Aparılan yeni tədqiqatlar göstərir ki, muzeylər davam etməkdə olan COVID-19 pandemiyasının əhəmiyyətli dərəcədə zəiflətdiyi sahələrdən biridir.
"Amerikanın səsi" yazır ki, UNESCO və Beynəlxalq Muzeylər Şurasının (ICOM) apardığı araşdırmalara görə, bu böhran zamanı dünyada muzeylərin 90%-i öz qapılarını bağlamalı və canlı fəaliyyəti dayandırmalı olub. Bağlanan 85 min muzeydən təqribən 13%-i bundan sonra bir daha açılmamaq riski qarşısındadır. Bu, onların bağlı olduqları bu müddət ərzində ciddi maliyyə itkilərinə məruz qalması ilə bağlıdır.
Muzeylərin yalnız 5 faizi
Sözügedən iki araşdırmanın məqsədi COVID-19 pandemiyasının dünyada muzeylərə təsirini müəyyən etmək və institutların pandemiyaya nə dərəcədə uyğunlaşdığını öyrənmək olub. UNESCO və ICOM araşdırma nəticəsində əldə olunan məlumatdan virus böhranı zamanı institutları dəstəkləmək üçün istifadə ediləcəyini bildirib.
Araşdırma zamanı həmçinin məlum olub ki, Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində (SIDS) olan muzeylərin yalnız 5%-i öz ziyarətçilərinə onlayn kontent təklif edə bilib. Ancaq hətta rəqəmsal imkanları olan muzeylərin belə ziyarətçiləri canlı qəbul edə bilməyəcəkləri təqdirdə gəlirləri azalacaq. Bu isə onların öz əməkdaşlarına maaş vermək və fəaliyyətlərini davam etdirmək imkanlarına mənfi təsir göstərəcək.
"Muzeylər cəmiyyətlərin çevikliyində fundamental rol oynayır. Biz onlara böhranın öhdəsindən gəlməkdə kömək etməli, onların auditoriyaları ilə əlaqələrini saxlamalıyıq. Bu pandemiya həmçinin, bizə bəşəriyyətin yarısının rəqəmsal texnologiyalara çıxışının olmadığını xatırladır. Biz hər kəsin, xüsusən də ən həssas və təcrid olunmuş icmaların mədəniyyətə çıxışını təmin etmək üçün çalışmalıyıq", - UNESCO-nun Baş direktoru Audrey Azoulay "Amerikanın səsi"nə deyib.
Məqalədə Amerika Muzey Alyansının hesablamalarına istinadən göstərilir ki, təkcə ABŞ-da muzeylər orta hesabla gündə 33 milyon dollar itirir. ABŞ-ın incəsənət və mədəniyyət sahəsi artıq aprelin əvvəllərinə qədər bütün ölkə üzrə 4.5 milyard dollar itirmişdi. Bu, "Americans for the Arts" adlı qeyri-hökumət təşkilatının apardığı tədqiqat nəticəsində müəyyən edilib. Bu qurumun məqsədi ABŞ-da incəsənətin inkişafına töhfə verməkdir.
Dəstək olmadan ayaqda qala bilməz
UNESCO mayın ortalarında beynəlxalq mütəxəssislər arasında müzakirələr keçirib. Müzakirələrin mövzusu muzeylərin üzləşdiyi problemlər və onların həlli yollarının tapılması olub. Müzakirələr UNESCO-nun "ResiliArt" hərəkatı çərçivəsində keçirilib. "ResiliArt" COVID-19 böhranının təsirinə məruz qalmış sənət adamlarını dəstəkləmək üçün başlanmış təşəbbüsdür.
İlk üç müzakirə İbero-Amerika regionundakı (İspaniya, Portuqaliya, Andorra, ispan və portuqal dilli Latın Amerikası ölkələri) vəziyyətə, buradakı muzeylər və onların əməkdaşlarına dəstək məsələlərinə həsr olunub. UNESCO-nun yaydığı press-relizdə belə deyilir.
"Biz muzey əməkdaşlarının COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə üzləşməyə qadir olmasından xəbərdarıq və buna şübhə etmirik. Ancaq muzey sahəsi dövlət və özəl sektorların dəstəyi olmadan təkbaşına ayaqda qala bilməz. Təcili xilas fondu yaratmaq, əməkdaşları və [müvəqqəti] müqavilə ilə çalışan sərbəst işçilərin müdafiəsi üçün qaydalar müəyyən etmək vacibdir", – ICOM Prezidenti Suay Aksoy-un bəyanatında deyilir.
Rəsmilər bildirirlər ki, onların UNESCO-nun apardığı araşdırmaya cavab olaraq ortaya qoyduqları planda muzeylərin işçi heyətinin sosial müdafiəsi, habelə kolleksiyaların rəqəmsallaşdırılması və inventarizasiyası nəzərdə tutulub. Bundan başqa, plana muzeylərin təşkilati inkişafı ilə bağlı layihələr də daxildir. UNESCO bu məqsədlərin həyata keçirilməsi üçün iri həcmdə maliyyə vəsaitinin tələb olunduğunu da qeyd edib.