Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:25

Merkel Putinlə Belarus-Polşa sərhədindəki böhran barədə danışıb


Polşa-Belarus sərhədi
Polşa-Belarus sərhədi

Polşanın Müdafiə Nazirliyi miqrantların sözügedən Bruji-Kuznitsa sərhəd məntəqəsi yaxınlığında düşərgə saldığını deyir

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinə zəng edərək Belarusun miqrantlardan “qeyri-insani” bir şəkildə alət kimi istifadə etməsini dayandırmağa çağırıb.

Polşa hökuməti noyabrın 10-da onlarca miqrantın sərhədi keçdikdən sonra saxlandığını xəbər verir.

Almaniya hökumətinin sözçüsü Steffen Zeybert noyabrın 10-da Twitter-də yazıb ki, Merkel Putinlə söhbətində Belarus rejiminin miqrantları alət etməsinin “qeyri-insanı və qeyri-məqbul” hərəkət olduğunu deyib.

Merkel Putindən Moskvanın müttəfiqi, avtoritar Alyaksandr Lukaşenkanı Avropa İttifaqının sərhədində gərginlik yaratmaqdan çəkindirməyə çağırıb.

Son aylarda Yaxın Şərqdən, Cənubi Asiya və Afrikadan olan minlərlə miqrant Belarus ərazisindən Avropa İttifaqının üzvü olan Polşa, Latviya və Litvanın ərazisinə keçməyə çalışır.

Lukaşenkanın əks-ittihamları

Avropa İttifaqı Lukaşenkanı miqrantları bilərəkdən onun sərhədinə gətirməkdə ittiham edir. Brüssel bildirir ki, o bu yolla ittifaqdan onun rejimi üzərinə qoyulmuş sanksiyalarına görə qisas alır.

Lukaşenka hökuməti isə əksinə Polşanı və Avropa İttifaqını insan haqlarını pozmaqda və miqrantların sığınacaq üçün müraciət etmələrinin qarşısını almaqda günahlandırır.

Bundan əvvəl Polşanın RMF radiosu 200-dək miqrantın Polşa ərazisinə keçməyə cəhd göstərdiyini xəbər vermişdi.

Hazırda minlərlə miqrant şaxtalı havada Polşa-Belarus sərhədində qalıb.

Polşa polisi sərhəd bölgəsində son 24 saat ərzində 50-dən çox miqrantın saxlandığını xəbər verir.

AFP agentliyi bildirir ki, onlarca miqrant Polşa ərazisinə keçə bilib.

Polis bunu da bildirir ki, sərhədə 15 minədək hərbçi yerləşdirilib.

Bu arada noyabrın 10-da Kremlin sözçüsü Dmitri Peskov Polşa-Belarus sərhədində yaranmış gərginliyə görə Rusiyanın məsuliyyət daşıdığına dair ittihamları rədd edib.

Avropa Belarusla viza razılaşmasını qismən dayandırır

Avropa Şurası Polşa-Belarus sərhədində miqrant böhranı yaratmaqla Avropa İttifaqı üzərinə “hibrid hücumlar” etdiyinə görə Minsklə viza rejiminə dair razılaşmanı qismən dayandırıb.

Avropa Şurası noyabrın 9-da bildirib ki, razılaşmanın qismən dayandırılması adi vətəndaşları təsirləndirməyəcək.

Lakin Belarus rəsmiləri bundan sonra Avropa İttifaqına səfərlər üçün sadələşdirilmiş viza rejimindən istifadə edə bilməyəcəklər.

Avropa İttifaqının Daxili İşlər Ofisinin rəhbəri, Sloveniyanın daxili işlər naziri Ales Hoys deyib:

"Biz Belarusun miqrasiyadan alət kimi davamlı istifadəsini ən qəti şəkildə pisləyirik və rədd edirik. Belarusun öz siyasi məqsədləri üçün adamların həyatı ilə belə oynaması qeyri-məqbuldur. Bizim bugünkü qərarımız bu davam edən hibrid hücumuna qarşı olduğumuzu bir daha təsdiq edir”.

Noyabrın 9-da Belarus tərəfində olan miqrantlar sərhəd hasarını dağıtmağa cəhd göstərdikdən sonra Polşa bu ölkə ilə rəsmi sərhəd keçidini bağlayıb.

Hazırda Belarus-Polşa sərhədində 4 minədək əsasən İraqdan olan miqrant var.

Polşa Belarusla sərhədi bağlayır

Polşanın Belarusla sərhədi bağlamasından sonra Minsk Varşavaya “istənilən provokasiya” ilə bağlı xəbərdarlıq edib.

Polşanın Baş naziri Mateusz Moravieski noyabrın 9-da Twitter-də yazıb ki, “bütünlükdə AB-nin sabitliyi və təhlükəsizliyinə risk var”. O, sərhəd boyunca miqrant böhranını Belarus lideri Alyaksandr Lukaşenka hökumətinin idarə etdiyi “hibrid hücum” olduğunu deyib.

Belarusun Müdafiə Nazirliyi isə iddiaları “əsassız” adlandırıb. Xarici İşlər Nazirliyi bəyanatında “aralarında çoxlu uşaq və qadının olduğu, pis durumda, silahsız adamlara qarşı gücdən qanunsuz istifadəni əsasıandırmaqdan ötrü Belarus Respublikasına qarşı hər hansı provokasiya” ilə bağlı Varşavaya xəbərdarlıq edib.

Polşa hakimiyyəti minlərlə miqrantın sərhədin Belarus tərəfində gecələdiyini deyir.

***

Polşa noyabrın 9-da səhərdən Belarusla şərq sərhədində keçid məntəqəsini bağlayır. Sərhədə yığılmış miqrantların sərhəddəki tikanlı məftili qırıb keçmək cəhdi miqrasiya böhranını qızışdırıb, Avropa Birliyini təlaşa salıb.

Polşanın Müdafiə Nazirliyi miqrantların sözügedən Bruji-Kuznitsa sərhəd məntəqəsi yaxınlığında düşərgə saldığını deyir.

3-4 min miqrant sərhədə yığışıb

Polşa hökumətinin noyabrın 8-də Twitter-də yaydığı videolarda adamların tikanlı məftilli sərhədi şalbanla keçməyə çalışdığı görünür. Daxili İşlər Nazirliyi cəhdin qarşısını aldığını bildirib.

Hökumətin sözçüsü Piotr Mueller noyabrın 8-də jurnalistlərə deyib ki, Belarusun Polşa ilə sərhədinə 3 min- 4 min miqrant yığışıb, minlərlə insan onların ardınca gəlməyə hazırdır.

“Yaxın gələcəkdə Polşa sərhədində bu cür hərəkətlərin güclənə biləcəyini gözləyirik, silahlı cəhd də ola bilər”, – o, sözlərinə əlavə edib.

Mueller “Belarus xüsusi xidmətlərinə bağlı şəxsləri” sərhəd maneəsini keçmək cəhdinin təşkilində suçlayıb.

Belarus ittihamları qəbul etmir

Adamların sərhədə yığışması aylardır davam edən böhranın güclənməsidir. Avropa Birliyi Belarusu idarə edən Alyaksandr Lukaşenkanı Yaxın Şərq və Afrikadan miqrantları Minskə yığaraq onları AB üzvləri Litva, Latviya və Polşa ilə sərhədlərinə göndərməkdə suçlayır. Belarusun bunu müxalifətə divan tutmasına görə tətbiq olunmuş sanksiyalara cavab olaraq etdiyi bildirilir.

Lukaşenka isə ittihamı rədd edir.

Belarus Dövlət Sərhədi Komitəsi Polşa hakimiyyətinin “biganə və rəhmsiz münasibəti”nin qaçqınları çarəsizliyə vadar etdiyini deyib.

Komitənin sözçüsü Anton Biçkovski “AP”yə deyib ki, miqrantlar “AB-də qaçqın status almaq hüquqlarından istifadə etmək” istəyirlər. Biçkovski onların “təhlükəsizliyə hədə yaratmadığını” vurğulayıb.

AB sanksiyaları genişləndirəcəkmi?

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen noyabrın 8-də Polşa, Litva və Latviyanın baş nazirləri ilə danışıb və sonradan AB üzvlərini “bu hibrid hücuma görə məsuliyyət daşıyan Belarus hakimiyyətinə genişləndirilmiş sanksiya rejimini nəhayət təsdiqləməyə” çağırıb.

Onun sözlərinə görə, AB sanksiyanı necə tətbiq etməyi araşdıracaq, buraya “insan alverində fəallıq göstərən üçüncü ölkənin hava şirkətlərinin qara siyahıya salınması” da daxildir.

Almaniyanın Daxili işlər naziri vəzifəsini icra edən Horst Sihofer Avropa Birliyini hərəkətə keçməyə çağırıb, nə Polşanın, nə də Almaniyanın böhranı təkbaşına idarə edə biləcəyini deyib.

ABŞ Dövlət Departamenti Belarus-Polşa sərhədindən gələn “təlaş yaradan təsvir və məlumatlardan” narahatlıq ifadə edib.

Polşa sərhədində fövqəladə vəziyyət elan edib, əsgər və sərhədçilərin sayını artırıb. Deputatlar şərq sərhədində hasar tikintisinə 407 milyon dollar ayrılmasını təsdiqləyib.

XS
SM
MD
LG