Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Mübariz İbrahimova görə psixoloqa 3 il həbs tələb olundu


Nərmin Şahmarzadə
Nərmin Şahmarzadə

Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında Facebook səhifəsində yazdığı fikirlərə görə ona 3 il həbs cəzası verilməsi tələb olunub.

Bu tələbi oktyabrın 21-də Xətai rayon Məhkəməsində Milli Qəhrəmanın anası Şamama İbrahimovanın vəkili Ramil Rüstəmov səsləndirib.

Məhkəmədə hakim öncə ekspert rəyini təqdim edib. Rəydə Nərmin Şahmarzadənin statuslarında yazdığı “...öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "...Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun "şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar" kimi qiymətləndirilib.

Nərmin Şahmarzadə rəyin ədalətli olmadığını deyib.

Qarşı tərəf Nərmini həm də Mübariz İbrahimova böhtan atmaqda günahlandırıb. Vəkil Ramil Rüstəmov deyir ki, psixoloq öz statuslarında Milli Qəhrəmanı "günahsız erməniləri öldürməkdə" ittiham edib.

Nərmin Şahmarzadə bu fikirlə razılaşmayıb. O bildirib ki, 1999-2000-ci illərdə doğulan gənclərin bu müharibədə günahı yoxdur və köhnə nəslin əməllərinin bədəlini də onlar ödəməməlidir:

"Təəssüf ki, biz də, onlar da nifrət toxumuyla böyüdülürük. Mən istəyirəm müharibə olmasın, qan tökülməsin. Torpaqlar azad edilməlidirsə də bu, müharibə yoluyla olmamalıdır. Axı bu, çıxış yolu olmayan məsələ deyil".

Ardınca məhkəmə istintaqı başa çatıb. Xüsusi ittihamçının nümayəndəsi çıxışında Nərmin Şahmarzadəyə 3 il həbs cəzası verilməsini istəyib.

Nərminə isə hakim müdafiə çıxışı üçün oktyabrın 23-nə qədər vaxt verib.

Xatırlatma

CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə ittiham olunan Nərmin Şahmarzadə özünü təqsirli bilmir.

O, bundan öncə məhkəmədə ifadəsində də deyib ki, yazdığı statusda İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb. Həmin statusundan sonra təzyiqlərə məruz qaldığını, üstünə yanan siqaret atıldığını deyən psixoloqun sözlərinə görə qarşı tərəfin məhkəməyə təqdim etdiyi statusların əksəriyyətini o yazmayıb:

"Mənim adıma saxta profillər açıb, Azərbaycan kişilərinin, Mübariz İbrahimovun, ölkə prezidentinin və digər yüksək vəzifə sahiblərinin ünvanına təhqir dolu fikirlər paylaşmağa başladılar. Saytlar da araşdırma aparmadan bunları mənim fikrim kimi yayıb, mənə qarşı qəzəb və nifrət hissini daha da alovlandırdılar. Saytlardan birində mənim başıma 3 milyon 500 min pul qoyulması barədə yazı getmişdi".

Nərmin Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.

Məhkəmədə Nərmin Şahmarzadənin həbsi tələbilə üç nəfər - Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev, vəkil Ramil Rüstəmov və Şamama İbrahimova olsa da, onlardan ancaq Milli Qəhrəmanın anasının şikayəti icraata götürülüb. Ramil Rüstəmov hazırda bu işdə Ş.İbrahimovanın nümayəndəsi və vəkili kimi iştirak edir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

22-yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.

XS
SM
MD
LG