Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:04

Navalnının vida mərasimi üçün Moskvada yer tapılmır


Rusiyada müxalif siyasətçi Aleksey Navalnının komandası onunla vidalaşma mərasiminin keçirilməsi üçün paytaxt Moskvada zal tapa bilmədiyini deyib.

Bu barədə məlumatı Navalnının keçmiş mətbuat katibi Kira Yarmış verib:

"Biz özəl və dövlət mərasim agentliklərinin, kommersiya meydançalarının və dəfn zallarının əksəriyyətinə zəng etmişik. Bəziləri deyirlər ki, zallar tutulub. Bəziləri “Navalnı” soyadını eşidən kimi zal verməkdən imtina edirlər. Bir yerdə isə bizə birbaşa dedilər ki, mərasim agentliklərinə bizə xidmət göstərmək qadağan olunub”.

Yarmış bildirir ki, Navalnının komandası mərasim üçün yer axtarışını davam etdirir.

Bundan bir gün əvvəl Navalnının yoldaşları bildirmişdilər ki, müxalifətçinin dəfni bu həftənin sonunda ola bilər.

Bir neçə teleqram kanalı Navalnının mümkün dəfn yeri kimi Borisovskoye məzarlığından başqa Xovanskoye və Troyekurskoye qəbirstanlıqlarının da adlarını çəkirdi. Bunların hamısı Moskvada yerləşir.

Navalnının nəşini onun koloniyada müəmmalı ölümündən bir həftə sonra, fevralın 24-də anası Lyudmila Navalnayaya veriblər.

47 yaşlı müxalifətçinin ölüm səbəbi göstərilmir.

İqtidar heç bir mərasim istəmir

Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov deyib ki, müstəntiqlər Havalnının anasından oğlunun dəfnini çox da hay-küylü keçirməməyi rica ediblər.

Lyudmila Navalnaya bunun ardınca yazdığı video müraciətində deyirdi ki, qanuna görə Navalnının meyitini ona dərhal verməliydilər:

"Bunun əvəzində onlar məni hədələyir, Alekseyin harda, nə vaxt və necə dəfn olunması barədə mənə şərt qoyurlar. Bu qanunsuzdur. Elə mənim yanımda onlara əmrlər gəlirdi. Nə bilim bəlkə də Kremldən, ya İstintaq Komitəsindən. Onlar istəyirlər ki, dəfn gizli olsun. Heç bir vidalaşma keçirilməsin. Onlar məni qəbirstanlığın kənarına gətirib “bax oğlun burda basdırılıb” demək istəyirlər. Mən buna razı deyiləm”.

Hakimiyyət nədən qorxur

Müxalifətçinin anası deyib ki, oğlunun dəfninin açıq keçirilməsini, onu dəstəkləyənlərin gəlib vidalaşa bilməsini istəyir:

"Mən bu vieonu ona görə yazıram ki, onlar məni hədələməyə başlayıblar. Deyirlər ki, “gözümün içinə düz bax”. Deyirlər ki, əgər gizli dəfnə razı olmasam, oğlumun cənazəsinə nə isə edəcəklər. Müstənqtiq Varopayev mənə açıq dedi: “Vaxt sizə işləmir, meyit çürüyür”. Mən xüsusi bir imtiyaz istəmirəm. İstəyirəm ki, hər şey qanunla olsun. Oğlumun meyitinin dərhal mənə verilməsini tələb edirəm”.

Hazırda sürgündə olan müxalifətçi Mixail Xodorkovski AzadlıqRadiosuna deyib ki, Navalnının açıq dəfn mərasimi müxalifətçinin tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında “genişmiqyaslı qarşıdurmaya” səbəb ola bilər.

Navalnı öləndə həbsxanada ekstremizm də daxil bir neçə maddə ilə 19 illik həbs cəzası çəkirdi.

Onun özü, tərəfdarları və Qərb rəsmiləri ittihamları qondarma və “siyasi motivli” adlandırırdılar.

XS
SM
MD
LG