Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Ekspertiza Mübariz İbrahimov haqqında statuslara rəy verdi


Məhkəmədə N.Şahmarzadəyə etiraz. 10 oktyabr 2019
Məhkəmədə N.Şahmarzadəyə etiraz. 10 oktyabr 2019

Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında Facebook səhifəsində yazdığı fikirlərlə bağlı ekspertizanın rəyi məlum olub. Məhkəmə Ekspertiza Mərkəzi belə nəticəyə gəlib ki, N.Şahmarzadənin M.İbrahimov haqqında yazdıqları onun şərəfini ləkələyən, nüfuzdan salan məlumatdır.

Bu ekspertiza M.İbrahimovun anası, psixoloqun həbsini tələb edən Şamama İbrahimovanın məhkəmə iddiası əsasında keçirilib. Xətai rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıran Ş.İbrahimova N.Şahmarzadənin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılmasını istəyir. Facebook-da yayılan fikirlərdə böhtan və təhqirin olub-olmamasının müəyyənləşdirilməsi üçün hakim bu ilin mayında ekspertiza təyin etmişdi.

Oktyabrın 10-da məhkəmədə ekspertin rəyi açıqlanmalıydı. Lakin N.Şahmarzadə məhkəmə prosesinə gəlməyib.

Ş.İbrahimovanın vəkili Ramil Rüstəmov buna etiraz edib, bunu məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib.

Hakim Cavid Hüseyn deyib ki, əgər növbəti məhkəmə iclasına da gəlməsə, N.Şahmarzadənin haqqında məcburi gətirilmə qərarı çıxarılacaq. Növbəti iclas isə oktyabrın 21-nə təyin edilib.

AzadlıqRadiosunun məlumatına görə, rəydə «...öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır» və «...Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman» cümlələri M.İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar kimi qiymətləndirilib.

N.Şahmarzadə ifadəsində nə deyib

N.Şahmarzadə isə özünü təqsirli bilmir. O, bundan öncə məhkəmədə ifadəsində də deyib ki, yazdığı statusda M.İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb. Həmin statusundan sonra təzyiqlərə məruz qaldığını, üstünə yanan siqaret atıldığını deyən psixoloqun sözlərinə görə, qarşı tərəfin məhkəməyə təqdim etdiyi statusların əksəriyyətini o yazmayıb:


«Mənim adıma saxta profillər açıb, Azərbaycan kişilərinin, Mübariz İbrahimovun, ölkə prezidentinin və digər yüksək vəzifə sahiblərinin ünvanına təhqir dolu fikirlər paylaşmağa başladılar. Saytlar da araşdırma aparmadan bunları mənim fikrim kimi yayıb, mənə qarşı qəzəb və nifrət hissini daha da alovlandırdılar. Saytlardan birində mənim başıma 3 milyon 500 min pul qoyulması barədə yazı getmişdi».

N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.

Məhkəmədə N.Şahmarzadənin həbsi tələbiylə üç nəfər - Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev, vəkil Ramil Rüstəmov və Şamama İbrahimova olsa da, onlardan ancaq Milli Qəhrəmanın anasının şikayəti icraata götürülüb. R.Rüstəmov hazırda bu işdə Ş.İbrahimovanın nümayəndəsi və vəkili kimi iştirak edir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

22-yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.

XS
SM
MD
LG