Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:50

Mərkəzi Bankın 2026-cı il hədəfləri nə qədər realdır?


Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycanın Mərkəzi Bankı "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nı yayımlayıb. Adıçəkilən strategiya sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişafını, eləcə də bank sektorunun dayanıqlılığının artırılmasını hədəfləyir. Başqa deyimlə, Mərkəzi Bank 2026-cı ilədək çatmaq istədiyi hədəfləri bu sənəddə müəyyənləşdirib. Sual doğur: Müəyyənləşdirilən hədəflər nə qədər gerçəkdir?

Sığorta haqları artırılacaq?

Maliyyə sektorunun inkişaf strategiyasında sığorta sahəsi ilə bağlı bildirilir ki, 2026-cı ildə Azərbaycanda hesablanmış sığortahaqqının adambaşına düşən minimum məbləği 195 manat olacaq. Bu göstərici hazırda 121 manatdır. Deməli, strategiya çərçivəsində görüləcək işlərdən sonra Mərkəzi Bank bir nəfərə düşən ödəniləcək sığortahaqqını indiki ilə müqayisədə 60 faizdən çox artıracaq.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 1 milyard 222 milyon manat sığortahaqqı toplanıb. Mərkəzi Bankın 2026-cı ildəki hədəfinə çatması üçün bu rəqəm təxminən 2 milyard manat olmalıdır. Başqa sözlə, əhalidən toplanan sığorta haqlarının məbləği təxminən 60 faiz və ya 750 milyon manata yaxın artmalıdır. Mərkəzi Bankın mövzu ilə bağlı açıqlamasında qeyd edilir ki, bu hədəfə nail olmaq üçün həyat sığortası yığımlarının indiki 124 milyon manatdan 280 milyon manata, üstəlik, könüllü sığorta üzrə yığımların 350 milyon manatdan 630 milyon manata çatdırılması nəzərdə tutulub. Bu rəqəmlərdən bəlli olur ki, Mərkəzi Bank gərəkli 750 milyon manat artımın 436 milyon manatını könüllü sığorta haqları hesabına təmin edəcək. Deməli, Mərkəzi Bank öz açıqlamasında bu məqama toxunmasa da, hədəfə çatmaqdan ötrü ölkədə icbari sığorta haqlarının yığımı da artmalıdır. Bu isə o deməkdir ki, qarşıdakı iki il ərzində Azərbaycanda icbari sığorta haqları üzrə tariflərin də bahalaşma ehtimalı yüksəkdir.

Mərkəzi Bankda kadr dəyişikliyi nədən xəbər verir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Fərdi investisiyalar altı dəfədən çox artacaq?

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" adlı sənəddə fərdi investisiyalarla da bağlı hədəflər açıqlanıb. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, hazırda Azərbaycanda fərdi investorların kapital bazarlarına yatırdığı investisiyaların həcmi 150 milyon manatdır. 2026-cı ilədək bu rəqəmin 1 milyard manata çatması, yəni altı dəfədən çox artması hədəflənir. Mərkəzi Bankın bu hədəfi gerçəkləşdirməsi üçün ölkədə özəlliklə şəffaflıq və hesabatlılıq sahəsində ciddi addımlar atılmalıdır. Ölkədəki mövcud iqtisadi münasibətlərə görə bir çox şirkət öz real biznes göstəricilərini gizlətməyə və ya azaltmağa çalışır. Belə bir ortamda hazırda ölkədəki qiymətli kağızlar bazarında əsas oyunçu dövlətdir, axı fərdi investorlardan maliyyə göstəricilərinə əmin olmadıqları şirkətlərə yatırım etməyi gözləmək olmaz.

Fərdi investorların iki il ərzində kapital bazarına 850 milyon manat investisiya yatırmasını çətinləşdirəcək amillərdən biri də ölkədə böyük sərvət bərabərsizliyidir, axı indi ölkədə gəlirləri həm də investisiyaya yetəcək insan sayı çox deyil. Bu baxımdan, fərdi investisiyaların həcmindəki artıma nail olmaq baxımından Mərkəzi Bank sadəcə məhdud sayda əhali qrupunun fəaliyyətinə ümid bəsləyə bilər. Həmin şəxslərin də böyük məbləğdə vəsaiti Azərbaycan bazarına yatırması üçün vacib amil ölkə iqtisadiyyatına güvənin artırılmasıdır. Bundan ötrü isə rəqabətli biznes ortamının yaradılması, qanunun aliliyinin artırılması şərtdir.

Əhalinin banklara borcu 1 milyard manat artıb – 'Faizlər çox yüksəkdir'
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Biznes kreditləri və nağdsız ödənişlər

Sözügedən sənəddə biznes kreditləşməsi və nağdsız ödənişlərin həcmi ilə də bağlı hədəflər yer alır. Bildirilir ki, 2026-cı ildə ölkədə biznes kreditləri portfeli həcminin indiki 12.4 milyard manatdan 16.5 milyard manata yüksəldilməsi nəzərdə tutulub. Maraqlıdır ki, bu qədər – 4.1 milyard manat artım üçün Mərkəzi Bankdan heç də əlavə fəaliyyət tələb edilmir, çünki son biznes kreditlərində baş verən artım trendi elə bu hədəfə çatmağa yetərlidir. Ötən il ərzində Azərbaycanda biznes kreditlərinin həcmi 1.8 milyard manat artaraq 10.8 milyard manatdan 12.6 milyard manata yüksəlib. Bu trend qorunacağı təqdirdə hətta Mərkəzi Bankın hədəflədiyi göstəricidən də yüksək nəticə qeydə alına bilər. Ancaq Mərkəzi Bankın hədəflədiyi göstəricinin nisbətən aşağı olması hökumətin qarşıdakı illərdə biznes kreditləri portfelində azalma gözlədiyini və ya proqnozlaşdırmanın doğru aparılmadığını göstərir.

Mərkəzi Bankın hazırladığı strategiyada o da bildirilir ki, hazırda Azərbaycanda əhalinin bir nəfərinə düşən nağdsız ödənişlərin həcmi 93 manatdır və bu məbləğin 200 manata yüksəldilməsi hədəflənir. 2020-ci ildən bəri Azərbaycanda nağdsız ödəniş həcminin hər il iki dəfədən çox artdığı gözə çarpır. Bu baxımdan, indiki trend qalacaqsa, Mərkəzi Bankın hədəflədiyi göstəricilərə çatmaq çətin olmayacaq.

Amma nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın nağdsız ödəniş kimi nəzərə aldığı ödənişlərin heç də hamısı mahiyyətcə nağdsız ödəniş deyil. Axı Mərkəzi Bankın hesabatlarında müştərilərin bir-birinin kartına köçürdükləri vəsait də nağdsız ödəniş kimi nəzərə alınır və bu amil nağdsız ödənişləri həcmcə daha çox artırır. Sırf POS-terminallar vasitəsi ilə ödənişlərin həcminə baxınca, artımın daha az olduğu üzə çıxır. Məsələn, ötən il Azərbaycanda POS-terminallar vasitəsi ilə gerçəkləşdirilən nağdsız ödənişlərin həcmi 21 faiz artıb. Eyni dövrdə elektron ticarətdəki artımsa iki dəfədən çoxdur. İki göstərici arasında bu qədər kəskin fərqin olması Azərbaycanda real nağdsız ödəniş dövriyyəsinin iki dəfədən çox artması ilə bağlı rəqəmin həqiqəti tam əks etdirmədiyini göstərir.

Əliyevlərin bankları devalvasiya hesabına necə varlandı?
Gözlə

No media source currently available

0:00 0:08:33 0:00

Nə qədər adamın bank xidmətlərinə çıxışı yoxdur?

Mərkəzi Bankın açıqlamasına görə, hazırda Azərbaycanda yetkin əhalinin 68 faizi bank xidmətləri ilə əhatə olunub. Azərbaycanda yetkin əhali sayının 7.6 milyon nəfər olduğu nəzərə alınsa, bu o deməkdir ki, ölkədə 18 yaşı aşanların təxminən 2.4 milyon nəfəri bank xidmətlərindən yararlanmır. Bu qədər çox sayda insanın bank xidmətləri ilə əhatə olunmaması maliyyə sektorunun insanların güvənini tam qazanmamasının və ölkədə elektron ödəniş infrastrukturunun yetərsiz inkişafının göstəricisi sayıla bilər. Mərkəzi Bank 2026-cı ilədək bank xidmətləri ilə əhatə olunanların yetkin əhali arasındakı payının 86 faizə çatmasını hədəfləyir.

Müstəqil ekspertlərin fikrincə, indi Azərbaycanın maliyyə sektoru üçün ən böyük problemlərdən biri yüksək təmərküzləşmədir. Axı həm bank, həm də sığorta sektorunda mənfəətin yarısına yaxını prezidentin ailə üzvlərinə məxsus şirkətlərə çatır. Bu haqsız rəqabət digər şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir. Mərkəzi Bank öz strategiyasının sektorun dayanıqlılığını artırmağa yönəldiyini açıqlasa da, burada yüksək təmərküzləşmə məqamlarına toxunmur.

XS
SM
MD
LG