Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

AzTv və İctimai TV Putinin çıxışını niyə canlı yayımladı. 'Sanki insanları sonrakı proseslərə öyrəşdirirlər'


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putinin öz xalqı üçün keçirdiyi ənənəvi mətbuat konfransını bu il AzTv və İctimai TV Azərbaycan xalqı üçün də onlayn yayımlayıb. Həm də 4 saat 4 dəqiqə, tərcüməsiz, rus dilində. Məsələnin qeyri-adi qarşılanması başqa bir ölkənin prezidentinin öz xalqına ünvanlanmış mesajlarının niyə Azərbaycanda yayımlanması ilə bağlıdır. Özü də söhbət bu gün dünyada təcrid olunmuş və aqressor kimi tanınan ölkənin başçısının mesajlarından gedir.

AzTv-nin izahı

Kremlin başçısının dekabrın 14-də 4 saatlıq mətbuat konfransı Azərbaycan televiziyalarının efirindən deyil, Youtube kanalları üzərindən yayımlanıb. AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəhbəri və mətbuat katibi Rüfət Seyidov AzadlıqRadiosuna açıqlamasında bunun səbəbini sosial media auditoriyasının tərkibi ilə izah edib: “AzTv-nin Youtube səhifəsində kontentin böyük qismi Rusiya kontentidir... Səbəb Rusiya prezidenti olmasından asılı deyil. Əgər (Aİ Şurasının Prezidenti) Şarl Mişelin mətbuat konfransı ingilis dilində olsaydı, onu da verəcəkdik. (ABŞ Prezidenti Co) Baydenin açıqlaması olsaydı onu da verəcəkdik”. Rüfət Seyidov onu da əlavə edib ki, AzTv sosial medianın qaydalarını əsas götürərək Vladimir Putinin mətbuat konfransını canlı yayımlayıb. Çünki həmin gün həmin aralıqda AzTv-nin özünün effektiv materialı olmamışdı və ona görə də kanalın Youtube kontentinin tərkibini əsas götürərək Putinin mətbuat konfransı canlı yayımlayıb.

AzTv-nin Youtube izləyicilərinin coğrafi ərazisi daha çox Rusiyada yaşayanlar ola bilər, amma bu heç də o demək deyil ki, onlar etnik ruslardılar. Rəsmi mənbələrə görə 1,5 milyon, qeyri-rəsmi mənbələrdə isə 2,5 milyon azərbaycanlının Rusiyada yaşadığı bildirilir. Rusiya üzərindən AzTv-yə baxanların azərbaycanlılar olması şübhə doğurmur. Digər bir məsələ isə budur ki, Putinin rus dilindəki mətbuat konfransı AzTv-nin rus dilindəki “Novosti” pleylistindən deyil, məhz Azərbaycan dilində verilişlərin yerləşdiyi ana səhifədən transilyasiya edilib. Onu da qeyd etmək lazımdır ki, rus dilində çıxan “Novosti” pleylistinin video materialların cəmi sayı 3 min 515, ümumi baxış sayı isə min 675-dir. Sonuncu rəqəm 396 min nəfər izləyicisi olan AzTv-nin rusdilli kontenti haqqında hər şeyi özü deyir. Yeri gəlmişkən, 400 minə yaxın izləyicisi olan AzTv üzərindən Putinin mətbuat konfransına 8 min baxış sayı olub. Youtube-da 1milyon 100 min izləyicisi olan İctimai TV-də isə Putinin mətbuat konfransı 15 min izləyici üçün maraqlı olub.

AzTv-nin nümayəndəsinin “Şarl Mişelin və Baydenin də olsaydı, ingilis dilində mətbuat konfranslarını verəcəkdik” açıqlamasından sonra AzTv-nin sosial media kanallarının son bir neçə ilin monitorinqi oxşar yayımların olmadığını göstərdi. Məsələn, ötən il dekabrın 10-da Beynəlxalq İnsan haqları günündə ABŞ prezidenti Co Baydenin (Joe Biden) dünyada demokratiyanın yayılması mövzusunda tarixi çıxışı olub. Yaxud Azərbaycanla birbaşa əlaqəsi olan 5 oktyabr Qranada görüşü. İlham Əliyevin imtina etdiyi bu görüşdən sonra Şarl Mişelin jurnalistlər üçün ingilis dilində brifinqi keçirildi və Azərbaycan prezidentinə mesajları səsləndi. Amma bunların heç birini AzTv canlı verməmişdi.

İctimai TV susur

Bu mövzuda İctimai TV-nin açıqlamasını almaq mümkün olmadı. AzadlıqRadiosunun İTV-yə ünvanladığı suallar cavabsız qaldı. Halbuki İTV-nin internet səhifəsindəki «Haqqımızda» bölümü bu cümlə ilə başlayır: «Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzaladı».

Maraqlıdır ki, hökumətə yaxın digər media kanallarının, məsələn, BakuTV-nin Youtube səhifəsində də Putinin mətbuat konfransından bütöv şəkildə olmasa da, ayrı-ayrı hissələrinin məhz rus dilində verildiyinə rast gəlmək olar.

İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respulikasının Qanununda deyilir ki, ictimai yayım proqramları, bir qayda olaraq, dövlət dilində yayımlanır. “"Proqramların dili" dedikdə, qaçan sətirlər (subtitr) və təsviri (mətni) açıqlayan səs başa düşülür”. Lakin bu, sosial mediaya aid deyil.

Dil məhdudiyyəti yoxdur...

Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov AzadlıqRadiosunun müxbirinin bu məsələ ilə bağlı suallarını cavablandırarkən bildirib ki, media qurumlarına social media üzərindən yayımlanan materiallarına dil baxımından heç bir məhdudiyyət qoyulmayıb və bu məsələdə onlar sərbəstdirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı da AzadlıqRadiosuna açıqlamasında bildirib ki, Rusiya prezidentinin mətbuat konfransının AzTV və İctimai TV-nin Youtube kanalından yayımlanmasında heç bir qəbahət görmür və pis tərcümədənsə, elə rus dilində birbaşa verilməsi daha yaxşıdır. Bir zamanlar Azərbaycanda rus dilində məktəblərin çoxalmasına etiraz edən və Rusiyadan gələn təhlükələrə görə narahtlığını ifadə edən deputat hazırda Rusiya ilə dinc qonşuluq münasibətlərinin olmasına və strateji tərəfdaşlığa diqqəti yönəldib. O deyib ki, tarixi faciələrə baxmayaraq Rusiya ilə bugünkü münasibətlərin qorunması daha vacibdir: “İndi biz Rusiya ilə konflikt yaradan məsələlərə deyil, qarşılıqlı inam yaradan məsələlərə diqqət yönəltməliyik”.

“Bu, avtoritar koalisıyanın planıdır”

Azərbaycanın Uruqvayda və ABŞ-dakı səfirliyində çalışmış keçmiş diplomat Emin İbrahimov hesab edir ki, baş verənlər Rusiyadan artan ciddi asılılığın əlamətidir: «AzTv və İctimai TV-də Putinin mətbuat konfransının canlı yayımda tərcüməsiz rus dilində verilməsi milli suverenliyimizə və milli heysiyyatımıza təhqirdir. Rusiya tarix boyu rus dilini imperialist alət kimi istifadə edib və indi də edir. Bu kontekstdə, Rusiyanın dövlət başçısının çıxışının kanallarımızda tərcüməsiz göstərilməsi qəbuledilməzdir. Bu, həm də simvolik hadisədir. Sanki insanları bundan sonrakı proseslərə öyrəşdirirlər».

Emin İbrahimov onu da vurğulayıb ki, bu siyasət Azərbaycanın suverenliyi üçün çox ciddi təhdiddir: «Bu siyasət Azərbaycanın inkişaf üfüqlərini tamamilə bloklayır və ölkəmizin Rusiyanın nüfuz dairəsində avtoritar rejim kimi möhkəmlənməsinə aparır. Bu, avtoritar koalisıyanın planıdır».

Azərbaycanın iki böyük televiziyasının Putinin mətbuat konfransını rus dilində verməsini təsadüf saymayanlar da var. Cəmiyyətdə bu televiziyaların müstəqil fəaliyyət göstərməsiilə bağlı şübhələrin olması, Prezident Aparatından göndərilən təlimatlarla çalışması fikri formalaşdığından bu hadisənin də siyasi səbəbləri düşündürücüdür. Başqa bir ölkənin başçısının hansısa beynəlxalq tədbirdəki çıxışı yox, məhz öz xalqına ünvanlanmış müraciətinin Azərbaycanın dövlət və ictimai televiziyalarının sosial media kanallarında yayımlanması həm də geosiyasi məsələ sayıla bilər. Bu hadisəyə ilk reaksiya elə sosial media üzərindən gəlib.

Sosial medianın reaksiyası

Jurnalist Əfqan Muxtarlı özünün Facebook səhifəsində bunları yazıb: “Putinin mətbuat konfransı AzTv - də canlı yayımlanıb. Tərçüməsiz, rus dilində. Cox ciddi məsələdir. Gənc adamları ABŞ-a, Avropaya agentlikdə suçlayan Əliyev acıq şəkildə ölkəni Rusiyanın əyalətinə cevirib. AzTv-dəki canlı yayım İlham Əliyevin Rusiyanın Azərbaycandakı canişini olduğunun təsdiqi də adlandırmaq olar... Bu gün AzTv Putinin konfransını canlı yayımlayarkən Avropa Birliyi Ukrayna, Moldova və Gürcüstan barədə önəmli qərarlar qəbul etdi. Ermənistanın da AB üzvülüyü yolu acıldı. Azərbaycan isə KTMT-yə doğru gedir”.

İctimai fəal Nəriman İsmayılın paylaşımı: «…Biz Rusiya deyilik. Biz Azərbaycanıq. Putin də bizim üçün sadəcə qonşu dövlətin prezidentidir. Bundan artıq deyil…»

Müstəqilliyi dəyər hesab edən vətəndaşlar üçün müstəqil Azərbaycan dövlətinin büdcəsindən maliyyələşən dövlət və ictimai televiziyalarının sözügedən davranışı məhz bu baxımdan birmənalı qarşılanmayıb. Hər il vətəndaşların vergiləri ilə formalaşan büdcədən AzTv-yə və İctimai TV-yə milyonlarla manat vəsait ayrılır. 2023-cü ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə maliyyə yardımı - 32 milyon 132 min manat, İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə yardımı isə 21 milyon 578 min manat təşkil edib. Üstəgəl bu ilin əvvəli Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu İctimai TV-nin əldə etməsi üçün Prezidentin ehtiyat fondundan ona 940 min 500 avronun manat ekvivalentində vəsait ayrılıb.

Siyasi və psixoloji məqamlar

Vladimir Putinin ilin yekunlarına dair genişçərçivəli mətbuat konfransı artıq illərdir keçirilir. Lakin Ukraynada müharibə başlayandan sonra iki il idi ki, keçirilmirdi. Rusiyalı jurnalistlər və ekspertlər Kremlin bu tədbirə uzun müddət və ciddi hazırlaşdığını yazırlar. Həmişə olduğu kimi bu tədbiri Rusiyanın onlarla media qurumu canlı yayımladı. Rusiyanın «Dojd» kanalına danışan iqtisadçı Sergey Aleksaşenko Rusiyadakı ciddi iqtisadi problemlərin olmasına baxmayaraq Putinin mətbuat konfransındakı pozitiv çıxışını belə şərh edib: «Putin heç vaxt demir ki, stəkan yarıboşdur. Putin həmişə deyir ki, stəkan yarıdoludur. Bizlərinsə vəzifəsi budur ki, göstərək ki, stəkan yarıboş deyil, stəkanın 4/3-ü boşdur...» Sergey Aleksaşenko diqqəti Putinin Rusiyanın gücünü və qüdrətini təbliğ edən propaqandasına yönəldirdi.

Rusiya prezidentinin Moskvadan rus dilində yayımlanan mətbuat konfransı sanki SSRİ dövründə Kommunist Partiyasının birinci katibinin qurultaydakı çıxışını xatırlatdı. Sovetlərin dövründə Kremldə oturan SSRİ liderinin çıxışları bütün sovet respublikalarında zəhmətkeşlər üçün canlı yayımlanırdı. Görünür, Azərbaycan insanını da narahat edən məhz budur – məsələnin siyasi və psixoloji tərəfləri. Bu baş verənlər SSRİ ilə şüarltı assosiasiyalar yaradır və sanki cəmiyyətin nəbzi yoxlanılır. İki il öncə Rusiya Ukraynada müharibəyə başlamadan əvvəl İlham Əliyev Putinlə «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə»sini imzaladı. Bunu bir çox müstəqil ekspertlər və siyasətçilər Azərbaycan prezidentinin qütbləşən dünyada seçimi kimi qiymətləndirilmişdilər. Xatırladaq ki, ondan əvvəl Putin Lukaşenko ilə İttifaq sazişi imzalamışdı. «SSRİ-nin dağılmasını əsrin fəlakəti» adlandıran Putinə Rusiyada indi «rus torpaqlarını toparlayan» adının verilməsi elə SSRİ-ni bərpa etmək planına görədir. Belə bir dövlət başçısının propaqanda dolu çıxışını Azərbaycanın dövlət və ictimai televiziyalarının yayımlanması siyasi və milli təhlükəsizlik məsələsi olduğundan diqqətdə saxlanılmalı məsələdir.

XS
SM
MD
LG