Rusiya prezidenti Vladimir Putin Ukraynada seçkilərin keçirilməsi və mühüm razılaşmaların imzalanması üçün ölkənin müvəqqəti olaraq beynəlxalq idarəetməyə verilməsini təklif edib.
Rusiya mediası xəbər verir ki, Putin martın 28-də Murmanskda Şimal Donanmasına ziyarətindən bu barədə danışıb. O deyib ki, belə bir administrasiyanın uzunmüddətli məqsədi müharibəni dayandırmaq üçün nizamlanmaya nail olmaqdır.
"Bu, sadəcə variantlardan biridir. Mən demirəm ki, başqaları yoxdur", - Putin qeyd edib.
O əlavə edib ki, bu ideya "BMT-nin və ABŞ-nin himayəsi altında, Avropa ölkələri ilə" və Rusiyanın "tərəfdaşları və dostları" ilə həyata keçirilə bilər.
"Məqsəd demokratik seçkilər keçirmək və xalqın etimadını qazanan bacarıqlı hökuməti hakimiyyətə gətirmək, sonra onlarla sülh müqaviləsi üzrə danışıqlara başlamaqdır", - Putin bildirib.
Rusiya prezidenti uzun müddətdir ki, Ukrayna hakimiyyətinin danışıqlar üçün legitim tərəf olmadığından şikayətlənir. O hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski beşillik mandatı bitsə də, yenə hakimiyyətdə qalıb.
Hərbi vəziyyətdə seçkilər keçirilmir
Ukraynada seçkilər 2024-cü ilin mayında keçirilməli idi, lakin Ukrayna qanunlarına görə, Zelenski yeni seçkilər keçirilənə qədər prezident olaraq qalır. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başladığı vaxtdan bəri ölkədə hərbi vəziyyət tətbiq olunub. Hərbi vəziyyətdə isə seçkilər keçirilə bilməz.
Putin Ukraynanın hazırkı rəhbərliyini "qeyri-legitim" adlandırıb və buna görə də onunla hər hansı sənəd imzalamağı rədd etdiyini təkrarlayıb.
Putin həmçinin Rusiyanın sülh yolu ilə nizamlanmaya hazır olduğunu bildirib və deyib ki, Rusiya işğalının əvvəlində göstərilən bütün məqsədlərə nail olmaq yolunda "israrlı şəkildə və inamla irəliləyir".
"Onlara nail olacağımıza inanmaq üçün səbəb var", - o qeyd edib.
Putin ABŞ prezidenti Donald Trampın münaqişəyə son qoymaq arzusuna inandığını da əlavə edib. Putinin fikrincə, Trampın ABŞ və Rusiya arasında birbaşa danışıqlara təkan verməsi onun sülh istədiyini göstərir.
Ukrayna tərəfi Putinin son açıqlamalarına, hələlik, reaksiya verməyib.
"Rusiya ilə görüləsi çox iş var"
ABŞ dövlət katibi Marko Rubio isə martın 27-də bildirib ki, Rusiya ilə yüksəksəviyyəli danışıqların keçirilməsini gözləmək hələ tezdir.
"Hər iki tərəflə, xüsusən də illərdir danışmadığımız Rusiya ilə görüləsi çox iş var", - Karib hövzəsi ölkələrinə səfərdən qayıdan M.Rubio təyyarədə deyib.
İrəliləyişin nə qədər vaxt alacağı ilə bağlı suala Rubio "Bunun üzərində vaxt çərçivəsi qoymaq mümkün deyil, çünki bu, bizdən asılı deyil", - deyə cavab verib.
Martın 27-də Parisdə keçirilən "istəklilər koalisiyası"nın sammitindən sonra Zelenski deyib ki, hər kəs Rusiyanın sülhə can atmadığını anlayır. O əlavə edib ki, təhlükəsizlik zəmanətləri üzərində işlər yaxın günlərdə və həftələrdə də davam edəcək.
Martın 27-də Trampın müşaviri İlon Mask isə "Fox News"a bildirib ki, o, müharibəni dayandırmaq üçün danışıqlar yolu ilə sülhün əldə olunacağına inanır.
"Son iki il ərzində hər həftə minlərlə insan boş yerə ölüb. Nəyə görə?", - Mask sual edib. O, müharibəni davam etdirmək istəyən və ölən insanları nəzərə almayan şəxslərə qarşı "nifrət" duyduğunu bildirib.
Prezident Trampın müharibəni sona çatdırmaq üçün təqdim etdiyi planın effektivliyi barədə sualı cavablandıran Mask bildirib ki, bu, yeganə işlək plandır.