Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 04:13

Pandemiyanın epidemiyaya çevrilməsi – Qərb mediası


Bişkekdə pandemiya qurbanı tibb işçilərinə abidə qoyulub
Bişkekdə pandemiya qurbanı tibb işçilərinə abidə qoyulub

“The Economist” endemik Covid-in hardasa qriplə digər adi koronavirusların orta göstəricisi qədər itkiyə səbəb ola biləcəyini yazır

“The Economist” dünyanın Covid-19 pandemiyasına necə alışmasından yazır.

Məqalədə indiyədək dünyanın üzləşdiyi pandemiyalar xatırlanır. 1830-cu illərdə xoleradan bir ayın içində parislilərin 3 faizə yaxını ölüb. 19-cu əsrin sonunda 1 milyona yaxın insan rus qripindən dünyasını dəyişib. Bəziləri hətta buna koronavirusun səbəb olduğunu düşünürlər.

1918-ci ildə başlamış ispan qripi isə iki ilə 50 milyon insanın həyatına son qoyub.

Dünya necə görünəcək

Dərgi Covid-19-dan təxminən 16.3 milyon nəfərin öldüyünü iddia edir, bu hesablamanı əlavə ölümlər modeli əsasında aparıldığını yazır. Cons Hopkins institutu isə indiyədək koronovirusdan 5 milyona yaxın ölümün təsdiqləndiyini bildirir.

Ancaq bu xəstəliyin bəşəriyyətin indiyədək üzləşdiyi ən ölümcül xəstəlik olmadığı vurğulanır. Çünki insanların çoxu heç xəbəri olmadan yoluxa bilər.

Məqalədə bütün pandemiyaların sonda öləzidiyi, elə Covid-in də bu mənada fərqli olmadığı vurğulanır. Bu pandemiyanı fərqləndirən onun sürəti, onun endemik formaya yaxınlaşmasıdır. “Sual budur ki, nə vaxt endemik hala gələcək və o zaman dünya necə görünəcək”, – məqalədə deyilir.

“Sıfır covid”

Bir çox ölkələr Covid-in kökünü kəsməyin mümkün olmadığını qəbul edirlər. Hazırda dünyada Çin yeganə ölkədir ki, “sıfır covid” strategiyası aparır. Dünya Səhiyyə Təşkilatından Mariya Van Kerxove isə deyir ki, xəstəliyin kökünün kəsilməsi o peyda olandan az sonra qeyri-mümkün işə çevrildi, çünki bir çox ölkələr virusla mümkün qədər qətiyyətlə mübarizə apara bilmədilər.

Endemik hal virusun davamlı olaraq dövr etməsidir. Yəni yoluxmalar artır, azalır, yayılma isə davamlı, sabit və proqnozlaşdırılan səviyyədə gedir. Xəstəlik heç vaxt yoxa çıxmır.

“The Economist” poliomielit və qızılcanın 20-ci əsrdə dünyada endemik hal aldığını, hazırda isə planetin böyük hissəsindən yoxa çıxdığını yazır. Bu viruslar sadə immun sistemi ilə doğulan uşaqlara daha çox ziyan vurur, onları öldürürdü, buna görə də vaksinasiyasının təsiri böyük oldu.

“Covid-in taleyinin də belə olacağını demək çətindir. Çünki gənclərə daha az ziyan vurur, üstəlik, peyvənd olunanlar da təkrar yoluxur, xəstəliyi başqalarına yüngül formada da olsa keçirə bilirlər”, – məqalədə deyilir.

İlə 50 min – 100 min ölüm

Dünyada adi qripdən hər il əsasən yaşlılar olmaqla 290 mindən 650 minədək insanın öldüyü bildirilir. “The Economist” endemik Covid-in hardasa qriplə digər adi koronavirusların orta göstəricisi qədər itkiyə səbəb ola biləcəyini yazır. Sietldəki Fred Haçinson Xərçəng Tədqiqatları Mərkəzindən Dr. Trevor Bedfordun hesablamasına görə, təkcə ABŞ-da Covid-dən ildə 50 min- 100 min nəfər ölə bilər. Qripdən isə hər il bu ölkədə 12 min – 15 min nəfər vəfat edir.

İndiliksə dünya Covid-in endemik səviyyəsindən çox uzaqdır. Vaksinasiyanın zəif getdiyi yerlərdə xəstəxanalar dolub-daşır. Bolqarıstanda, Ukraynada, Rusiyada yoluxmalar sürətlə artır.

Vaksinlər isə yüzminlərlə insanın həyatını xilas edib, bir çox səhiyyə sistemlərinin işini davam etdirməsinə imkan verir. Məqalədə Covid-in endemik hala gələnədək aylarla, illərlə çoxsaylı problemlərə səbəb olacağı deyilir. Yəni, normal həyata aparan yol hələ xeyli çala-çuxurlu görünür.

XS
SM
MD
LG