Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:24

Ekspertlər: ABŞ və Avropada pandemiyanın sonu görünür


ABŞ-ın baş infeksionisti Entoni Fauçi
ABŞ-ın baş infeksionisti Entoni Fauçi

ABŞ-ın baş infeksionisti Entoni Fauçi deyib ki, pandemiya “düzgün istiqamətdə” hərəkət edir

Koronavirusun yeni variantı Omikronun yayılması ilə bağlı yoluxmaların tüğyan etdiyi bir vaxtda ABŞ-ın baş infeksionisti Entoni Fauçi deyib ki, pandemiya “düzgün istiqamətdə” hərəkət edir.

The Independent qəzeti yazır ki, Ağ Evin baş tibb məsləhətçisi söhbətin yoluxmaların erkən qeydə alındığı şimal-şərq regionlarından getdiyini əlavə edib:

“Vəziyyət yaxşı görünür. Biz aşırı arxayın olmaq istəmirik, amma hadisələr düzgün istiqamətdə inkişaf edir”.

ABŞ-da son həftələrdə Omikron variantı rekord yoluxma və hospitalizasiyaya səbəb olub.

Ötən həftənin şənbə gününə olan məlumata görə ABŞ-da ümumi yoluxma sayı 70 milyon 200 minə, ölüm hallarının sayı isə 862 min 494-ə çatıb.

Cənab Fauçi deyib ki, o ABŞ-da pandemiyada dönüşü gələn ay üçün gözləyir, hərçənd ölkənin müxtəlif yerlərində bu azacıq fərqlənə bilər:

“Əgər indi ölkənin şimal-şərqi kimi yerlərdə gördüyümüz meyllər davam etsə, bütün ölkə boyunca dönüşü görməyə başlayacağıq. Bu ölkənin böyüklüyünü və regionlar arasında vaksinasiya rəqəmlərindəki fərqi nəzərə alsaq, tam vaksinlənməmiş və ya buster dozalarını tam vurdurmamış ərazilərdə bir qədər hospitalizasiya ilə bağlı çətinlik görə bilərik”.

Virusla yanaşı yaşamaq

Fauçi deyib ki, pandemiyanın sonunu dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, vaksinasiyalar və buster dozaların vurulması davam edərsə, COVID “nəzarət zonasına” düşər və sadəcə daha bir respirator xəstəliyə çevrilər.

Baş infeksionist izah edib ki, “nəzarət zonası” virusun tam məhvi və ya yox edilməsi demək deyil, onun başqa respirator infeksiyalara qaynayıb-qarışmasıdır:

“Belə olduqda biz virusla yanaşı yaşamağı öyrənəcəyik. Biz həmin səviyyəyə çatmaq istərdik. Elə bir səviyyəyə ki, normal həyatımızın axarı dəyişməyəcək. Bu ən yaxşı ssenaridir”.

Omikron varinatı vaksinasiyanın zəif aparıldığı bölgələrdə daha çox yoluxmalara səbəb olub.

Doktor Fauçi deyib ki, dördüncü doza vaksinə ehtiyac olub-olmayacağı bəlli deyil.

Alim bildirib ki, “bunu etməzdən əvvəl biz dördüncü dozanın nə müddətə effektiv olduğunu müəyyənləşdirməliyik”.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzlərinin məlumatına görə ABŞ-da əhalinin 63.4 faizi tam peyvənd olunub.

Adamların 39.9 faizinə buster dozaları vurulub.

Avropada da nikbinlik var

Bu arada AFP-nin verdiyi xəbərə görə Dünya Səhiyyə Təşkialtının (DST) Avropa üzrə direktoru deyib ki, Omikron variantı pandemiyanı yeni mərhələyə keçirib.

Hans Klüge deyib ki, “Avropa regionu, deyəsən bu məsələnin sonuna doğru gedir”.

O əlavə edib ki, mart ayınadək avropalıların 60 faizi Omikrona yoluxacaq.

Ekspertin sözlərinə görə Avropada Omikron dalğası zəiflədikcə həftələr və aylar ərzində qlobal immunitet bərqərar olacaq.

Klüge deyib ki, COVID-19 yoluxmaları gələcəkdə də qayıda bilər, lakin bu, artıq pandemiya olmayacaq.

DST-nin Afrika regionu üzrə nümayəndəliyi bildirib ki, ötən həftədən COVID-19-a yoluxmalar Omikronla gələn dördüncü dalğa ərzində ilk dəfə kəskin düşüb.

Hələ endemik deyil

Ekspertlər ümid edirlər ki, Delta variantından daha yoluxucu olsa da, vaksin olunmuş adamlarda yalnız yüngül xəstəlik törədən Omikron variantı koronavirusun endemik hala keçməsinin başlanğıcı ola bilər.

Endemik fazada koronavirus artıq mövsümi qrip kimi olacaq.

Lakin Klüge xəbərdarlıq edib ki, COVID-19 hələki endemik deyil.

Bu arada Avropa İttifaqının daxili bazarlar üzrə komissarı Tieri Breton deyib ki, mövcud vaksinləri yarana biləcək bütün yeni variantlara uyğunlaşdırmaq mümkün olacaq.

DST-nin Qafqaz və Mərkəzi Asiya da daxil Avropa regionunda yanvarın 18-ə olan məlumata görə Omikrona yeni yoluxmaların 15 faizi qeydə alınıb. Bu rəqəm bir həftə əvvəl 6.3 faiz idi.

Cənab Klüge deyib ki, bütün hallarda pandemiya dövürünün maska taxılması və fiziki məsafə saxlanması kimi sadə tədbirlərinə əməl edilməsini davam etdirmək lazımdır.

Pandemiya indiyədək dünya boyunca 5.6 milyon insanın həyatına son qoyub. Bunun 1.7 milyonu Avropanın payına düşür.

XS
SM
MD
LG