Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 08:09

Trampın tarifləri Çin elektrik avtomobillərini Mərkəzi Asiyaya yönəldir


Düşənbənin küçələrində getdikcə daha çox elektrik taksilərinə rast gəlmək olur.
Düşənbənin küçələrində getdikcə daha çox elektrik taksilərinə rast gəlmək olur.

Çin istehsalı elektrikli avtomobillər Tacikistan paytaxtının sıx küçələrində əsas nəqliyyat vasitəsinə çevrilməzdən əvvəl də Tolib Raufov bu avtomobillərin onun kimi taksi sürücüləri üçün üstünlüklər yaradacağını bilirdi. O, üç il əvvəl 30 min dollara Çin istehsalı elektrikli avtomobil aldığını və ötən il onu satdığını deyir. O, 21 min dollara Çin şirkəti BYD-nin istehsalı olan yeni bir model alıb.

Raufov deyir ki, münasib qiymət, güclü yerli satış dəyəri və benzin almağa ehtiyac olmadığından bu qənaət nəticəsində o, taksi sürücüsü kimi həmişəkindən daha yaxşı gəlir əldə edir.

O, AzadlıqRadiosuna deyib: "Çin elektromobili aldıqdan sonra peşman deyiləm. Düşənbədə taksi sürmək mənim üçün heç vaxt bu qədər sərfəli olmayıb".

Onun kimi sürücülər Çin məhsullarını sərfəli olduğu üçün istifadə edərkən Mərkəzi Asiya hökumətləri də vergi güzəştləri, yaşıl infrastrukturun genişləndirilməsi və yerli istehsal üçün yeni zavodlar açmaqla bu prosesə dəstək verir.

AzadlıqRadiosuna danışan analitiklər və yerli avtomobil idxalçıları bildirirlər ki, nəticə yalnız Mərkəzi Asiyanın nəqliyyat mənzərəsinin yenidən qurulması deyil, bu, həm də regionun artıq Çinə daha yaxından inteqrasiya edən iqtisadi və siyasi meyllərinin sürətlənməsidir.

Bu tendensiya Mərkəzi Asiyanı xüsusilə son illərdə Çin elektrikli avtomobil idxalını məhdudlaşdırmaq üçün tariflər tətbiq etmiş ABŞ və Avropa İttifaqı ilə qarşı-qarşıya qoyur. Bu, ABŞ prezidenti Donald Trampın qlobal tarifləri və Pekin ilə ticarət müharibəsinin gərginləşməsi fonunda daha da arta bilər, çünki Çin şirkətləri ABŞ idxalını əvəz etmək və ixracı yenidən istiqamətləndirmək üçün regiona üz tutur.

"Tramp administrasiyasının tarifləri, çox güman, Çinin Mərkəzi Asiyaya elektrikli avtomobil ixracını daha da stimullaşdıracaq və Pekini regionda yerli istehsalı genişləndirməyə sövq edə bilər", - Çin Qlobal Cənub Layihəsinin qeyri-rezident əməkdaşı Yunis Şarifli AzadlıqRadiosuna bildirib. "Bu, daxili tələbatın ödənilməsinə kömək edəcək, reeksport strategiyalarını dəstəkləyəcək və Mərkəzi Asiyanın elektrikli avtomobil bazarında Qərb oyunçuları üçün rəqabət sahəsini azaldacaq".

Çin avtomobilləri Mərkəzi Asiyanı necə zəbt etdi

Çinin Mərkəzi Asiyanın avtomobil bazarında lider mövqeyi uzun illər davam edən strategiya və imkanların nəticəsidir.

Berlində yerləşən Karneqi Rusiya Avrasiya Mərkəzinin əməkdaşı Temur Umarov AzadlıqRadiosuna deyib ki, "Çinin elektrikli avtomobillər və avtomobil sənayesindəki artımının əsas səbəbi Mərkəzi Asiyada tələbatın artmasıdır. İstehlakçılar Çin brendlərinin təklif etdiklərini istəyirlər".

Tacikistan həmçinin Çin istehsalı elektrikli avtomobillərə bir sıra stimullar tətbiq edib, bunlara vergi güzəştləri və istehlakçılar üçün endirimlər, elektrikli avtomobil idxalının 10 il müddətinə vergidən azad olunması və ölkə üzrə elektrik doldurma məntəqələrinin qurulması daxildir.

Düşənbə meri sentyabrda şəhər taksilərinin elektrikli avtomobillərə keçməsi üçün qanun qəbul edib və hökumət 2030-cu ilə qədər ölkədəki avtomobillərin 30 faizinin tam elektriklə işləməsini hədəfləyib.

Düşənbədən AzadlıqRadiosuna danışan avtomobil idxalçısı Rustam deyir ki, Çinlə əlaqələr əvvəlcə 2020-ci ildə COVID-19 pandemiyası, sonra isə 2022-ci ildə Moskvanın Ukrayna ilə genişmiqyaslı müharibəsi səbəbindən dərinləşib.

Rüstəmin sözlərinə görə, o, əvvəllər Avropadan avtomobillər gətirirdi. Lakin COVID-19 pandemiyasına görə təcrid dövründə təchizat zəncirlərinin pozulması və sərt tənzimləmələr ləğv edildikdən sonra Çin şirkətlərinin avtomobillərini daha aşağı qiymətlərlə satması ilə idxal şəbəkələri şərqə yönəlib. O əlavə edir ki, bu dəyişiklik Rusiyaya tətbiq olunan sanksiyalarla daha da dərinləşib.

BYD elektrik avtomobilləri Çin limanında ixrac üçün yüklənməni gözləyir.
BYD elektrik avtomobilləri Çin limanında ixrac üçün yüklənməni gözləyir.

"İldırımsürətli inkişaf"

Mərkəzi Asiya Çin elektrik avtomobili brendləri üçün həm bazar, həm də istehsal mərkəzinə çevrilib.

Mərkəzi Asiyanın ən təcrid olunmuş ölkəsi Türkmənistan da Çinin elektrikli avtomobillərini idxal etməyə başlayıb, amma bunu qonşularına nisbətən daha yavaş sürətlə edir. Yaşıl texnologiyaların tətbiqi strategiyasının bir hissəsi olaraq, Türkmənistan hökuməti "JAC Motors"un elektrik avtomobillərini idxal edib və bunlardan elektrikli şəhər taksiləri proqramı çərçivəsində istifadə edir.

2024-cü ildə dünya üzrə elektrikli avtomobillərin satış həcmi 11 milyon ədədə çataraq rekord vurub. Eyni ildə Qazaxıstanda Çinin elektrik avtomobillərinin satışı 36 dəfə artıb.

Astana həm də Çin istehsalı ilə öz elektrikli avtomobil sənayesini inkişaf etdirməyə çalışır. Qazaxıstan hökuməti 2029-cu ilə qədər daha çox elektrik doldurma məntəqəsi qurmaq və enerji şəbəkələrini yaxşılaşdırmaq üçün yol xəritəsi qəbul edib.

Çin istehsalı ənənəvi avtomobillər də Qazaxıstanda satışa çıxarılır. Çinin "Chery", "Haval", "Tank" və "Changan" avtomobil istehsalçılarının modellərini yığmaq üçün yerli zavod bu il istifadəyə veriləcək.

test-drive.kz onlayn avtomobil jurnalının baş redaktoru Oksana Çernonojkina deyir ki, Çin avtomobil brendləri Qazaxıstan bazarını sürətlə ələ keçiriblər, onlar qısa müddətdə Avropa, ABŞ və digər Asiya ölkələrindən olan rəqiblərini geridə qoyublar.

"Bu, ildırım sürəti ilə inkişaf etdi. Onlar öz brendləri üçün ən yaxşı dizaynerləri və mühəndisləri cəlb etdilər və bu, öz bəhrəsini verir", - Çernonojkina AzadlıqRadiosuna bildirib.

Qazaxıstanın "Za rulyom" avtomobil sənayesi jurnalının baş redaktoru Aleksey Alekseyev deyir ki, hazırda Çin şirkətləri Qazaxıstanda ən çox satılan beş brendi təşkil edir, Koreya və Yapon avtomobilləri də ilk yerləri tutur.

"Pandemiya dövründən bəri görürük ki, Avropa brendləri bazar payının çoxunu itirib. Çin şirkətləri yaxşı qiymətlər, ən son texnologiya təklif edir və, ən əsası, beş-yeddi il arasında zəmanət təqdim edirlər. Əksər Avropa brendləri isə yalnız üç il zəmanət verir", - Alekseyev AzadlıqRadiosuna bildirib.

Özbəkistanda prezident Şavkat Mirziyoyev 2024-cü ildə BYD zavodunun açılışında iştirak edib. Bu zavod artıq 1200 iş yeri yaradıb və illik istehsalı 50 mindən 500 minə qədər artırmağı hədəfləyir. Çinin "Xiaou Group" şirkəti isə ölkədə başqa bir elektrikli avtomobil zavodu inşa edir, bu layihə 1.5 milyard dollarlıq investisiyanın bir hissəsidir.

Daşkənd Çinin "Henan Suda" şirkəti ilə 2033-cü ilə qədər 50 min elektrik doldurma məntəqəsi yaratmaq üçün müqavilə imzalayıb.

Özbəkistanın gömrük statistikasına görə, 2024-cü ildə ölkədə ilk dəfə olaraq elektrikli və hibrid avtomobillərin idxalı benzinlə işləyən avtomobillərin idxalından daha çox olub.

Ölkədə elektrikli avtomobillərə keçid istifadəçilər üçün iqtisadi faydalar da gətirir. Daşkənddən olan 53 yaşlı Kaxramon adlı şəxs elektrikli avtomobil istifadəçisidir və o deyir ki, qənaətləri getdikcə artır. O, artıq yağ dəyişdirməyə pul ödəmir və aylıq yanacaq xərcləri 300 dollardan 10 dollara düşüb.

"Bu avtomobil uzun məsafələr üçün nəzərdə tutulmayıb və şarj etmə vaxtı da tez deyil. Amma şəhərdaxili hərəkət üçün ideal seçimdir", - o, AzadlıqRadiosuna deyir.

Çinin "Jiangling Group Electric Vehicle" zavodunda elektrikli avtomobil istehsalı xətti.
Çinin "Jiangling Group Electric Vehicle" zavodunda elektrikli avtomobil istehsalı xətti.

Təkrar ixracdan daxili artıma

Qırğızıstan isə Mərkəzi Asiya ölkələri arasında Çin avtomobillərinin Rusiyaya aparıcı təkrar-ixracatçısına çevrilib.

2023-cü ildə Qırğızıstan 651 milyon dollar dəyərində Çin hibrid avtomobilləri idxal edib. 2024-cü ildə ölkəyə dəyəri 219.8 milyon dollar olan 7541 elektrikli avtomobili gətirilib. Lakin idxalın bu artımı təkcə daxili bazara aid deyil.

Ukraynanın işğalından sonra Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyaları Qərb və yapon avtomobillərinin Rusiyaya idxalını ciddi şəkildə azaldıb. Çin istehsalı olan avtomobillərin qırğızıstanlı sahibkarlar vasitəsilə Rusiyaya ixracı sayəsində boşluq qismən doldurulub.

Qırğızıstanda avtomobillər haqqında məşhur bloqu idarə edən avtomobil idxalçısı Daniyar Salyakayev deyir ki, qırğız iş adamları Rusiyanın tələbindən və Qırğızıstanın liberal gömrük prosedurlarından istifadə edərək Çindən Rusiyaya avtomobil satıblar.

"Sanksiyalar bir fürsət oldu və yerli sahibkarlar həm Rusiya, həm də Çinlə olan əlaqələri və ölkəmizin coğrafiyası sayəsində bu fürsəti tez dəyərləndirdilər", – o, AzadlıqRadiosuna bildirib.

Son üç ildə Qırğızıstana rəsmi olaraq Çindən 150 minə yaxın avtomobil gətirilib və yalnız 1/10-i biri Rusiyaya reeksport olunub, lakin bu rəqəmin daha çox olduğu güman edilir.

Bəzi Çin şirkətləri Qırğızıstana da investisiya qoyur, 2024-cü ildə Bişkek yaxınlığında 115 milyon dollar dəyərində elektrikli avtomobil və yük maşınları zavodunun tikintisinə başlanıb.

Azərbaycanda Çin istehsalı elektrikli avtomobillər

Pekin Mərkəzi Asiyadakı uğurunu Qafqazda da təkrarlamağa çalışır. eurasianet.org saytının məlumatına görə, ötən il Azərbaycan Çindən 15 min 471 hibrid və elektrikli avtomobil idxal edib, bunların ümumi dəyəri 396 milyon dollar olub. Bu, 2023-cü ildə gətirilən 4 min 636 avtomobil (ümumi dəyəri 154 milyon dollar) ilə müqayisədə böyük artımdır. Elektrikli nəqliyyat vasitələrinin idxalının artması yalnız minik avtomobilləri ilə məhdudlaşmır, Bakı "Yutong" və BYD kimi Çin istehsalı elektrikli avtobuslar da idxal edib.

Yazı AzadlıqRadiosunun Mərkəzi Asiya xidmətinin redaktoru Bolot Kolbayev, radionun rəqəmsal redaktoru Baqdat Kamaşev və " Azattyq Asia" xidmətinin müxbiri Nargiz Xambrabayeva tərəfindən hazırlanıb.

XS
SM
MD
LG