Ermənistanın baş naziri Nikol Paşinyan martın 20-də Azərbaycan prezidenti İlham Əliyevi ikitərəfli sülh sazişini imzalamağa çağırıb. AzadlıqRadiosunun erməni xidməti Paşinyanın son 24 saatdan da az müddət ərzində üçüncü belə çağırış etdiyini yazır. Ötən həftə iki ölkə rəsmiləri sazişin mətninin yekunlaşdırıldığını açıqlayıblar.
“Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir. Azərbaycan prezidenti İlham Əliyevə sazişin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edirəm”, – Paşinyan Facebook-da yazıb.
Paşinyan çərşənbə günü iki oxşar bəyanat verib. Bu arada Azərbaycan Ermənistanın sərhəddə atəşkəs rejimini pozması ilə bağlı məlumatlar yayır. Azərbaycan Müdafiə Nazirliyi bazar günündən ən azı 11 belə bəyanat verib.
Ermənistan onların hamısını qətiyyətlə təkzib edib. Buna baxmayaraq, Paşinyan Bakını əmin edib ki, erməni qoşunlarına "atəşkəs rejimini pozmamaq" əmrini verib.
Erməni müxalifətçiləri və politoloqlar deyirlər ki, Azərbaycanın məqsədi Ermənistana növbəti hücum üçün zəmin hazırlamaq və ya Paşinyanı Bakıya əlavə güzəştlərə vadar etməkdir.
“Azatutyun” yazır ki, ötən həftə sülh müqavilə layihəsinin mətni ilə bağlı qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Yerevan artıq bir sıra güzəştlərə gedib. Sonradan rəsmi Bakı dəfələrlə bəyan edib ki, saziş yalnız Ermənistan Konstitusiyası dəyişdirilərsə, ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu ləğvi olunarsa, imzalana bilər.
Martın 19-da Ermənistan Xarici İşlər Nazirliyi bu ön şərtlərə etiraz edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə, əksinə, onların əhəmiyyətini azaltmağa çalışıb.
"Bu, məsələyə diplomatik yanaşmadır", - Qriqoryan jurnalistlərə bildirib. O, həmçinin bildirib ki, Paşinyanın Əliyevə çoxsaylı müraciətləri Ermənistan hökumətinin "sülh gündəmini" irəli aparmaq səylərinin bir hissəsidir.
Ermənistan müxalifəti uzun illərdir bildirir ki, Paşinyanın Azərbaycana qarşı barışdırıcı siyasəti Əliyevi Ermənistandan yeni güzəştlər istəməyə həvəsləndirir, real sülhü gətirmir.
Ermənistan-Azərbaycan sülh danışıqlarında son irəliləyişdən əvvəl müxalifət liderləri iddia edirdilər ki, Paşinyan yarımçıq sülh sazişi əldə etməyə çalışır, niyyəti erməniləri yanıltmaq, hakimiyyətdə qalma şansını artırmaqdır.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.