Oktyabrın 31-dək Azərbaycan üzrə 44 min 83 ton pambıq tədarük olunub.
Bu haqda Dövlət Statistika Komitəsinin operativ məlumatında deyilir.
Tədarük 1,6 dəfə artıb
Komitənin rəqəmlərinə görə, əvvəlki illə müqayisədə pambıq tədarükü 1,6 dəfə artıb. 2015-ci ilin noyabr ayınadək 27 min 39 ton pambıq yığılmışdı.
Buna da bax: İcra başçısı pambıq yığdı
Bu il pambıq əkin sahələrinin ölçüsündə də artım müşahidə olunur.
2015-ci ildə cəmi 18 684 hektar sahədə pambıq əkilmişdisə, 2016-cı ildə bu göstərici 52 min 57 hektaradək artıb.
Saatlı birincidir
Pambıq tədarükünə görə, ilk pillədə Saatlı rayonu dayanır. Bu rayon oktyabrın 31-dək 6 639 ton pambıq tədarük edə bilib.
Buna da bax: Ötənilkindən 70% çox – 38,8 min ton pambıq yığılıb
Saatlı həm də ötən il tədarük etdiyi pambıq həcmini artıq ötüb. Ötən il rayonda cəmi 4 361 ton pambıq təhvil verilmişdi.
İkinci yerdə Sabirabad (4 534 ton), üçüncü pillədə isə Biləsuvar rayonu (4 305 ton) gəlir.
Ən iri artım Kürdəmirdə - yığım 128 dəfə artıb
Komitənin məlumatından belə görünür ki, pambıq tədarükündə ən iri yüksəliş Kürdəmir rayonu əldə edib. Rəsmi bilgiyə görə, bu rayonda tədarük ötən illə müqayisədə 128 dəfə artıb.
Öndə gedən rayonların sıralamasında ikinci yerdə Ağdaş rayonu gəlir. Ağdaşda pambıq tədarükü 50 dəfə artıb.
Buna da bax: Nazirlik: 'Sovet dövrü deyil ki... onları məcbur edən yoxdur, özləri gedirlər'
Zərdab rayonu isə tədarükü 35 dəfə artıra bilib...
Ölkə KİV-lərində yayılan xəbərlərə görə, bu il pambıq yığımına müəllimlər, həkimlər, mədəniyyət işçiləri və ASAN xidmətin əməkdaşları da cəlb edilib. Hüquqşünaslar bunu ölkə qanunvericiliyinin pozulması kimi dəyərləndirirlər. Siyasi təhlilçilər görə, isə bu Azərbaycanın sovet dövrünə qayıtmasının göstəricisi sayıla bilər. Sovetlər dövründə, hətta 4-cü sinifdən yuxarı məktəbliləri belə pambıq, üzüm yığımına aparırdılar. İndi isə siyasi təhlilçilər tez-tez bu sualı gündəmə daşıyırlar. Bu pambıq sahələri şəxsi təsərrüfatlarda əkilibsə, büdcə təşkilatlarında çalışanlar bu işə nədən cəlb edilirlər?