Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 01:59

Oqtay Haqverdiyev: “Biz daha eşşəyə minmişik”


Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

►"Məndə olan informasiyaya görə, bircə suyun qiyməti qalxacaq”

"Neft qiymətində bizim qırmızı xəttimiz 40 dollardır. Ondan aşağı düşsə, problem yaranacaq"

"İslam Oyunlarının burda keçirilməsi ilə bağlı razılıq böhran zamanı verilib. Gərək verilməyəydi."

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyevlə növbəti ilin büdcəsindən, mümkün devalvasiyadan, qazın, suyun, elektrikin qiymətinin artması ehtimalından danışırıq.

Əhalinin bu qiymət artımına istər maddi, istərsə də psixoloji baxımdan hazır olub-olmaması ilə başlayırıq söhbətə. Oqtay Haqverdiyev çoxunun ürəyindən ola biləcək bir xəbərlə başlayır:

- Büdcədə kommunal xərclərin artımı barədə danışılır. Məndə olan informasiyaya görə, bircə suyun qiyməti qalxacaq, qazın, elektrikin qiymətində artım gözlənilmir. Hər halda, məndə belə informasiya var. İntəhası büdcə xərcləri azalır. Bu da obyektiv səbəblərlə bağlıdır, neftin qiymətinin azalmasından irəli gəlir. Başqa fövqəladə şey yoxdur.

- Başqa iqtisadçılarsa qazın, elektrikin qiyməti ilə yanaşı, hətta nəqliyyatda gediş haqqının artmasını proqnozlaşdırırlar.

- Burda başlıca söz “bilər”di. Bilməyə də bilər, yəni artmaya da bilər. Qeyri-professional proqnozlar verilir. Mən də iqtisadçıyam, sözü ört-basdır etmirəm, konkret danışıram. Məndə olan informasiyaya əsaslanıram, bircə suyun qiyməti bir balaca bahalanacaq.

- Oqtay müəllim, büdcə xərcləri azaldılır. Bu, əhalinin güzəranında öz əksini necə tapacaq, ilk zərbə kimlərə dəyəcək?

- Bizdə əhalinin pul gəlirlərinin artım tempi həmişə inflyasiya səviyyəsini keçib. Məsələn, Rusiyada inflyasiya 15 faizə çatıb, əhalinin gəlirləri isə cəmi 3-4 faiz artıb. Görürsünüz, qiymətlər həmin 4 faizi yeyirlər, həm də həyat səviyyəsini aşağı salırlar. Bizdə belə şey gözlənilmir. Əgər 2016-cı ildə inflyasiyanı birrəqəmli saxlaya bilsək, həyat səviyyəsi aşağı düşməyəcək, lap pis halda sabit qalacaq.

Buna da bax: "Bunlar Heydər Əliyevin adından hərtərəfli qazanırlar"

- Sizcə, Mərkəzi Bankın inflyasiyanı birrəqəmli həddə saxlaması nə qədər mümkündür? Bəzi iqtisadçılar hökumətin prosesə ən yaxşı halda martadək nəzarət edə biləcəyini düşünürlər. Bundan sonra hətta ikinci devalvasiya dalğasının başlanmasından danışırlar.

- Əvvəla, Mərkəzi Bankın sədri Elman Rüstəmov məsuliyyətli şəxsdir. Onun dediyinə görə, yaxın yarım ildə gözlənilmir.

- Sözünüzü kəsməyə məcburam, məhz Elman Rüstəmov bu ilin fevralında manatın 34 faizlik devalvasiyasından az öncə belə bir şey gözlənmədiyini demişdi.

- Bilirəm. Bunu hamı ona irad tutur. Mən də bu işin içindəyəm. Fevralda gedən 34 faizlik devalvasiya, əslinə baxsan, ilin axırına qədər getməliydi. Yəni bu artım çox sakit getməliydi, ancaq birdən-birə oldu. Mən Elman Rüstəmovun vəkili deyiləm. Amma bilirəm ki, bu qərar onluq deyildi, birdən komanda gəldi. Yəni bizim 78 qəpiyimiz əvvəlcə olmalıydı 82, sonra 88 qəpik. İlin sonunda da indiki 1 manat 5 qəpiyə bərabər olmalıydı. Ancaq bunu birdən etdilər. Hər halda Rüstəmovun Mərkəzi Bankın rəhbəri kimi pul-kredit siyasəti var. Onun başçılıq etdiyi rəsmi qurum ilin sonunadək 2016-cı il üçün pul-kredit siyasətini elan etməlidir, orda məzənnə, faizlər və sairə göstərilməlidir. Bu plan hələ açıqlanmayıb. Amma Elman Rüstəmov müsahibəsində deyib ki, manatın məzənnəsi olduğu kimi qalacaq və pul-kredit siyasəti sərt olacaq. Bu da o deməkdir ki, devalvasiya gözlənilmir. Bu bizə neçəyə başa gələcək, o başqa məsələ. Hər halda, o da neftin qiymətindən asılı olacaq. Bizim qırmızı xəttimiz 40 dollardır. Ondan aşağı düşsə, problem yaranacaq, əlbəttə, 2008-2009-cu illərdə olduğu kimi. Onda 2 milyard götürüb bank sisteminin problemlərini həll etdilər.

Buna da bax: Şura Xoşqədəmin verilişlərini bağladı

Bakıda "Əsrin müqaviləsi" imzalanır, 1994
Bakıda "Əsrin müqaviləsi" imzalanır, 1994

- Bəzi iqtisadçılar növbəti ilin büdcəsini “qorxulu” adlandırıblar. Vəziyyət o qədərmi qorxuludur?

- Real olaraq əlbəttə ki, büdcənin azalması heç kimin xoşuna gəlməz. Büdcənin azalması odur ki, bizim nəzərdə tutduğumuz layihələr sonrakı illərə saxlanacaq. Biz hər il büdcə üçün Neft Fondundan 10 milyarda yaxın vəsait götürürdük. Biz ilk illərdə, qiymətlərin yaxşı vaxtında o qədər pul götürməsəydik, indi valyuta ehtiyatımız daha çox olardı. Amma olan olub artıq. Yaxşı məsəl var: ayağını gərək yorğanına görə uzadasan. Biz büdcəni 20 milyarda çatdırdıq. Bunu 50 milyard da etmək olardı... İqtisadiyyatın bir sektorundan bu dərəcədə asılı olmaq görürsünüzmü nələrə gətirir? Bizim dünyada gedən proseslərə, qiymətlərə təsirimiz yoxdur, bizim dünya bazarında çəkimiz 1 faiz də deyil. Ona görə də qeyri-neft sektorunun daha sürətli inkişafı zəruridir. Bir də baxır hansı sahələr inkişaf etdirilir. Əgər söhbət informasiya-kommunikasiya sektorundan gedirsə, bu, doğrudan da müasir layihədir, ancaq pomidor istehsalından gedirsə...

- Azərbaycanda informasiya-kommunikasiya sektorunu inkişaf etdirmək üçün yetərincə potensial var?

- Maddi potensial var. Torpaq, su resursu var, elm tutumlu sahələrin inkişafı üçün intellektual resurs var. Amma bundan effektli istifadə yoxdur.

Buna da bax: “Rüşvət vermədik, daraşıb sökdülər”

- Gələn ilin büdcəsində mədəniyyətə və idmana ayrılan xərcin təxminən iki dəfə artırılmasına necə baxırsız?

- Azərbaycanda idman yarışları keçirilməlidir, onunla bağlıdır. Bilmirəm bu yarışlar hansı şərtlər daxilində keçirilir. Avropa Oyunlarında olduğu kimi, idmançıların gəlməyi-getməyi, yeməyi-içməyi də Azərbaycanın boynunadırnı? Belədirsə, xərclər artmalıdır.

- Ölkənin böhranla üzləşdiyi dönəmdə belə yarışlar Azərbaycana nə dərəcədə lazımdır?

- Avropa Oyunlarını keçirməyi boynumuza götürəndə neftin qiyməti bahaydı, elə bilirdik ki, qiymət düşməyəcək. Bumdan sonra böhran başladı. Öhdəlik götürmüşdük və Oyunları keçirməliydik. Ancaq İslam Oyunlarının burda keçirilməsi ilə bağlı razılıq böhran zamanı verilib. Gərək verilməyəydi. Artıq razılıq verilib, neyləmək olar. Biədəb misal var: “Eşşəyə minmək bir eyib, düşmək iki eyib”. Biz daha eşşəyə minmişik...

XS
SM
MD
LG