Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 9.6 faiz artıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlər 354.2 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bəzi vətəndaşlar Azərbaycanda mobil şəbəkə xidmətinin baha və bu sahədə monopoliya olduğunu bildirirlər.
Azərbaycanda uzun illərdir cəmi üç mobil operator fəaliyyət göstərir. Onlarda şəbəkədaxili zənglərin 1 dəqiqəsi, əsasən, 4 qəpikdir. Bəzisində tarif paketindən asılı olaraq bu, 8 qəpiyə qədər də çıxır. Şəbəkəxarici zənglərin də 1 dəqiqəsi 6-12 qəpik arasında dəyişir. Beynəlxalq zənglərin qiyməti isə eyni - 32 qəpikdir.
Mobil operatorların özlərindən tariflərin baha olması ilə bağlı şikayətlərə konkret münasibət öyrənmək mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, xidmətlərini yüksək, tarifləri isə sərfəli sayırlar.
"Operatorların sayı nə qədər az olarsa, rəqabət…"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a bildirib ki, operatorların sayı nə qədər az olarsa, rəqabət o qədər məhdudlaşır.
Deputat vurğulayıb ki, hazırda "Kosmik fəaliyyəti haqqında" yeni qanun hazırlanır: "Ümumiyyətlə, mobil şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunur".
A.Hüseynov hesab edir ki, normativ-hüquqi aktların təkmilləşməsi və mobil operatorların sayını artırmaqla təklif-tələb prinsipi əsasında qiymətlərin əlçatan olması mümkündür.
"Gürcüstanda bizdən çox mobil operatorlar fəaliyyət göstərir"
İqtisadçı Natiq Cəfərli isə mövzu ilə bağlı AzadlıqRadiosuna bunları bildirib: "Biz üç mobil operatorun bazarda eyni qaydalarla fəaliyyət göstərməsinin şahidi oluruq. Aşağı-yuxarı eyni təkliflər, eyni tariflər, eyni yanaşma. Sadəcə hansısa şəbəkənin regionlarda daha yaxşı çəkməsi bir az rəqabətə yol açan məqam olur".
İqtisadçının sözlərinə görə, bu məsələlər qanunda nəzərdə tutulan qaydada tənzimlənsəydi, qiymətlər də tənzimlənərdi: "Qanunda nəzərdə tutulub ki, hansısa şirkət bazarın 1/3 hissəsindən yuxarı paya malikdirsə, dövlət orqanlarının buna müdaxilə etmək, tariflərin tənzimlənməsində iştirak hüququ var... Yaxud da bazarı açmalıdırlar. Həm yerli, həm xarici operatorların bazara daxil olmasına şərait yaratsaydılar, rəqabətli mühit özü qiymətlərin tənzimlənməsində rol oynaya biləcəkdi".
N.Cəfərli vurğulayıb ki, Azərbaycanda abonentlərin sayı artırsa, mobil operatorların gəlirləri də artır: "Əhalisi bizdən iki dəfə az olan Gürcüstanda bizdən çox mobil operator fəaliyyət göstərir və insanların seçim imkanları var. Seçim imkanları olduğu məqamda da mobil operatorlar məcburdurlar rabitə xidmətlərinin qiymətlərində endirim etsinlər".