Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 03:58

Özbəkistanla Qırğızıstanın dağ davası


Unkur-Too dağında televiziya qüllələri
Unkur-Too dağında televiziya qüllələri

►Keçmişdə qırğızlarla özbəklər arasında qanlı münaqişələr olub​

Özbəkistan və Qırğızıstan arasında yaranmış ərazi mübahisəsinin səbəbi Qırğızıstanın qərbindəki Kerben şəhərindən 10 km aralı, iki ölkə arasındakə sərhədin demarkasiya olunmamış hissəsində yerləşən bir dağdır.

Dağın adı özbəkcə "Unqar-Tepa", qırğızca isə "Unkur-Too" kimi səslənir.

Özbək və qırğız rəsmiləri mübahisəli sərhədyanı əraziyə zirehli maşınlar və əsgərlər yerləşdiriblər. Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaranmış vəziyyətlə bağlı Moskvada toplaşıb.

1314 kilometrlik Özbəkistan-Qırğızıstan sərhədinin əksər hissəsi hələ də demarkasiya olunmayıb. Sərhəddə və onun yaxınlığında baş verən münaqişələr çox zaman zorakı xarakter daşıyır. Son illərdə bu münaqişələrdə bir neçə insan həyatını itirib.

Martın 18-də təxminən 40 özbək əsgərini daşıyan 2 maşın qəflətən Unqar-Tepa yaxınlığında, qırğız dilində Çala-Sart adlanan ərazidə peyda olub.

Qırğız rəsmiləri özbək tərəfinin bu manevrini Bişkeklə Daşkənd arasında sərhəddəki gərgin vəziyyəti "silahlı münaqişəyə çevirməməyə" dair ikitərəfli razılaşmaların pozulması kimi qiymətləndirib.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Qırğızıstan özbək tərəfinin bu hərəkətinə cavab olaraq onlarla silahlı sərhəd keşikçisini, habelə "Əqrəblər" kimi tanınan xüsusi təyinatlı dəstənin onlarla əsgərini əraziyə toplayıb.

Yaranmış gərgin vəziyyət və Özbəkistanın Qırğızıstan üzərində ciddi hərbi üstünlüyü Bişkeki vadar edib ki, KTMT-nın Daimi Şurasının məsələ ilə bağlı "fövqəladə sessiya" çağırmasını tələb etsin.

Özbəkistanın 2012-ci ildə tərk etdiyi KTMT martın 22-də toplaşaraq məsələ ilə bağlı "narahatlıq ifadə edib". Təşkilat həmçinin baş katibin müavini Ara Badalianı vəziyyəti öyrənmək üçün mübahisəli əraziyə göndərib.

Etnik və ərazi mübahisələri Cənubi Qırğızıstan ərazisində xüsusilə həssas məsələdir. Bu ərazidə yüz minlərlə özbək yaşayır.

Keçmişdə qırğızlarla özbəklər arasında qanlı münaqişələr olub. Sonuncu dəfə 2010-cu ildə yüzlərlə özbək baş vermiş qanlı toqquşmada öıdürülüb, on minlərlə insan ərazidən köçməyə məcbur olub.

Qırğız müxalifət liderləri hökuməti Özbəkistanın hərəkətlərinə zəif cavab verməkdə ittiham edərək sərt tənqid ediblər.

Martın 22-də Kerbendə baş tutmuş bir neçə yüz nəfərlik yürüşdə "Xalqın səsi" müxalifət hərəkatının lideri Azimbek Beknazarov həyəcanlı kütləyə deyib ki, qırğız rəsmiləri "heç vaxt xaricilərlə, başqa dövlətlərin hökumətləri ilə bərabər partnyorlar kimi danışmağa qadir olmayıblar".

"Elə buna görə də biz qırğız ərazisini Çinə güzəştə getməli olmuşuq," deyə o, 1999-cu ildə Qırğızıstanın Uzenqu-Kuuş regionunun minlərlə kvadrat kilometr ərazisini Pekinə güzəştə getməsini xatırladıb.

Beknazarov və digər müxalifət liderləri martın 27-də keçiriləcək yerli seçkilər ərəfəsində ölkənin cənubunda aksiyalar keçirəcəklərini deyiblər. Qırğızıstanın baş naziri Temir Sariev xalqa müraciət etmək üçün bu ucqar əraziyə gəlib.

"Mən həmişə demişəm ki, bizim dövlətimizin üzləşdiyi ən mürəkkəb problem bizim cənubdakı sərhədlərimizdir... Bu gün burada qaldırılan bütün məsələlər müzakirə olunur və biz vəziyyətdən çıxış yolu tapmaq üçün əlimizdən gələni edirik," deyə Sariev bildirib.

O, məsələni "danışıqlar" vasitəsilə həll etməyə söz verərək qeyd edib ki, prezident Almazbek Atambaev də bu prosesdə iştirak edir.

"Vəziyyəti daha da pisləşdirməyə ehtiyac yoxdur," deyə o əlavə edib.

"Əziz həmvətənlər, gəlin emosiyalardan uzaq olaq... Biz bu məsələni həll edəcəyik."

Ancaq kütlə bu mesajı soyuq qarşılayıb. "Kurultay" - xalq konqresi martın 22-də Rusiya prezidenti Vladimir Putinə müraciət edərək məsələnin həllinə kömək etməsini xahiş edib.

Müxalifət lideri Ravshan Jeenbekov deyib ki, Putinə müraciət onu "şoka salıb".

"Bəs biz məsələni həll etmək üçün səlahiyyətləri Putinə versək və o da Özbəkistanın xeyrinə qərar versə, necə olacaq?" deyə o sual edib.

Azadlıq Radiosunun qırğız xidməti bildirir ki, artıq martın 23-də sərhədin hər iki tərəfinə yerləşdirilmiş silahlı qüvvələrin xeyli hissəsi geri çəkilib.

Buna da bax: Prezidenti xalqına çay kitabını belə öpdürür

XS
SM
MD
LG