Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:32

Avropa deputatları Laçın dəhlizinin açılmasına çağırış etdilər


Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Zelyana Zovko
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Zelyana Zovko

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin başçısı Marina Kalyirand, Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə məruzəçiləri Andrey Kovaçov və Zelyana Zovko Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış ediblər.

Avropa deputatları avqustun 1-də acıqlanmış bəyanatda Qarabağda “getdikcə pisləşən humanitar vəziyyətdən” və “Laçın dəhlizinin davam edən blokadasından” dərin narahatlıq ifadə ediblər.

Bəyanatda bildirilir ki, Azərbaycanın bu hərəkəti bu ölkənin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı üzrə götürdüyü öhdəliklərə, BMT beynəlxalq məhkəməsinin 22 fevral 2023-cü ildə qəbul etdiyi və 6 iyul 2023-cü ildə bir daha təsdiqlədiyi qərara ziddir.

Azərbaycan məmurlarına qarşı sanksiyalar məsələsi

Avropa deputatları xatırladıblar ki, ötən mart ayında Avropa Parlamenti Avropa İttifaqı Şurasını, Azərbaycan BMT məhkəməsinin qərarını yerinə yetirməzsə, Azərbaycan məmurlarına ünvanlı sanksiyaların qoyulmasına çağırmışdı.

Bəyanatda deyilir ki, ötən iyun ayında Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel sanksiyalar mövzusunu Avropa İttifaqı Şurasında qaldıracağını bildirmişdi.

Bəyanat müəllifləri Borrelin 26 iyul tarixli bəyanatını tam dəstəklədiklərini bildirirlər.

Azərbaycan Xarici İşlər Nazirliyi Borrelin bu bəyanatını qətiyyətlə pisləmiş və bunun Ermənistanın “manipulyasiya” və “uydurmalarının” nəticəsi olduğunu bildirmişdi.

Klyurand, Kovaçov və Zovko Azərbaycanın yüklərin Qarabağa Ağdam yolu ilə gətirilməsi təklifinin alqışlandığını, lakin bunun Laçın dəhlizindən və Bakının o yol üzrə öhdəliklərindən ayrı məsələ olduğunu bildiriblər.

Üç deputatın birgə bəyanatında deyilir:

“Biz Avropa Şurasının sədri Şarl Mişelin uzunmüddətli münaqişənin möhkəm və dayanıqlı həll yolunun axtarışı üçün diplomatik səylərini tam alqışlayırıq. 15 iyul 2023-cü il tarixində Brüsseldə keçirilən görüşdə iki tərəf insan iztirablarının azaldılması naminə regiona humanitar yardımın gətirilməsinin asanlaşdırılması barədə razılığa gəlib. Təəssüf ki, davam edən blokada sülh danışıqlarının məqsədləri və son dərəcə zəruri olan etimadın möhkəmləndirilməsi səyləri ilə ziddiyyət təşkil edir”.

Metyu Miller: ‘Azərbaycan və Ermənistan çətin kompromislərə hazır olmalıdırlar’

Ermənistan və Azərbaycan sülh müqaviləsinin əldə olunması üçün çətin kompromislərə getməyə hazır olmalıdırlar.

Bunu avqustun 1-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib:

"ABŞ inanmaqda davam edir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi əl çatacaq məsafədədir. Lakin biz həmişə demişik ki, bunun əldə olunması üçün tərəflər çətin kompromislərə getməlidirlər”..

Millerin sözlərinə görə, məhz buna görə də dövlət katibi Entoni Blinken (Antony Blinken) həm Ermənistan, həm də Azərbaycan liderləri ilə söhbətlərini davam etdirir.

Xəbər verilir ki, Miller Laçın dəhlizində yaranmış vəziyyətə dair şərh verməkdən imtina edib.

USAID başçısı da Laçın dəhlizini açmağa çağırır

Qarabağda ərzaq və dərmanların çatışmazlığı olduqca problemlidir. Bunu özünün Twitter hesabından USAID – ABŞ beynəlxalq inkişaf agentliyinin başçısı Samanta Pauer (Samantha Power) yazıb.

Xanım Pauer vurğulayıb ki, adamlara həyati əhəmiyyətli malların çatdırılmasında Laçın dəhlizi başlıca əhəmiyyətə malikdir.

Ötən həftə ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) Azərbaycan prezidenti İlham Əliyevlə danışaraq ona “Dağlıq Qarabağda pisləşməkdə olan humanitar vəziyyətdən dərin narahatlıq ifadə etdiyini” bildirmişdi.

Samanta Pauer də bu bəyanata toxunaraq yazıb:

"Mən də cənab Blinkenin Laçın dəhlizi ilə kommersiya və humanitar təchizatın azad tranzitinə çağırıram”.

***

AŞPA Prezidenti Azərbaycana faktaraşdırıcı missiya göndərməyə çağırır

Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koks (Tiny Kox) Azərbaycana mümkün qədər tez faktaraşdırıcı missiya göndərməyə çağırır.

Tini Koks
Tini Koks

Koks iyulun 31-də verdiyi bəyanatda Avropa Şurası Nazirlər Komitəsinə belə bir müraciət edib. O, Qarabağda humanitar və insan haqları ilə bağlı vəziyyətin getdikcə pisləşməsini nəzərə alaraq AŞPA-nın iyunun 20-də etdiyi oxşar xahişi yada salır. Bəyanatda deyilir ki, missiya 2022-ci il dekabrın 12-dən Laçın dəhlizindən azad və təhlükəsiz keçidin dayandırılmasının ermənilərin durumuna təsirini dəyərləndirməlidir.

“Avropa Şurası Baş katibinin 2023-cü il iyulun 28-də səsləndirdiyi dialoqa çağırışına qoşulur, Avropa Şurasının üzvləri olan Azərbaycanla Ermənistanı 1991-ci ildə quruma üzv olarkən götürdükləri qarşılıqlı öhdəliyə əməl etməyə, gərginliyi azaltmağa və ölkələri arasında sülhü bərpa etməyə çağırıram”, – bəyanatda vurğulanır.

Qarabağa faktaraşdırıcı missiya göndərilməsi təklifinə rəsmi Bakı münasibət açıqlamayıb.

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Azərbaycan rəsmiləri Qarabağın erməni əhalisini reinteqrasiya etməyə çalışdığını deyir, Laçın yoluna alternativ kimi Ağdam yolunu təklif edir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG