Demokratik Qüvvələrin Milli Şurası təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməsini və ölkədə minimum da olsa, seçki mühiti yaradılmasını tələb edir.
Bu haqda qurumun dekabrın 1-də yaydığı bəyanatda deyilir.
“Milli Şuranın 2015 və 2018-ci il seçkilərində iştirak etməməsinin səbəbi məhz ölkədə minimal seçki mühitinin olmaması idi. İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun”, - bəyanatda bildirilir.
Bundan başqa...
Milli Şura seçki komissiyalarının yenidən formalaşmasını, namizədlərin qeydiyyatına yaradılan süni əngəllərin aradan qaldırılmasını, bərabər təbliğat imkanlarının, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanlarının bərpa edilməsini də vacib sayır.
Bundan başqa, deyilir ki, seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanları təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməli, seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalı, siyasi məhbus sayılan şəxslər azad edilməlidir.
Əks halda...
Milli Şura hesab edir ki, sadaladığı tədbirlər gerçəkləşdirilmədən “yeni seçki keçirməyin heç bir mənası olmayacaq”. Əks halda qurum seçkilərdə iştirak etməyəcəyini bəyan edir.
Noyabrın 29-da hakim Yeni Azərbaycan partiyası parlamentdəki deputat üzvlərinə Milli Məclisin buraxılması ilə bağlı prezidentə müraciət etməyi tövsiyə edib. Parlament dekabrın 2-də bu məsələyə baxmalıdır.
Son illər
Azərbaycanda son illər əksər müxalif partiyalar paralment və prezident seçkilərini boykot ediblər. Onlar bunu ölkədə azad, şəffaf seçkilərin keçirilməsi üçün normal şərtlərin olmaması ilə izah ediblər. Beynəlxalq qurumlar da seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki komissiyalarının yenidən formalaşdırılması, namizədlərə bərabər şəraitin yaradılması kimi tələblərlə çıxış ediblər. Rəsmi Bakı hər dəfə bu tənqidlərin əsası olmadığını bəyan edir.