Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:17

3 min dollara kirayə film


Sinema
Sinema

Bilet satışı ilə məşğul olan Ticketmaster şirkətinin keçmiş rəhbəri Fred Rosen deyir ki, adi bir kəməri Walmart-dan 4 dollara, Gucci-dən 1500 dollara almaq olar: «Ağlıma gətirə bildiyim hər bir məhsulun lüks versiyası var. Kinonun niyə olmasın?».

Texnologiya milyarderlərinə, Uoll-strit nəhənglərinə, peşəkar idmançılara, rusiyalı oliqarxlara, ultrazəngin adamlara çox yüksək qiymətə lüks kino xidmətləri təklif etmək. Filmlər ekranlara çıxar-çıxmaz onlara evdə baxmaq imkanı yaratmaq. Bir növ, əhalinin 1%-i üçün Netflix xidməti.

Bu ideya ildən-ilə daha çox işadamının diqqətini cəlb edir. 2013-cü ildə Best Buy şirkəti 35 min dollarlıq quraşdırma işlərindən əlavə hər filmə 500 dollar qiymət qoymaqla belə bir xidmət təklif edirdi. Ancaq bu ideya uğursuzluğa düçar oldu. Kinoteatr şəbəkələrini qəzəbləndirməkdən qorxan film studiyaları bu işə qol qoymaqdan imtina edirlər.

Ancaq, deyəsən, 75 yaşlı Rosen və Hollivudun ən öndə gedən film distribütorluğu eksperti Dan Fellman bu işi hərəkətə gətirməyin yolunu tapıblar. «The New York Times» yazır ki, onlar sakitcə Red Carpet Home Cinema adlı şirkət yaradıblar. Şirkət filmləri 1500 – 3000 dollara kirayə verir. Red Carpet-in Warner Bros., Paramount, Lionsgate, Annapurna və Disney-ə məxsus 20th Century Fox və Fox Searchlight şirkətləri ilə kontraktları var. Söhbət «Aquaman» və «A Star Is Born» kimi blokbasterlər də daxil olmaqla, ildə 40 filmdən gedir.

Bu tərəfdaşlıq Rosen və Fellman-ın on illər ərzində əyləncə sənayesində qura bildikləri əlaqələrin nəticəsidir. Əksər studiyalar onları, Silikon Vadisi şirkətlərindən fərqli olaraq, oyunpozan kimi görmürlər.

«İstehlakçılar nəzarət istəyir»

Red Carpet-in yaranması kino sənayesinin ciddi dəyişikliklər yaşadığı dövrə təsadüf edir. Baş verən yeniliklərin ən azı yarısı Netflix-in filmlərin ekranlara çıxma qaydasını dəyişməyə çalışması ilə bağlıdır. Kinoteatr şəbəkələri, bir qayda olaraq, hər filmi ekrana çıxarmaq üçün üç aylıq eksklüzivlik haqqı tələb edirlər.

Netflix bu praktikanı pozmağa başlayıb. O, «Roma» və «Bird Box» kimi filmlərin nümayişi üçün kinoteatrlara cəmi üç həftə və hətta daha az eksklüzivlik pəncərəsi tanıyıb.

«Əyləncə sənayesi iqtisadiyyatı» (Entertainment Industry Economics) dərsliyinin müəllifi Harold L.Vogel deyir ki, əksər studiyalar artıq filmlərin distribütorluğunda daha böyük dəyişikliklərin baş verəcəyini qəbul ediblər.

«İstehlakçılar daha çox nəzarətə sahib olmaq istəyirlər», - Vogel deyir.

Bununla yanaşı, studiyalar hələ də öz mövqelərini qorumaqda israrlıdırlar. Red Carpet-lə müqavilə bağlayan kino şirkətlərinin heç biri razılaşmanın şərtlərini açıq bölüşmək istəmir. Universal, Sony Pictures və Disney-in digər markaları Red Carpet-lə razılaşmaq ərəfəsindədir. Onlar da mətbuata açıqlama verməkdən imtina ediblər.

«Bizim daha çox studiya tərəfdaşı qazanacağımıza inanıram. …Mən distribusiya üçün çox yaşlıyam. Ancaq bir studiya bizdən ildə 25 milyondan 50 milyon dollaradək qazanc götürəcəksə, bu, küçədən tapılmış pul kimidir», – Rosen deyir.

Kredit kartında azı 50 min dollar olmalıdır

Kinoteatr şəbəkələrinə gəlincə, onlar Red Carpet-lə bağlı gözləmə mövqeyi tutmuş kimi görünürlər.

1982-ci ildə Ticketmasterin rəhbəri olmuş Rosen onun güclü şirkətə çevrilməsində müstəsna rol oynayıb. Onlar studiya karyerasına 1964-cü ildə başlamış Fellman-la birlikdə Los Ancelesin Hillcrest klubunda qolf oynaya-oynaya bu Red Carpet-in detallarını müzakirə ediblər.

Red Carpet-ə müraciət prosesi kifayət qədər sərtdir. Müraciət edənlərin kredit kartında ən azı 50 min dollar olmalıdır. Müştərilər ev kinoteatrı sisteminə qoşulan 15 min dollarlıq boksu almalıdırlar. Eyni zamanda, piratlıqdan müdafiə funksiyasını yerinə yetirən bu cihazı texnik quraşdırır.

Kirayələmə qiymətlərini iştirakçı studiyalar müəyyənləşdirir. «Shazam!» kimi blokbaster filmlərinin qiyməti daha yüksək, «The Shape of Water» kimi dramların qiyməti isə daha aşağıdır. Hər bir kirayə olunmuş filmə 36 saat ərzində iki dəfə baxmaq olar.

Red Carpet-in xidmətlərindən istifadə edə biləcək adamların sayı düşündüyünüzdən çoxdur. 2017-ci ildə 46 minədək amerikalının illik gəliri 2 milyon dollardan artıq olub. Ancaq Rosen və Fellman bu rəqəmin onları maraqlandırmadığını deyirlər.

«Biz heç 10 min adam da axtarmırıq», – Rosen deyir. Fellman-ın hesablamalarına görə, müştəri sayı 4 mindən az olsa belə, Red Carpet-in illik gəliri 300 milyon dollar ola bilər.

XS
SM
MD
LG