Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12

Qadın müəllimlər sələmlə pul paylayırlar?


Foto illustrasiya
Foto illustrasiya

Bakı Ağır Cinayətlər Məhkəməsində Solmaz Sədiyeva adlı qadın hakim önünə çıxarılıb. O, bir neçə müəllimənin şikayəti əsasında həbs olunub. Şikayətçi müəllimələr iddia edirlər ki, bu qadın onlardan yaxınlarını işə düzəltmək adı ilə pul alıb. Amma nə iş düzəlib, nə də pul geri qaytarılıb.

İndi Solmaz Sədiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə hakim önünə çıxarılıb. Sözügedən müəllimələr də iş üzrə zərərçəkən kimi tanınıblar.

Müəllimələrin iddiasını qəbul etməyən Solmaz Sədiyeva deyir ki, ona pulu işə düzəltməkdən ötrü yox, sələmə veriblər. Solmaz Sədiyevanın sözlərinə görə, aldığı pul üçün aylıq faiz ödəyib. Sonradan maddi durumu pisləşib, ödəmək imkanı olmayıb, amma aldığı pulu qaytarmaqdan heç vaxt imtina etməyib.

AFFA-nın inspektoru: “Faizə pul götürülməsində vasitəçi olmuşam”

AFFA-nın loqosu
AFFA-nın loqosu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inspektoru Aytəkin Talıbova da müəllimələrin sələmə pul verdiyini təsdiqləyib. Sədiyevanın məhkəməsində şahid kimi dindirilən AFFA inspektoru deyir ki, hətta özü də müəllimələrin birindən faizlə pul alınmasında vasitəçilik edib.

“Məndə iki pensiya kartı vardı. Onları İradə Əhmədovanın yanına qoyub, ondan Solmaz üçün faizə pul götürdük. O kartların birindən ayda 127 manat, o birindən140 manat pul çıxarmaq olurdu. Hər iki kart İradə müəllimədə idi. O, 8-9 ay ərzində iki kartdan pul çıxarılıb. O kartların məxsus olduğu banklara sorğu göndərilsə, müəyyənləşdirilər ki, pulları kartdan İradə Əhmədova çıxarıb. Solmazın İradə müəlliməyə faiz ödədiyini dəqiq bilirəm. Hətta bir dəfə mənə 200 dollar verib dedi ki, faizpuludur, İradə Əhmədovaya çatmalıdır”, - şahid məhkəmədə belə deyib.

Aytəkin Talıbova Solmaz Sədiyevanın başqalarından da sələmlə pul götürdüyünü, bəzən hər günə görə faiz ödədiyini söyləyir:

“Elə adam vardı ki, Solmaz hər gün üçün ona 20 manat verirdi”.

Müəllimələr hakimlərdən narazıdırlar

Ramella Allahverdiyeva
Ramella Allahverdiyeva

Zərərçəkən müəllimələr məhkəmənin gedişindən narazıdırlar. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Tamilla Nəsrullayevanın sədrliyi ilə, Novruz Kərimov və Ramella Allahverdiyevadan ibarət hakimlər kollegiyası baxır. Zərərçəkənlər bu hakimlərin işə baxmasına etiraz edirlər. Özəlliklə Tamilla Nəsrullayevadan narazıdırlar. Onlar sonuncu məhkəmədə vəkilləri vasitəsilə hakimlərə yazılı etiraz veriblər. Vəkil etiraz məktubunu elan edəndə məlum olub ki, zərərçəkənlər hakimlərin qərəzli olduğunu, işə ədalətli yanaşmadıqlarını düşünür və iddia edirlər ki, məhkəməyə sədrlik edən hakim Tamilla Nəsrullayeva təqsirləndirilən Solmaz Sədiyevanın böyük bacısı Tamilla Əliyeva ilə rəfiqə olub. Əllərindəki əsas da budur ki, onların hər ikisi Zabrat qəsəbəsində yaşayıblar. Müəllimələrin fikrincə, hakim bu tanışlığa görə işə ədalətli yanaşmır.

Zərərçəkən müəllimələri narazı salan başqa bir məqam məhkəmə iclaslarının keçirildiyi vaxtdır. Etiraz məktubunda yazıblar ki, məhkəmə iclasları günün birinci yarısında keçirilir, ona görə iştirak edə bilmirlər.

“Məhkəmədən iclasların günün ikinci yarısına salınmasını istəsək də, bu, təmin edilmədi”, - hakimlərə etiraz məktubunda belə yazılıb.

Zərərçəkmişlər bu məktubun surətini Bakı Ağır Cinayətlər Məhkəməsinin və Ali Məhkəmənin sədrlərinə də göndəriblər. Bu haqda vəkilləri məlumat verib.

Hakim Tamilla Nəsrullayeva zərərçəkmişlərin qərəzli yanaşma barədə iddialarının əsassız olduğunu deyir:

Hakim Tamila Nəsrullayeva
Hakim Tamila Nəsrullayeva

“Zərərçəkmişlər yazırlar ki, biz məhkəməni onlar istəyən vaxta salmırıq. Əvvəla, bu iş üzrə məhkəmə iclaslarını günün ikinci yarısına təyin etdiyimiz hallar da olub. Nəzərə almaq lazımdır ki, bura məhkəmədir, hər bir hakimin də icraatında olan işlərə baxmaq üçün öz vaxtı var. Biz bütün halları nəzərə alıb iclasların vaxtını təyin edirik. Zərərçəkənlər də gəlib məhkəmədə iştirak etməlidirlər.

Təqsirləndirilən Solmaz Sədiyevanın böyük bacısı ilə rəfiqə olmağım haqda yazılanlara gəlincə, mən, ümumiyyətlə, Tamilla Əliyeva adlı şəxsi tanımıram. Doğrudur, mən Zabrat qəsəbəsində yaşamışam. Amma bu o demək deyil ki, mən həmin qəsəbədə yaşayanların hamısını tanımalıyam. Ən əsası, mən 1985-ci ildən Zabratda yaşamıram. O vaxtdan köçüb, şəhərdə yaşamışam. Tamilla Əliyeva adlı xanımı nə görmüşəm, nə də tanıyıram”.

Təqsirləndirilən Solmaz Sədiyeva da əlavə edib ki, böyük bacısı Tamilla Əliyeva 2012-ci ildən ölkədə yoxdur, İtaliyada yaşayır.

Martın 14-də keçiriləcək növbəti məhkəmədə zərərçəkənlərin də iştirakı gözlənilir. O vaxtadək onların hakimlərə etirazı məsələsi də müzakirə olunacaq və qərar veriləcək.

XS
SM
MD
LG