə cəlb edin. Qoyun onlar ön hekayələri oynayıb qəhrəmanlarının başına gələnlərdən aldıqları hissləri keçirsinlər və vacib məqamları anlasınlar. Bu sizə də hekayənin hara getdiyini anlamaqda kömək edə bilər.

9. "The Lost Daughter" filminin ssenari müəllifi Meqqi Cillenhol: Tabu sayılan bir şey haqda həqiqəti demək özü-özlüyündə dramatikdir. Qara fikirlərin sadəcə onlara aid olmadığını bilmək auditoriyaya rahatlıq gətirəcək. Hər şeyin öz auditoriyası var. Hər hansı mövzuya müraciət etməkdən qorxmayın. Bu mövzuların hamısı Hollivudda işləyəcəkmi? Yəqin ki, yox. Ancaq film çəkmək və ssenari yazmaq bizi yeni dərinliklərə aparan yaradıcı təcrübələrdir. Ora baş vurun. Görün kimlər sizinlə gəlir.

10. "CODA" filminin ssenari müəllifi Sian Heder: Əlillik kimi bir mövzuda hekayə yazarkən personajları əlilliyi ilə ifadə etməyin, onların içində olan öz şəxsi qüsurlarını tapın. Sizin qəhrəmanlarınız insanların üzdə gördüyü şeylərdən daha çox əlamətlərinə görə tanınmalıdır. Əlil qəhrəmanlarınız varsa, onlara insan kimi yanaşın və dərin qəhrəmanları olan hekayə ortaya qoyun. Daha çox şey öyrənə biləcəyiniz məsləhətçilərə müraciət edin.

XS
SM
MD
LG