İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin mərkəzinə daxil olublar.
Şahidlərin məlumatlarına istinad edən Reuters agentliyinin xəbərində deyilir ki, şəhərin mərkəzindəki Əl-Avda məscidinin yaxınlığında da tanklar müşahidə edilib.
İsrailin müdafiə ordusu bildirir ki, Rəfahda əməliyyat davam edir. Ordunun məlumatında qeyd olunur ki, mayın 27-də gecə İsrail hərbçiləri Misir və Qəzza arasındakı “Filadelfiya dəhlizində” əməliyyat keçiriblər.
Rəfah sakinləri Reuters agentliyinə deyiblər ki, İsrail hərbçiləri gecə şəhəri tanklardan atəşə tutublar.
Reuters Qəzzada HƏMAS-ın nəzarətində olan rəsmilərə istinadla bildirir ki, şəhərdəki qaçqın düşərgəsinə zərbə nəticəsində azı 26 nəfər həlak olub.
İsrail ordusu isə israr edir ki, şəhərdə “terrorçu hədəflərin olduğunu göstərən kəşfiyyat məlumatları” əsasında əməliyyatlar keçirilib:
"Ordu terrorçularla yaxın döyüş əməliyyatları aparır, tunel şaxtalarını, habelə bu ərazidə terrorçulara aid silahları və infrastrukturu aşkar edir”.
Çadır düşərgəsi
Qəzzada HƏMAS-ın nəzarətində olan “səhiyyə nazirliyi” xəbər verir ki, İsrailin mayın 27-də Rəfaha endirdiyi zərbə nəticəsində şəhərin şimal-qərbindəki qaçqın düşərgəsində azı 45 nəfər həlak olub.
Bu zərbə beynəlxalq birlik tərəfindən pislənib. BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi nümayəndəsi Tor Vennesland günahkarların məsuliyyətə cəlb olunmasına və əhalinin müdafiəsinin təşkili üçün təcili tədbirlərə çağırıb.
İsrail hərbiyyəsi bundan əvvəl bəyan etmişdi ki, HƏMAS-a aid kompleksə hava zərbəsi endirilib və iki “yüksək vəzifəli terrorçu” məhv edilib.
Lakin zərbənin çadır düşərgəsinə dəydiyinə dair xəbərlərdən sonra İsrail ordusu “dinc sakinlərin ölümü ilə bağlı təhqiqata başladığını” bəyan edib.
“Faciəli təsadüf”
İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, Rəfahdan döyüş əməliyyatları ilə əlaqəsi olmayan bir milyonadək insan təxliyə edilib, amma bu səylərə baxmayaraq “faciəli təsadüf” baş verib.
O vurğulayıb ki, İsrail hakimiyyəti bu insidenti araşdırır və lazımi nəticələr çıxarılacaq.
Bununla belə o əlavə edib ki, “bütün hədəflər əldə olunanadək” müharibəni dayandırmaq niyyətində deyil.
BMT-nin Beynəlxalq Məhkəməsi mayın 24-də İsraildən Rəfahdakı əməliyyatın dayandırılmasını və humanitar yardımın gətirilməsi üçün Misirlə sərhəddəki buraxılış postunun açılmasını tələb edən qərar vermişdi.
Məhkəmənin qərarında deyilirdi ki, dinc sakinlərin təhlükəsizliyinin təminatı üçün lazımi miqyasda tədbirlər görülmür.
İsrail bu məhkəmə qərarını tənqid etmiş və bildirmişdi ki, Qəzza zolağındakı dinc əhalinin müdafiəsi üçün bütün tədbirlər görülür, lakin HƏMAS qruplaşması adamlardan canlı sipər kimi istifadəni davam etdirir.
Xatırlatma
İsrail oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna hücumundan sonra Qəzza zolağında hərbi əməliyyatlar aparır. Hücum zamanı min 200-dən çox israillinin öldürüldüyü, 250-dən çoxunun girov götürülərək Qəzzaya aparıldığı bildirilir.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi hərbi əməliyyatların başlanmasından bəri 35 min fələstinlinin həlak olduğunu açıqlayıb.
Bir çox ölkələr İsraili mülki şəxslərə qarşı hədsiz qəddarlıqda ittiham edir. İsrail ordusu yalnız qruplaşmanın infrastrukturuna zərbələr endirdiyini, HƏMAS-ın mülki insanlardan canlı qalxan kimi istifadə edərək obyektlərini əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirdiyini vurğulayır.