Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

Prezident: '...Nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər'


İ.Əliyev
İ.Əliyev

«Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər».

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik nitqində koronovirusla mübarizədən bəhs edərkən söyləyib.

O vurğulayıb ki, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb olunacaq.

Dövlət başçısı bildirib ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur, eyni zamanda, açıq təxribat da görünür: «Bu təxribat haradan gəlir, beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü «müxalifət» adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir».

Prezidentin deməsinə görə, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır: «Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar».

İ.Əliyevin deməsinə görə, bu xəstəliyin hələ nəyə gətirib çıxaracağı bilinmir, ona görə də bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaq: «Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər...».

A.Hacılı: «Beşinci kolonu iqtidarın içində axtarmaq lazımdır»

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı prezidentin bayram nitqində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirərkən deyib ki, beşinci kolonu müxalifətin yox, iqtidarın içində axtarmaq lazımdır:

«Bütün dünya liderləri koronavirusla bağlı çıxışlarında cəmiyyətin təşkilatlandırılması üçün pozitiv mesajlar verməyə çalışırlar. Təəssüf ki, İlham Əliyev öz çıxışında yenə barmaq silkələdi və yenə daxili düşmənlərdən danışdı. Azərbaycanda beşinci kolonun fəaliyyəti var. Beşinci kolona aid olan çox şəxslər hakimiyyətin yüksək eşelonlarında təmsil olunurlar. Xüsusilə Azərbaycanda Rusiyanın maraqlarını təmsil edən bir çox şəxslərdən söhbət gedir. Onların bəziləri yüksək vəzifələrdən kənarlaşdırılsalar da, yenə də İranın və Rusiyanın mənafeyini ifadə edən, Azərbaycan mənafeyinə uyğun olmayan fəaliyyətlə məşğul olan adamlar var. Onların kimliyini İlham Əliyev çox yaxşı bilir».

A.Hacılı
A.Hacılı

A.Hacılı koronovirusla mübarizədən də danışıb: «Biz Azərbaycan cəmiyyətinə nə etmək lazım olduğunu izah etməyə çalışırıq, cəmiyyətin təlimatlandırılmasına, toparlanmasına çalışırıq, tövsiyələrimizi veririk. Biz hakimiyyətə də öz tövsiyələrimizi veririk. Bu halda demokratik müxalifətə irad tutmağa heç bir əsas yoxdur».

A.Hacılı əlavə edib ki, indiki məqamda iradlar dövlət strukturlarına bildirilməlidir: «Bu strukturların indiki vəziyyətdə fəaliyyətsizliyi narahatlıq doğurmalıdır. Ölkədə səhiyyə nazirinin mövcud olub-olmaması cəmiyyətə məlum deyil. İndiki şəraitdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti genişlənməlidir. Bu nazirlik faktiki olaraq iflic vəziyyətindədir. Ona görə də, problemləri müxalifətdə yox, hakimiyyətin daxilində və onun fəaliyyətində axtarmaq lazımdır».

S.Həzi
S.Həzi

S.Həzi: «Mən bu çıxışı xəstəliyə qarşı yox,...»

Başqa bir müxalif qüvvənin - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi isə bildirib ki, təmsil etdiyi partiyanın koronavirusla bağlı mövqeyi aydındır: «Mövqeyimizə baxsaq, görərsiniz ki, biz xalqı panikaya uymamağa çağırırıq. Partiya sədri qiymətli təkliflər verir. Ola bilsin, hakimiyyət fürsətdən istifadə edib hansısa müxalifətçiləri təcrid edəcək. Mən bu çıxışı xəstəliyə qarşı yox, müxalifətə qarşı ünvanlı yanaşmaq kimi görürəm. Hazırda bütün vicdanlı insanlar bütün səylərini ölkənin bu vəziyyətdən yaxşı çıxması üçün yönəltməlidir. Bu şəraitdə istənilən qarşıdurma ölkəyə xeyir verməz».

Hələlik, müxalifətin Səhiyyə və Fövqəladə Hallar nazirlikləri ilə bağlı tənqidlərinə bu qurumdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra-fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Bu müddət sonra daha iki həftə uzadılıb. Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb. Martın 14-dən etibarən də Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb. Dünən - martın 18-dən isə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılıb. Azərbaycanda martın 14-dən etibarən bir ay ərzində kütləvi tədbirlər də dayandırılıb.

Son bir neçə ayda dünyada bu virusdan 9 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Bundan başqa, Azərbaycanda, əsasən, İran və İtaliyadan gələn yüzlərlə şəxsin koronovirusa yoluxma təhlükəsi ilə karantində saxlandığı açıqlanıb.

XS
SM
MD
LG