Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:01

Maliyyə sektorunda təmərküzləşmə yüksəlir


Banklar
Banklar

Bankların 40 faizi devalvasiyadan sonra bağlanıb

2015-ci ildəki devalvasiyalardan ən çox əziyyət çəkən sektorlardan biri maliyyə sektorudur. Əgər 2015-ci ildə ölkədə 43 bank fəaliyyət göstərirdisə, hazırda onların sayı 26-ya enib. Bu o deməkdir ki, devalvasiyalardan sonra ölkədə fəaliyyət göstərən bankların 40 faizi bağlanıb. Banklarla birgə, bank olmayan kredit təşkilatları (BOKT) da zərərsiz ötüşməyib. Son 5 ildə ölkədəki BOKT-ların da təxminən hər beşindən biri fəaliyyətini dayandırıb.

Devalvasiyanın bank sektorunda yaratdığı problemlərdən biri də resursların təmərküzləşməsidir. Əgər 2015-ci ildə ölkədəki ən böyük beş bankın bazar payı 58 faiz idisə, artıq iki il sonra bu rəqəm 10 faiz artaraq 68 faizə yüksəlmişdi. 2021-ci ilin birinci rübünün nəticələrinə görə, ən böyük beş bankın bazar payı 73 faizə yaxındır.

Banklar arasında bərabərsizlik tək aktivlərin həcminə görə yox, bank sektorunun əldə etdiyi mənfəətin həcmində də gözə çarpır. Ötən ilin yekunlarına görə, ölkədə bank sektorunun xalis mənfəəti 567.8 milyon manat olub. Diqqətçəkən məqam odur ki, həmin vəsaitin 516.4 milyon manatı, yəni 91 faizi, sadəcə, üç bankın mənfəətindən ibarət olub. Həmin üç bankın biri səhmləri dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankıdır. Digər ikisi isə "Paşa Holdinq"ə daxil olan "Kapital Bank" və "Paşa Bank"a məxsusdur.

Təkcə "Paşa Holdinq"ə daxil olan iki bank 2020-ci ildə 26 bankdan ibarət bank sektorundan əldə edilən mənfəətin 68 faizinə, yəni 387 milyon manata sahib olub. Holdinqə daxil olan iki bankın aktivlərinin toplam dəyəri 11.3 milyard manata yaxındır. Bu, ölkə bank sektoru aktivlərinin təxminən üçdə biri deməkdir.

Depozitlərin üçdə ikisi, kreditlərin yarısı üç banka məxsusdur

Bankların verdiyi kreditlərin və qəbul etdiyi depozitlərin bölgüsündə də bir neçə bankın bazarın böyük hissəsinə sahib olduğu sezilir. Bu ilin ilk rübünün yekunlarına görə, banklarda saxlanılan depozitlərin toplam həcmi 21 milyard manata yaxındır. Həmin vəsaitin təxminən 14 milyard manatı, yəni üçdə ikisi yuxarıda adı çəkilən üç banka məxsusdur.

Kredit portfelinə gəlincə, ilk rübün nəticələrinə görə, ölkə üzrə kredit portfelinin həcmi 14.4 milyard manat olub. Həmin vəsaitin də yarısı elə adı çəkilən üç bankın verdiyi kreditlərdir.

Sığorta yığımlarının 60 faizi "Paşa Holdinq"ə çatıb

Bank bazarı ilə yanaşı, sığorta şirkətləri arasında da təmərküzləşmənin yüksək olduğu görünür. Bu ilin yanvar-aprel aylarını əks etdirən məlumata görə, dörd ay ərzində ölkədə sığorta yığımlarının toplam həcmi 339 milyon 106 min manat olub. Həmin vəsaitin təxminən 200 milyon manatlıq hissəsi "Paşa Holdinq"ə daxil iki sığorta şirkətinə - "Paşa Həyat Sığorta" (112 milyon manat) və "Paşa Sığorta" (87 milyon manat) şirkətlərinə çatıb. Hazırda sığorta bazarında bütövlükdə 20 oyunçu var. Bu ilin ilk dörd ayı ərzində ölkə üzrə sığorta yığımlarının 80 faizindən çoxu, sadəcə, beş sığorta şirkətinin payına düşüb.

XS
SM
MD
LG