Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 11:28

'Qara kitab'dan Yupiterə göndərilən parça


NASA-nın "Juno" kosmik aparatı Yupiter üzərində
NASA-nın "Juno" kosmik aparatı Yupiter üzərində

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yupiterə göndərdiyi "Lucy" kosmik aparatına tanınmış yazıçı, alim və mütəfəkkirlərin yazılarından parçaların yazıldığı bir lövhə yerləşdirib. Bu yazıların arasında Orxan Pamukun "Qara kitab" romanından hissələr və bir türk atalar sözü də var.

9 min 800 Troya asteroidi

NASA 12 il davam edəcək bu Yupiter missiyasını artıq işə salıb. Yupiterin ətrafındaki Troya asteroidlərini tədqiq edəcək "Lucy" aparatı Floridadakı Kanaveral Burnundakı kosmik mərkəzindən "Atlas 5" raketi ilə kosmosa göndərilib.

"Lucy" Yupiter ətrafındakı yeddi Troya asteroidindən başqa Günəş sisteminin əsas asteroid qurşağındakı bir asteroidi də tədqiq edəcək.

Troya asteroidləri Yupiterin Günəş ətrafındakı orbitini onunla paylaşır. 2021-ci ilin mayınadək 9 min 800 Troya asteroidi aşkar edilib. Yupiterin orbitindəki ilk Troya asteroidini isə 1906-ci ildə alman astronomu Maks Volf kəşf edib.

2025-ci il

Əsas Asteroid qurşağı isə Yupiter və Mars planetlərinin orbitləri arasında yerləşir. Onun əsas kütləsini dörd nəhəng asteroid təşkil edir. Qurşağın ümumi kütləsininsə Ayın kütləsinin 4 faizinə bərabər olduğu deyilir.

Missiyası dövründə 6.5 milyard kilometrlik məsafə qət etməsi planlaşdırılan "Lucy"nin Troya asteroidlərinə 2025-ci ildə yaxınlaşması gözlənilir. Alimlər kosmik aparatın tədqiqatları nəticəsində Günəş sisteminin erkən təkamülü haqqında önəmli tapıntılar əldə edəcəklərinə inanırlar.

Astronomlar hesab edirlər ki, asteroidlər planetlərin formalaşması prosesindən artıq qalan materiallardır. Asteroidlər işıq saçmadıqları üçün onların Yerdən görülərək öyrənilməsi çox çətindir.

"Yazı xaric"

"Lucy" və "Psyche" missiyaları NASA-nın "Discovery" proqramının 13 və 14-cü missiyalarıdır.

NASA-nın "Lucy" kosmik aparatına yerləşdirdiyi lövhəyə yazılmış mətnlər arasında "The Beatles" qrupunun vokalisti Con Lennon, onun həyat yoldaşı olmuş yapon müğənni Yoko Ono, amerikalı astronom və astrobioloq Karl Saqan, amerikalı şair Billi Kolinz, Martin Lüter Kinqin sözləri, yazıçılardan Nobel mükafatı laureatları - polşalı Olqa Tokarçuk, britaniyalı Kadzuo İsiquro, amerikalı Luiza Glük və türkiyəli Orxan Pamukun əsərlərindən parçalar var.

Orxan Pamukun "Qara kitab" romanından götürülmüş parça isə budur: "Daha çox sevmək, daha çox gülmək, daha çox düşünmək istərdik. Daha çox görmək, daha çox anlamaq, daha çox güvənmək istərdik. İndi bizdən qalanlar bu istəklər və bu kəlmələrdir. Hüzur, röyalar, yuxu və öpüşlər vardı. İnsanlar, meyvələr, kağız və qələmlər də vardı. Çünki heç bir şey həyat qədər heyrətamiz ola bilməz. Yazı xaric. Bəli, təbii ki, yeganə təsəllidir, yazı xaric".

Türk atalar sözü

Lövhəyə, bundan başqa, Albert Eynşteyn, "The Beatles"ın digər üzvləri Corc Harrison Rinqo Starr, habelə amerikalı şair Xuan Felipe Erreranın sözləri yazılıb. Bundan başqa, lövhəyə bir türk atalar sözü də daxil edilib. "Ağaca balta vurdular, "sapı məndəndir" dedi" atalar sözü ingilis dilinə tərcümə edilərək yazılıb.

12 il sürəcək missiyanın adı 1974-cü ildə Efiopiyada tapılan avstralopitek skeletinin adından götürülüb. Həmin skeletin adı isə "The Beatles" qrupunun 1967-ci ildə yazılmış məşhur "Lucy in the Sky With Diamonds" mahnısından götürülübmüş. Yeri gəlmişkən, bu mahnının adı ilə bağlı yayılan şayiələrdən birində buradakı sözlərin baş hərflərinin LSD sintetik narkotikinin adı ilə səsləşdiyi iddia olunurdu.

"Lucy"nin missiya ərzində iki dəfə, 2022-ci və 2024-cü illərdə Yerdən qravitasiya dəstəyi alacağı bildirilir. 2025-ci ildə isə o, Günəş sisteminin əsas asteroid qurşağının iç hissəsində yerləşən "52246 Donaldjohanson" asteroidinin yaxınlığından keçəcək.

XS
SM
MD
LG