Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:40

Xaricdən Azərbaycana göndərilən pulun miqdarı 3 dəfə artıb


 Ötən il xarici ölkələrdən Azərbaycana 3 milyard 620 milyon dollar köçürülüb.
Ötən il xarici ölkələrdən Azərbaycana 3 milyard 620 milyon dollar köçürülüb.

Mərkəzi Bank ötən il boyunca xarici ölkələrdən Azərbaycana göndərilən pul köçürmələrinə dair göstəricilərini açıqlayıb. Açıqlanan göstəricilərdən bəlli olur ki, 2022-ci ildə Azərbaycanda pul köçürmələrində rekord qeydə alınıb. Ötən il xarici ölkələrdən Azərbaycana 3 milyard 620 milyon dollar köçürülüb. Müqayisə üçün: 2021-ci ildə həmin rəqəm 1 milyard 133 milyon dollar idi. Deməli, 2022-ci ildə Azərbaycana xaricdən daxil olmuş pul baratlarının həcmi 2.5 milyard dollar və ya 3.2 dəfə artıb. Daha bir il öncə - 2020-ci ildə sözügedən köçürmələrin həcmi 1 milyard 94 milyon dollar, 2019-cu ildə isə 934 milyon dollar olmuşdu.

Artımın səbəbləri

Mərkəzi Bankın açıqladığı rəqəmlərdən aydın olur ki, xaricdən göndərilən pulların həcmindəki bu kəskin artım, əsasən, Rusiyadan qaynaqlanır. Rəsmi rəqəmlərə görə, ötən il Rusiyadan Azərbaycana 2 milyard 969 milyon dollar köçürülüb. 2021-ci ildə həmin rəqəm beş dəfə az - 623 milyon dollar idi. Bu, həm də o deməkdir ki, 2022-ci ildə Azərbaycana göndərilən pul həcmindəki 2 milyard 487 milyon dollarlıq artımın 2 milyard 346 milyon dolları - 94 faizi Rusiyadan gələn pullardır.

Xatırlatmağa dəyər ki, ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumuna cavab olaraq bir çox irəliləmiş iqtisadiyyata sahib ölkə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etdi. Həmin sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatına ciddi zərər dəydi. Ölkənin milli valyutası rublun dəyər itirməsi, eləcə də Rusiya banklarının beynəlxalq ödəniş sistemlərindən kənarlaşdırılması, ölkədə xarici valyuta alışına tətbiq edilən məhdudiyyətlər Rusiyada yaşayanların öz yığımlarını ölkədən çıxarmağa vadar edən əsas səbəblərdir. Unutmaq olmaz ki, Rusiyada yüz minlərlə azərbaycanlı çalışır. Bu baxımdan, Rusiyadakı iqtisadi durum üzündən həmin şəxslərin öz vəsaitlərini Azərbaycana gətirdiyi görünür.

Digər ölkələrlə bağlı durum necədir?

Azərbaycana göndərilən pul köçürmələrinin həcminə görə Rusiyadan sonra ikinci yeri ABŞ tutur. Ötən il ABŞ-dan Azərbaycana pul köçürmə sistemləri ilə 155 milyon dollar göndərilib. ABŞ-dan gələn köçürmələrdə diqqətçəkən məqam son illər bu istiqamətdə də ciddi artımların baş verməsidir. Məsələn, 2021-ci ildə ABŞ-dan Azərbaycana 72 milyon dollar, 2020-ci ildə 53 milyon dollar, 2019-cu ildə 40 milyon dollar göndərilmişdi. Bu o deməkdir ki, son üç ildə ABŞ-dan Azərbaycana pul köçürmələrinin həcmi təxminən dörd dəfə artıb.

Ölkəyə ən çox pul göndərilən üçüncü ölkə Türkiyə olub. Ötən il Türkiyədən Azərbaycana 122 milyon dollar göndərilib. Bu, toplam köçürmələrin 3.4 faizi deməkdir. Almaniyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmində də kəskin artım qeydə alınıb. Ötən il belə köçürmələrdə dördüncü yerdə olan Almaniyadan Azərbaycana köçürülən pulun həcmi iki dəfə artaraq 27 milyon dollardan 54 milyon dollara yüksəlib. İlk beşlikdəki digər ölkə Birləşmiş Krallıqdır. 2022-ci ildə Böyük Britaniyadan Azərbaycana 34 milyon dollar dəyərində pul köçürülüb. Bu, 2021-ci illə müqayisədə 3 milyon dollar aşağı göstəricidir.

Qazaxıstan (33 milyon dollar), BƏƏ (31 milyon dollar), Gürcüstan (28 milyon dollar), Səudiyyə Ərəbistanı ( 15 milyon dollar) və İsrail də (13 milyon dollar) pul köçürmələrinin həcminə görə ilk onluğa daxildir.

Pul köçürmələri ilə bağlı diqqətçəkən daha bir məqam öncəki illərdə pul köçürmələrinə görə ön sıralarda olan Ukraynanın öz yerini itirməsidir. Belə ki, əgər 2021-ci ildə Ukraynadan Azərbaycana 30 milyon dollar həcmində pul köçürülmüşdüsə, ötən il bu rəqəm beş dəfə azalaraq cəmi 6 milyon dollar olub. Bu baxımdan aydın olur ki, müharibə Rusiyadan Azərbaycana köçürülən pulu beş dəfə artırdığı halda, Ukraynadan gələn pul köçürmələrini o qədər azaldıb. Ukraynadan köçürmələrin azalmasının başlıca səbəbi orada yaşayan çox sayda azərbaycanlının müharibə başlayandan sonra təxliyə edilməsi, eləcə də ölkə iqtisadiyyatının müharibədən ciddi zərər görməsidir.

Bəs Azərbaycandan hansı ölkələrə pul göndərilir?

Mərkəzi Bankın açıqladığı rəqəmlərdə Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələri də əksini tapıb. Ötən il belə köçürmələrin həcmi 665 milyon dollara yaxın olub. Bu, 2021-ci ildəki göstərici ilə (662 milyon dollar) təxminən eyni nəticə deməkdir. 2022-ci ildə Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib – 174 milyon dollar. Bu, bütün pul göndərişlərinin 26 faizidir.

Azərbaycandan ən çox pul göndərilən ikinci ölkə ABŞ-dır. Ötən il ABŞ-a 137 milyon dollar göndərilib. 2021-ci ildə bu rəqəm cəmi 51 milyon dollar idi. Bu baxımdan, ABŞ-dan Azərbaycana göndərilən köçürmələrlə yanaşı, Azərbaycandan ABŞ-a köçürmələrin də həcmində kəskin artım görünür.

Bu il 2021-ci illə müqayisədə Azərbaycandan pul göndərilməsinə görə ilk beşlikdə olan digər üç ölkəyə köçürmələrin həcmi azalıb. Misal üçün, Azərbaycandan Rusiyaya göndərilən pulun miqdarı 117 milyon dollardan 90 milyon dollara düşüb. Gürcüstana göndərilən vəsait də 79 milyon dollardan 59 milyon dollara enib. Böyük Britaniyaya göndərilən pulun həcmi isə 46 milyon dollardan 31 milyon dollara düşüb.

XS
SM
MD
LG