.
Noyabrın 13-də Parisdə altı terror aktı zamanı azı 127 nəfər ölüb. Yazı yenilənir, ən son xəbər əvvəldədir.
Prezident: «Terrorun arxasında İŞİD dayanır»
İD-in yaydığı tarixsiz videomüraciətdə deyilir ki, «ABŞ koalisiyasının üzvü olduqca, Fransa əmin-amanlıq içində yaşaya bilməz». Ətraflı burada
Polis həlak olanların sayını açıqladı
Fransa paytaxtında törədilən silsiləvi terror aktları qurbanlarının ilkin sayı 127-dir, yaralılardan 80-nin vəziyyəti kritikdir.
Ölənlər arasında azərbaycanlı yoxdur
İlkin məlumata görə, Fransada baş verən hadisələrlə bağlı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Ətraflı burada
Fransa prezidenti xalqa müraciət etdi
François Hollande deyib ki, terrorçuların zərərsizləşdirilməsi və şəhərin təhlükəsizliyi üçün bütün güclər, o cümlədən silahlı qüvvələr səfərbər olunub. Bildirib ki, mümkün yeni terror aktının qarşısının alınması üçün Parisə qoşun yeridilib. Ətraflı burada
5 terrorçu öldürülüb
Parisdə azı 5 terrorist məhv edilib. Bu haqda Fransa mediası xəbər verir.
Sərhədlər bağlanıb
Fransa terrorlarında ölənlərin sayı 150-i keçib, ölkədə fövqəladə vəziyyətdir.
Noyabrın 14-ü gecə saatlarına olan məlumatda 150 nəfərin öldüyü, yüzlərlə yaralının olduğu deyilir.
Bildirilir ki, paytaxtın bir neçə rayonunda hücumçular bir-biri ilə əlaqədə fəaliyyət göstəriblər. Hücumlar Parisin mərkəzindəki «Bataclan» konsert zalında, «Le Petit Cambodge» və «Le Carillon» restoranlarında, Şaron və Federb küçələrindəki kafelərə edilib.
Üç partlayış isə «Stad de France» stadionu yaxınlığında Fransa-Almaniya futbol qarşılaşması zamanı törədilib. Həmin vaxt stadionda Fransa prezidenti, Fransa və Almaniyanın xarici işlər nazirləri də olub.
Amerika rok-qrupunun konserti gedən «Bataclan» konsert zalında 1500-ə yaxın tamaşaçı girov götürülmüşdü. Onların bir hissəsi daha sonra terrorçular tərəfindən güllələnib. CNN-nin məlumatına görə, cümə günü axşam saatlarında törədilən terror aktları nəticəsində ölənlərin sayı ümumilikdə 153 nəfərdir.
Ölkə başçısı François Hollande gecə saatlarında nazirlər kabineti ilə fövqəladə iclas keçirib. Ölkənin bütün sərhədlərinin bağlanması və ölkədə fövqəladə vəziyyətin elan olunması barədə qərar verilib. Məktəblərdə dərslər dayandırılıb, Paris sakinlərinə evlərini tərk etməmək tövsiyə olunub.
Terror hadisəsindən bir saat sonra olayla bağlı ABŞ prezidenti Barack Obama və Böyük Britaniyanın baş naziri David Cameron-un telemüraciətləri yayımlanıb. Onlar başsağlığı veriblər və terrorla mübarizədə öz yardımlarını təklif ediblər.
Parisə qoşun yeridilib
Parisin mərkəzindəki Bataclan konsert zalında baş vermiş girov qarşıdurmasında azı 100 nəfərin öldüyü xəbər verilir.
Parisdə baş vermis çoxsaylı silahlı basqın və bomba hücumlarının ardınca Fransada fövqəladə vəziyyət elan edilib.
Reuters agentliyi xəbər verir ki, ümumilikdə 140 nəfər həlak olub.
Silahlılar Bataclan zalında çox sayda adamı girov götürmüşdülər. Bundan sonra polis binaya hücum edib.
Stade de France yaxınlığında da ölənlər olub. Orada intiharçı bomba partlayışının törədildiyi düşünülür.
Paris sakinlərinə evlərini tərk etməmək tapşırığı verilib və şəhərə qoşun hissələri yeridilib.
Polis bildirir ki, əsas hücumun hədəfi Bataclan konsert zalı olub.
Müxbirlər bina ətrafına ardı-arası kəsilmədən ambulansların gəlib-getdiyini xəbər verirlər.
Parisin 10-cu sahəsindəki Le Petit Cambodge və Le Carillon restoranlarına da basqınlar olub. Orada da ölənlərin olduğu güman edilir.
Şahidlər bildirirlər ki, şəhərin 11-ci rayonundakı La Belle Equipe kafesinə yüzədək güllə atılıb.
Şəhərin Les Halles ticarət mərkəzində də atəş səsləri eşidilib.