Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Prezident monopolistlərə qarşı: 2-ci raund


İlham Əliyev
İlham Əliyev

►Ekspertlər deyir, məmurlar biznesdən çəkilməlidir

İdxalda inhisarçılağa son qoyulması, şəffaf mühitin yaradılması haqda prezident İlham Əliyevin dekabrın 23-də səsləndirdiyi fikirlər sahibkarları müəyyən qədər ruhlandırıb.

“Malların idxalı sahəsində ayr-ayrı şəxslərin gizli imtiyazlarının aradan qaldırılması, gömrük sistemində himayədarlığın və “çətir altda” fəaliyyətin ortadan götürülməsi iqtisadi fəallığın artmasına, iqtisadiyyatın inkişafına səbəb olacaq”. Bunu AzadlıqRadiosuna Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibinin müavini Mehman Mehmanov deyib.

Gömrük sahəsində çoxdan gözlənilən liberallaşma ölkədə rəqabət mühitinə yeni nəfəs verəcək, sahibkarların imkanlarının genişlənməsinə gətirib çıxaracaq.

“İdxal fəaliyyətinin müəyyən qrupların əlində cəmləşməsi daha çox sahibkarın öz qabiliyyətini ortaya qoymaq imkanını əngəlləyirdi. Bu həm də daha çeşidli malların ölkəyə gətirilməsinə, qiymətlərin aşağı düşməsi qarşısına sədd çəkirdi. Azad rəqabət mühitinin yaradılması nəticəsində Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının sərbəst dövriyyəsi baş verəcək”, - deyə ASK rəsmisi qeyd edib.

Mehman Mehmanov deyir ki, müxtəlif ölkələrdən gələn rəsmi qonaqlar təəccüblə deyirlər ki, onların Azərbaycana göndərdikləri mallar daha çoxdur, nəinki yerli gömrükdə əks olunan rəqəmlər. Bu neqativ halların aradan qaldırılması şəffaflıqla yanaşı, dövlət büdcəsinin gəlirlərinə də təsir edəcək.

Buna da bax: "Oğlum həbsxanaya aslan kimi girib, aslan kimi də çıxacaq"

Eyni zamanda Mehman Mehmanov məmurlara da xitab edib:

"Sahibkarlar Konfederasiyasının mövqeyi aydındır – biz dövlət qulluğu ilə bir araya sığmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın gerçək sahibkarların bazara çıxış imkanlarını məhdudlaşdırdığını və buna görə də artıq seçim anı olduğunu deyirik. Nə qədər ki, ayrı-ayrı malların idxalını müəyyən şəxslər nəzarətdə saxlayır, ölkədə sağlam rəqabət mühitni yaratmaq çətin olacaq, sahibkarların islahatlara güvəni olmayacaq."

Natiq Cəfərli
Natiq Cəfərli

“Respublikaçı Alternativ” Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli isə ölkənin üzləşdiyi ağır iqtisadi situasiyada gömrük sahəsində kölgəli tərəflərin aradan qaldırılmasının yetərli olmayacağı fikrindədir. O həm də gömrük qapılarının sahibkarların üzünə açılmasını gecikmiş addım kimi dəyərləndirir.

“Çünki, ölkəyə xarici valyuta axını azalıb. Buna görə də, hökumətin əsas hədəfi ölkəyə dollar axıdan kanalları artırmaq olmalıdır”.

Amma o hesab edir ki, ixracat yönümlü iqtisadiyyata nail olmaq tez başa gəlmir. Bunun üçün bir neçə zəruri addım atılmalıdır: azad və ədalətli məhkəmə sistemi yaradılmalı, mülkiyyətin toxunulmazlığı hüququ təmin edilməli, maliyyə amnistiyası elan olunmalı, idarəetmədə dəyişikliklər edilməli, ciddi siyasi islahatlar aparılmalıdır.

Qeyd edək ki, bu, prezidentin gömrüklə bağlı ikinci addımıdır. Bundan əvvəl o, gömrük qaydalarını sadələşdirib. Fərmana görə, fiziki şəxslər şəxsi istifadə üçün nəzərdə tutulan, 10 000 ABŞ dolları məbləğinəcən malı Azərbaycana gömrük haqqı ödənilmədən keçirə bilərlər. Amma fərmandan sonra da gömrükdən şikayətlər eşidilməkdədir.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG