Rusiyanın Yakutiya regionundan bir neçə dəfə Moskvaya yürüş etməyə cəhd göstərən şaman yenidən saxlanıb.
Moskvada Kremldən prezident Vladimir Putini qovacağını deyən şaman Aleksandr Qabışev hüquq-mühafizə orqanları tərəfindən saxlanaraq zorla psixiatrik klinikaya yerləşdirilib.
Açıq Rusiya müxalifət qrupunun koordinatoru Aleksey Pryanişnikov yanvarın 27-də AzadlıqRadiosuna deyib ki, şamanın saxlanmasının səbəbi barədə heç bir məlumat verilməyib:
"Hazırda biz onun nəyə görə tutulduğunu bilmirik. Düşünürəm ki, bu barədə informasiyanı sabah ala biləcəyik”.
Qabışev yanvarın 9-da demişdi ki, o mart ayında Yakutiyadan at belində Moskvaya yürüş etməyi planlaşdırır.
O bildirmişdi ki, məqsədi əvvəlki kimi Putini Kremldən qovmaqdır.
Şaman demişdi ki, ona qoşulacaq tərəfdarları onu avtomobillərlə müşayiət edəcəklər.
Xatırlatma
Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən məşhurlaşıb.
O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.
Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilmişdi.
Eyni zamanda Qabışevi ekstremist fəaliyyətə çağırışda ittiham edirdilər. Daha sonra ondan yazılı iltizam alaraq sərbəst buraxmışdılar.
Şaman 2020-ci ilin yanvarında Moskvaya yeni yürüş elan etmişdi. O bu yürüşü ötən iyunda başlamaq niyyətində idi.
Lakin polis Qabışevi mayın 12-də bir daha saxlamışdı. O yenidən ruhi xəstəxanaya yerləşdirilsə də iyulun 22-də oradan buraxılmışdı.