Bəzi insanlar iş masasını təmizləmək, gülləri sulamaq və yuyulmuş paltarları qatlamaq kimi xırda işlərdən həzz alırlar. Hətta YouTube-da insanların gündəlik ev işlərini görməsini göstərən kanal və videoların milyonlarla izləyicisi var.
Psixoloqlar bu xırda işlərin verdiyi həzzi izah edən mexanizmlərin ola biləcəyini deyirlər.
Bu mexanizmlərdən ən sadəsi bu işlərin beyni məşğul etməsi və insanı daha böyük işlərə görə narahat olmağa qoymaması, bir növ, meditasiya rolu oynamasıdır.
Qab yumaq
Florida Dövlət Universitetinin tədqiqatçıları qab yumanın insanların mental sağlamlığına təsirini araşdırıblar. Onlar 51 iştirakçını iki qrupa bölüblər. Bir qrup iştirakçıya qab yumağın verdiyi hisslərə fokuslanmaq haqda mətn oxumaq tapşırılıb. "Qab yuyan zaman siz tamamilə qab yumaqda olmanız faktına fokuslanmalısınız", – mətn təxminən bu məzmunda olub. Digər qrupsa sadəcə qab yumaq haqda ümumi təlimatları oxumalı olub.
Daha sonra iştirakçılar keçirdikləri hisslərlə bağlı sorğunu cavablandırmalı olublar. Sensor təcrübəyə fokuslanan birinci qrupun əhvalının digər qrupa nisbətən xeyli daha yüksək olduğu ortaya çıxıb. Bu sadə fəaliyyətin əsəbiliyi azaltdığı və ilham hissini artırdığı üzə çıxıb.
Fikri dağıdan digər fəaliyyətlərdən, məsələn, kompüter oyunları və ya mənasız TV seriallarından fərqli olaraq, xırda yer-yığış həm də faydalıdır - o, insanın nəzarət qavrayışını artırmağa qadirdir.
BBC yazır ki, insan narahat olduğu zaman yaranan çarəsizlik hissi fizioloji stressi artıra bilər. Bu isə bədəndə kortizol kimi hormonların səviyyəsinin yüksəlməsi deməkdir. Uzun müddət davam edən çarəsizlik hissi immun sisteminin fəaliyyətinə də mənfi təsir göstərə bilər.
Baş verənlərə nəzarət hissi
London Kral Kollecindən psixoloq Steysi Beduell deyir ki, sadəcə içində olduğu mühiti dəyişə bilmək insanda baş verənlərə nəzarət hissi verir. Evi səliqəyə salmağın insanlara bu qədər yaxşı təsir etməsi də bununla bağlı ola bilər.
ABŞ-da bir qocalar evində aparılan tədqiqat bu mənada diqqəti cəlb edir. Harvard və Yel universitetlərindən tədqiqatçılar iştirakçıları iki qrupa ayırıblar. Birinci qrupdakı şəxslər otaqlarındakı mebel və digər əşyaları istədikləri kimi düzə bilərdilər. Onlara qayğısına qalmalı olduqları otaq bitkiləri də verilmişdi. İkinci qrupunsa otaqlarındakı səliqə-sahmanla qocalar evinin əməkdaşları məşğul olurdu. Onların heç sulamaq üçün bitkiləri də yox idi. 18 aydan sonra alimlər qocalar evinin öz otağı ilə özü məşğul olan sakinlərinin fiziki baxımdan daha sağlam olduğunu görüblər. Onların ölmək ehtimalı da digərlər sakinlərə nisbətən daha aşağı olub.
Alimlər əldə olunan bu müsbət nəticənin ilk növbədə psixologiyadan, daha doğrusu, insanların həyatlarına nəzarət hissindən qaynaqlandığını deyirlər.
Daha səliqəli mühit, daha yaxşı fokuslanma
Ancaq məsələ bununla bitmir. Daha təmiz və səliqəli mühit daha yaxşı fokuslanmağa da kömək edir.
"Əgər siz mətbəx masası arxasında oturmusunuzsa və kompüteriniz səliqəsizliyin ortasındadırsa, bu, sizin beyniniz üçün çoxlu vizual stimul deməkdir. Üstəlik, siz diqqətinizi əlinizdəki işə cəmləməyə çalışırsınız. Vizual səliqəsizliyi yığışdırdığınız zaman daha asan fokuslana biləcəksiniz", – Steysi Beuell deyir.
Beyin fəaliyyətinin görüntüləri də bu iddianın doğruluğunu dəstəkləyir. Ətrafda diqqət dağıdan əşyaların çoxluğu beyin fəaliyyətinin artmasına səbəb olur. Nəticədə fokuslanmağa çalışan beyin tez yorulur.
Səliqə-sahmanın stress və narahatlığı azaltdığını, diqqət və endorfin ifrazını isə artırdığını nəzərə alsaq, insanların nə üçün qeyri-müəyyənliklə üzləşdikləri zaman ev işləri görməyə çalışmasını daha yaxşı anlamaq olur.