Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:23

Microsoft İrana bağlı haker qrupunun ABŞ-ı hədəflədiyini iddia edib


Microsoft bildirib ki, İran hökumətinə bağlı olduğu iddia edilən haker qrupu ABŞ prezident kampaniyalarından birini hədəfləyib.

ABŞ-da mənzillənmiş yüksək texnologiya şirkəti oktyabrın 4-də bildirib ki, hədəflənənlərin arasında ABŞ rəsmiləri, media qurumları və tanınmış iranlı mühacirlər də olub.

İran tərəfi Microsoft-un bu bəyanatına hələlik reaksiya verməyib.

Bundan əvvəl ABŞ kəşfiyyat rəsmiləri xəbərdarlıq etmişdilər ki, xarici hökumətlər 2020-ci il ABŞ prezident seçkisinə müdaxilə üçün yollar axtarır.

Microsoft bu iddialarını Tehran və Vaşinqton arasında münasibətlərin son dərəcə gərgin olduğu bir vaxtda səsləndirib.

Şirkətin vise-prezidenti Tom Burt yazdığı bloqda bildirir ki, haker qrupu 241 hesaba hücum cəhdindən sonra 4 hesabı sındıra bilib.

Lakin Burt əlavə edib ki, müdaxilə olunmuş 4 hesabdan heç biri prezident kampaniyaları və ya indiki, yaxud keçmiş ABŞ rəsmilərinə bağlı deyil.

Microsoft Phosphorous adlandırdığı haker qrupunun bu hücumları avqust-sentyabr aylarında 30 gün ərzində etdiyini deyib.

Burt yazır ki, İran hakerləri parolları açmaq üçün “parolu dəyiş” və “hesabı bərpa et” proqramlarından istifadə ediblər.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, “haker hücumlarının təsirinin qiymətləndirilməsi və aradan qaldırılması” məqsədilə Microsoft şirkəti ilə birgə iş aparılır.

Nazirliyin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin başçısı Chris Krebs deyib ki, prezident kampaniyasının hədəflənməsi “düşmənlərimizin bizim demokratik təsisatlarımızı pozmaq cəhdlərinə dair xəbərdarlıqların ciddi olduğunu göstərib”.

ABŞ-ın Microsoft, Facebook və Twitter də daxil yüksək texnologiya şirkətlərinə gələn ilin prezident seçkisindən əvvəl təhlükəsizliyi gücləndirmək tövsiyəsi verilib.

İyul ayında Microsoft bildirmişdi ki, ötən il 10 minədək istifadəçinin hesablarına “dövlətlər tərəfindən sponsorlaşdırılan hücumlar olub”.

Bu hücumların əksəriyyətinin İran, Şimali Koreya və Rusiyadan qaynaqlandığı məlumdur.

XS
SM
MD
LG