Keçid linkləri

2024, 03 İyul, çərşənbə, Bakı vaxtı 21:22

Nazeli Bağdasaryan: Paşinyanın gündəliyində Bakıya səfər yoxdur


Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan
Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi bir Azərbaycan politoloqunun Paşinyanın noyabrda Bakıda keçiriləcək COP 29 iqlim konfransında iştirak edəcəyinə dair iddiasını təkzib edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, “Azərbaycandan hökumətyönlü siyasi şərhçi” Əhməd Şairoğlu belə bir iddia ilə iyunun 6-da X platformasında çıxış edib. Şərhçi məlumatın mənbəyini açıqlamayıb.

Bununla əlaqədar Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Armenpress xəbər agentliyinə bunları deyib:

“Ekspert özünün şəxsi mülahizəsini ifadə edib və bunun baş nazir Paşinyanın iş gündəliyi ilə heç bir bağlılığı yoxdur. Baş nazir Paşinyanın gündəliyində belə bir səfər planlaşdırılmayıb”.

Azatutyun xatırladır ki, Ermənistan ötən ilin dekabrında BMT-nin iqlim sammitinə ev sahibliyi üçün müraciətini Azərbaycanın xeyrinə geri götürmüşdü. Bakı və Yerevan arasında razılaşmaya görə bunun müqabilində Azərbaycanda saxlanan 32 əsir azad edilmişdi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov noyabrda Bakıda keçiriləcək COP29 konfransını sülh müqaviləsinin imzalanması üçün yaxşı imkan adlandırmışdı. Paşinyanın ofisi bu bəyanatla bağlı yayğın bir açıqlama vermişdi:

“Sülh müqaviləsini imzalamaq üçün hər bir gün gözəl imkandır. Hazırda bunun üçün atmosferdə əhəmiyyətli dəyişiklik baş verib, amma bu, məsələnin həll olunması demək deyildir. Biz hüduda çatmışıq və indi imzalamaq qalır”.

Azatutyun yazır ki, mayın əvvəllərində “Azərbaycanın iqtidaryönlü millət vəkillərindən biri” demişdi ki, Paşinyan rəsmi qaydada Bakıya dəvət edilməlidir.

Onsuz da ittiham edirlər

Azatutyun yazır ki, siyasi opponentləri Nikol Paşinyanı hakimiyyətini qoruyub saxlamaq naminə Azərbaycana, habelə Türkiyəyə böyük güzəştlər etməkdə ittiham edirlər.

Baş nazirin Qazax rayonuna aid dörd kəndin Azərbaycana qaytarılmasına dair son qərarı isə müxalifət və tənqidçiləri daha da hiddətləndirib. Onlar iddia edirlər ki, Azərbaycan tərəfi Ermənistanın bu addımlarına qarşılıq vermir.

Paşinyan bildirmişdi ki, 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilmiş dörd kənd Bakının nəzarətinə qaytarılmasa, yeni müharibə qızışa bilər.

Onun bəyanatları Azərbaycana qaytarılacaq kəndlərə qonşu erməni kəndlərində narazılıq yaradıb.

Müxalifət və Erməni Kilsəsi bu narazılıqları antihökumət etirazlarına yönəltməyə çalışıb.

Tavuş rayonunun arxiyepiskopu Baqrat Qalstanyan etirazçılarla birlikdə Yerevana yürüş edib və Ermənistan paytaxtında bir neçə mitinq keçirib.

Erməni Kilsəsi və müxalifət tərəfindən dəstəklənən keşiş Paşinyanın istefasını tələb edir.

Paşinyanın özü, onun hökuməti və iqtidar deputatları Kilsəni siyasətə qarışmaqda ittiham edirlər.

Onlar bunu da bildirirlər ki, Qalstanyanın başçılıq etdiyi hərəkatın arxasında keçmiş prezident Robert Koçaryan dayanır.

Bundan əvvəl

Bütün bunlara baxmayaraq sözü gedən dörd kənd Azərbaycanın nəzarətinə qaytarılıb, sərhədin demarkasiya edilmiş bu hissəsinin hər iki tərəfində Azərbaycan və Ermənsitan sərhədçiləri yerləşdirilib.

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilmişdi.

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunurdu.

Daha sonra bu razılaşmaya əsasən sərhədin delimitasiyasına və sərhəd dirəklərinin basdırılmasına başlanıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG