Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:17

«Pulum yoxdur, ata ola bilmərəm?..»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Övladım pulsuzluğun qurbanı oldu. Həkimlər pulsuz olduğumuz üçün ona baxmadılar. Bizim pulsuzluğumuz, onların özbaşınalığı…».

Zaqatala rayonu, Sevil Qazıyeva küçəsi, ev 25 sakini Vüqar Naibov danışır ki, doğuş vaxtı çatan həyat yoldaşı Darçınova Mahru Darçın qızını Zaqatala Rayon Mərkəzi Xəstəxanasına götürüb. Övlad sevinci ilə xəstəxanaya üz tutan gənc ər-arvad pulsuzluqdan əsl faciə yaşayıblar:

«Elə ilk dəqiqədən həkimlər gözlərini cibimə dikdilər. Mən də açıq şəkildə bildirdim ki, imkanım yoxdur. Həkimlər mənə burun salladılar. Dedim, «nədir, imkanım yoxdur deyə, ata ola bilmərəm?». Yoldaşımı doğum şöbəsinə buraxmadılar. Hamilə yoldaşım şaxtalı havada xəstəxananın qarşısında gözləməli oldu. Biz də qayınanamla düşdük qapılara, başladıq həkimlər üçün pul axtarmağa…».

Vüqar Naibovun sözlərinə görə, qan analizinə görə 25, ultrasəs müayinə üçün 15, qeydiyyat üçün 10, tibbi ləvazimat üçün 20, həkimlərin «əziyyətinə» görə 70 manat pul alıblar:

«Sonra da gəlib dedilər ki, «uşaq tərs doğulacaq, özünüz seçim edin, ya ana, ya da uşaq öləcək». Əslində isə uşağı artıq yarımcan etmişdilər. Həkimlər doğuş vaxtı səriştəsiz davranıb uşağı boğmuşdular. Ona görə də oksigen balonu altına qoymuşdular. Pul istədilər, verə bilmədik, ona görə də uşağımı bir başqa körpəylə eyni oksigen balonunun altına yerləşdirmişdilər. Bir də deyirəm: pul vermədiyim üçün…».

«ƏSKİYƏ BÜKÜB VERİBLƏR QOLTUĞUMA»

Atanın dediyinə görə, körpənin vəziyyəti ağırlaşıb. Həkimlər körpəni ataya veriblər ki, onu daha burada saxlaya bilməzlər, başqa xəstəxanaya aparsın. O da körpəni götürüb üz tutub Şəki şəhər Xəstəxanasına…:

«Şəki şəhər Xəstəxanasında dedilər ki, «bu nədir, körpəni oksigen balonu ilə gətirmək lazım idi…». Onda anladım ki, pul vermədiyim üçün onu eləcə əskiyə büküb qoltuğuma veriblər».

Şəki Şəhər Xəstəxanasında ataya bildirilib ki, körpənin vəziyyətinin ağırlaşmasının tək səbəbi doğuşun düzgün qəbul edilməməsi olub. Beləcə, körpə həyatda qalmayıb.

Vüqar Naibov deyir, qeysəriyyə əməliyyatına görə xəstələrdən 800-1000 manat alınır. Ona görə də xəstəxanada təbii doğuşa az-az rast gəlmək olur. Təkcə ötən il azı 600 nəfər qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

«HAMİLƏLİLİYİ SAĞLAM KEÇMƏYİB»

Zaqatala Rayon Xəstəxanasından AzadlıqRadiosuna bildiriblər ki, körpənin ölümünə səbəb hamiləliyin sağlam keçməməsi olub. Xəstəxana Vüqar Naibovun dediklərini təkzib edir. Əlavə məlumat üçün Səhiyyə Nazirliyinə müraciət etməyimizi məsləhət gördülər.

Nazirlikdən isə bildiriblər ki, Vüqar Naibov xəstəxanada başına gələnlərlə bağlı quruma müraciət etməyib. Qurum Naibovların başına gələnləri araşdırmağa hazırdır. Yetər ki, onlar rəsmi şəkildə müraciət etsinlər.

Vüqar Naibov həkimlərin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etdiyini deyir.

XS
SM
MD
LG