Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:01

Ağ evin sözçüsü də COVID-19-a yoluxub


Moskva, reanimasiya şöbəsi
Moskva, reanimasiya şöbəsi

Oktyabrın 31-də Rusiyada yeni rekord yoluxma aşkarlanıb. Son 24 saat ərzində 41 minə yaxın yoluxma, 1158 ölüm qeydə alınıb

Ağ evin sözçüsü Jen Psaki vaksin olunmasına baxmayaraq COVID-19-a yoluxub. O, Bayden administrasiyasının indiyədək koronavirusa tutulduğu bilinən ən yüksək çinli üzvüdür.

Psaki testinin müsbət çıxdığını, yüngül simptomlar keçirdiyini oktyabrın 31-də Twitter-də yazıb.

Sözçü oktyabrın 26-dan Prezident Co Bayden, yaxud Ağ evin aparıcı əməkdaşları ilə üzbəüz təmasda olmadığını söyləyib. Psaki ailə üzvündə virus çıxandan, oktyabrın 27-dən karantinə başlayıbmış.

Romadan Qlazqoya gedən Bayden oktyabrın 30-da test verib və nəticə mənfi çıxıb, Ağ ev bildirib.

Psaki daha öncə deyirdi, 78 yaşlı Bayden tez-tez test olunur, Pfizer/BioNTech vaksininin üç dozasını vurdurub. Ona üçüncü doza sentyabrın 27-də vurulub.

Rusiya

Bu arada Rusiyada COVID-19-a yoluxmalar artmaqdadır. Oktyabrın 31-də yeni rekord yoluxma aşkarlanıb. Son 24 saat ərzində 41 minə yaxın yoluxma, 1158 ölüm qeydə alınıb.

146 milyon əhalisi olan Rusiyada pandemiya başlanandan 8.5 milyondan artıq yoluxma, 238 min 538 ölüm təsdiqlənib.

Ancaq bunlar koronavirusa qarşı işçi qrupun hesabladığı, virusla birbaşa bağlı ölüm hallarıdır. Rosstat dövlət statistika xidməti COVID-19-dan ölümləri daha geniş kriteriya üzrə hesablayır. Oktyabrın 29-da açıqlanmış rəqəmlərdə sentyabrın sonunadək 462 minə yaxın, yəni işçi qrupunkundan iki dəfə artıq ölümün qeydə alındığı bildirilir.

Yoluxmaları səngitmək məqsədilə Prezident Vladimir Putin oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri elan edib. Əksər dövlət qurumları və özəl şirkətlər işi dayandırır.

Oktyabrın 28-dən Moskvada bağçalar, məktəblər, idman zalları, əyləncə məkanları, mağazaların çoxu qapadılıb. Yalnız ərzaq dükanları, apteklər, vacib infrastrukturu işlədən şirkətlər çalışır.

Səyahətə gedirlər

Muzeylərə, teatrlara, konsert zallarına giriş COVID-19 pasportu ilədir. Yaşı 60-dan yuxarı peyvənd olunmayanların evdə qalması göstərişi verilib.

Bu müddətdə rusiyalıların çoxu ya Qara dənizə tətilə, ya da Misirə, Türkiyəyə səyahətə gedirlər.

Hakim orqanlar yaranmış vəziyyətə görə vaksinasiyanın ləng getməsini səbəb göstərirlər. Əhalinin üçdə biri – 51 milyona yaxın insan tam peyvəndlənib.

Dünyaya gəlincə, Avstraliya noyabrın 1-dən pandemiya başlanandan ilk dəfə sərhəd qadağalarını yüngülləşdirib. Vaksin olunmuş vətəndaşları sərbəst səyahətə çıxa bilərlər. Sərhəd 18 ay idi bağlanmışdı.

İlkin mərhələdə Avstraliya vətəndaşlarına, daimi rezidentlərə və onların ailələrinə səyahət icazəsi verilir. Ölkənin tədricən xarici ziyarətçilər və işçilərin üzünə yenidən açılması planlaşdırılır.

XS
SM
MD
LG