Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:08

Vergi borcu nədən yaranır və niyə sürətlə artır?


Karikatura. Şerif
Karikatura. Şerif

800 nəfərin 93 milyon manatlıq vergi borcu var

Vergilər Nazirliyinin vergi borcuna görə ölkədən çıxışını əngəllədiyi sahibkarların sayı 800-ə çatıb. Bu il sentyabrın 7-nə olan məlumata görə, vergi borcunu ödəməyən 330 fiziki və 446 hüquqi şəxsin ölkədən getməsi məhkəmə qərarıyla məhdudlaşdırılıb. Bu sahibkarların birgə 93,6 milyon manat vergi borcu var, – Vergilər Nazirliyindən AzadlıqRadiosu-na bildirilib.

Nazirliyin siyahısında tikinti, inşaat, şərabçılıq, hətta futbol biznesi ilə məşğul olan məhdud məsuliyyətli və səhmdar cəmiyyətlər var.

Buna da bax: Azərbaycanda qeyri-leqal kapitala amnistiya elan ediləcək

«Vergi borcdur, ödəyəcəm»

Vergilər Nazirliyi: «Bu cəza effektiv təsir göstərir və şirkət rəhbərlərini vergi borcunun ödəməyə təhrik edir».

İmişli Pambıq Zavodunun direktoru Asif Əliyev 4 min manat vergi borcuna görə ölkəni tərk edə bilməz. O, sahibi olduğu müəssisənin əsasən, ölkə daxilində çalışdığını, bu qadağanın onun fəaliyyətinə ciddi təsir etmədiyini deyir. Ancaq əlavə edir ki, buna baxmayaraq, vergi borcdur və onu ödəyəcək: «Məlumat vermişəm, yavaş-yavaş ödəyəcəm».

Buna da bax: Palata: ‘Metropolitendə ciddi pozuntular var’

Sahibkar regionda pambıqçılığın inkişafına ümid bəsləyir, deyir, indi əsas alıcıları yerli tekstil istehsalçılarıdır, gələcəkdə xarici bazara çıxmağı planlaşdırırlar. «Vergi borcu nədən yaranır?» sualına cavabında Asif Əliyev deyir ki, ötən il pambıqçılıq zəif olduğundan işləri axsayıb: «Ötən il 5 min ton pambıq aldıq. Bu il daha çox almağa ümid edirik. Vergi borcu da yaranıb, düzdür, işlərimizi yolumuza qoymağa çalışırıq».

Vergi borcunu ödəməyənlərin sayı sürətlə artır...

Vergilər Nazirliyindən AzadlıqRadiosu-na deyirlər ki, bu cəza effektiv təsir göstərir və şirkət rəhbərlərini vergi borcunun ödəməyə təhrik edir.

«Kütləvi cəzanın nəticə verəcəyinə inanmıram»

Ancaq iqtisadçı Nemət Əliyev belə düşünmür, hesab edir ki, inzibati yollarla vergi ödəməyə təhrik çıxış yolu deyil. «Vergi borcunu ödəməyənlərin sayı sürətlə artır. Ona görə də Vergilər Nazirliyi belə bir cəzaya əl atır və düşünür ki, vergi öhdəliklərinin dərhal yerinə yetirilməsinə nail olacaq. Düzdür, bu, vergi ödəməsindən boyun qaçıran və ya bunu ləngidənlərə təsir rıçaqıdır, ancaq belə bir rıçağın kütləvi işə salınması, inanmıram ki, bir nəticə verəcək».

Buna da bax: Vergi daxilolmaları azalıb

Manatın devalvasiyası yerli iş mühitinə ciddi ziyan vurub...

Nemət Əliyev bu ilin 9 ayı ərzində vergi daxilolmalarında azalmaya diqqət çəkir, deyir ki, 2016-cı ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 350 milyon manatdan çox vəsait daxil olub. Ekspertin sözlərinə görə, manatın devalvasiyası yerli iş mühitinə ciddi ziyan vurub, qısa müddətdə xammal və materiallar, istehsal prosesində istifadə edilən hətta yarımfabrikat malların da qiyməti qalxıb: «Və belə bir şəraitdə sahibkarların fikrini, münasibətini öyrənmədən onlara cəza tətbiq etmək düzgün deyil. Mərkəzi Bankın yarıtmaz siyasəti nəticəsində sahibkarların xərcləri sürətlə artır».

Buna da bax: Sahibkarlara vergi və gömrük güzəştləri vəd edilir

Bir çox hallarda sahibkarlar istehsal xərclərini rəsmiləşdirə bilmir və vergi müfəttişləri də bunu mənfəət vergisi kimi qiymətləndirib onlara artıq vergi hesablayır.

Müsahibimiz deyir ki, bir çox hallarda sahibkarlar istehsal xərclərini rəsmiləşdirə bilmir və vergi müfəttişləri də bunu mənfəət vergisi kimi qiymətləndirib onlara artıq vergi hesablayır. Nemət Əliyev hesab edir ki, əslində sahibkarlara elə vergi şəraiti yaradılmalıdır ki, onlar həm müəssisələrində çalışanları dolandıra, həm də vergi öhdəliklərini yerinə yetirə bilsinlər.

«Bu, sahibkarların fəaliyyətinə maneə yaradan cəzadır»

Sahibkarların hüquqları üzrə ixtisaslaşan hüquqşünas İradə Cavadova da vergi öhdəliyinə görə ölkədən çıxışa qadağa qoyulmasını düzgün saymır: «Vergilər Nazirliyinə belə bir səlahiyyət verilib, amma bu, sahibkarların fəaliyyətinə maneə yaradan bir cəzadır».

Buna da bax: Ekspert: 'Elman Rüstəmov savadsız bankirdir'

İradə Cavadovanın sözlərinə görə, xaricdə biznes əlaqələri olan iş adamları həmin işlərin ardınca getməyə məcburdular. Onlara imkan yaradılmalıdır ki, işlərini davam etdirib vergi borclarını ödəyə bilsinlər.

«Vergini almağın digər yolları da var»

Vəkil: «Borcu olanlara imkan yaradılmalıdır ki, işlərini davam etdirib vergi borclarını ödəyə bilsinlər».

Vergilər Nazirlindən AzadlıqRadiosu-na deyirlər ki, bir neçə min manatdan yuxarı borcu olan sahibkarların ölkədən getmə hüququ məhdudlaşdırılır: «Bu məhdudlaşdırma məhkəmə vasitəsilə həyata keçirilir. İşin məhkəməyə göndərilməsi üçün borcun, heç olmasa, müəyyən məbləği olmalıdır ki, onun alınmasında nazirliyin çəkdiyi inzibati xərclərə dəysin». Yəni nazirlik bir neçə yüz manatlıq borc olanda belə bir qadağa qoymur.

Buna da bax: Banka borclu qalanların hansı hüquqları var - Ekspert izah edir

Nazirliyin mətbuat xidmətindən bildirirlər ki, vergi borcu olan fiziki və hüquqi şəxs borcunu ödədiyi təqdirdə iki gün ərzində onun ölkədən çıxışına qadağa aradan qaldırılır. Amma bu cəzaya baxmayaraq, vergi ödənməsə, o zaman Vergilər Nazirliyi digər vasitələrə əl atır:

«Vergi borcu borclunun əmlakına, nəqliyyat vasitəsinə, yaxud başqa şirkətlərdə pay və ya səhmlərinə də yönəldilə bilər», qurum xəbərdarlıq edir.

XS
SM
MD
LG