ATƏT-in Minsk qrupunun buraxılması müzakirə oluna bilən məsələdir və biz özümüz yaxın gələcəkdə bu məsələnin müzakirə olunması təşəbbüsü ilə çıxış edəcəyik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 21-də ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
Baş nazirin dediyinə görə, müzakirə oluna bilən və müzakirəyə çıxarılmayan məsələlər var.
“ATƏT-in Minsk qrupu həmsədrliyinin buraxılması müzakirə olunası məsələdir. Niyə mübahisəlidir? Çünki biz sülhə doğru irəliləyirik, bu format isə aktuallığını itirir”, – Paşinyan vurğulayıb.
2020-ci ildə 44 günlük müharibədən sonra Bakı Minsk qrupunun ləğvini tələb edib. İndi Azərbaycan bu məsələni sülh sazişinin imzalanması üçün ön şərtlərdən biri kimi irəli sürür.
ABŞ, Fransa və Rusiyanın üzv olduğu Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün yaradılıb. Onilliklər ərzində həmsədr ölkələr Azərbaycan və Ermənistan arasında vasitəçilik səyləri göstərib.
"Eskalasiya üçün əsas yoxdur"
“Hazırda eskalasiya üçün hər hansı əsas yoxdur. Özəlliklə Ermənistan və Azərbaycan bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanıdığı bir vaxtda”, – baş nazir bildirib.
Onun sözlərinə görə, “növbəti addım sülh sazişinin imzalanması olmalıdır”.
Rəsmi Bakı martın 16-dan bəri Yerevanı atəşkəs rejimini pozmaqda ittiham edir. Ermənistan isə durumu gərginləşdirmək niyyəti olmadığını açıqlayıb.
Müdafiə naziri Suren Papikyan martın 21-də deyib ki, Azərbaycan atəşkəs rejiminin pozulmasına dair faktlar təqdim etsə, Yerevan onları araşdırıb müzakirə etməyə hazırdır. S.Papikyan indiyədək Bakıdan belə faktların daxil olmadığını vurğulayıb.
Bakı və Yerevan martın 13-də sülh sazişi mətninin yekunlaşdırıldığını bəyan ediblər. Azərbaycan Ermənistandan konstitusiyasını dəyişməyi və ATƏT-in Minsk qrupunu buraxmağı tələb edir. Yerevan sənədi imzalamağa hazır olduğunu bildirib.
Paşinyan müsahibəsində deyib ki, 2027-ci ildə yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilməsi planlaşdırılır. O həmçinin referendumun 2026-cı ildə parlament seçkiləri ilə paralel keçirilməsi ehtimalını da istisna etməyib.
1990-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilib.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.