Amerika Birləşmiş Ştatlarının MLI İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, ANAMA-nın uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyuluna qədər Azərbaycana 30 baş minaaxataran it (MAİ) təhvil verməsi planlaşdırılır.
Bildirilir ki, 10 xüsusi təlim keçmiş it artıq avqustun 23-də təmənnasız olaraq Azərbaycana çatdırılıb :
"Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilə imzalanacağı gözlənilir. İmzalanma mərasiminin Bakıda 26 avqust tarixində keçiriləcəyi nəzərdə tutulur. Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə, MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır."
2005-ci ildən bəri
ANAMA ilə MLI arasında əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. İndiyədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu Azərbaycanın minatəmizləmə proqramına 36 minaaxtaran və 4 partlayıcı axtaran it hədiyyə edib.
Mina qurbanları…
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, təkcə ötən il 10 noyabr sazişindən sonra ölkənin 25 civarında vətəndaşı minaya düşərək həlak olublar, 100-dən çoxu isə müxtəlif xəsarət alıb.
Onlar son vaxtlara qədər habelə qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma son aylar Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzində Ağdam, Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələrinin alındığı deyilir.
Amma bu günlər də Azərbaycan prezidenti deyib ki, həmin xəritələrin yalnız 25 faizi həqiqəti əks etdirir.
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.