Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:48

Qarabağda hansı güzəştlər olacaq?


Şuşaya qayıdış nə vaxt başlanır? Otel, restoranlarda qiymətlər
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00

Şuşaya qayıdış nə vaxt başlanır? Otel, restoranlarda qiymətlər

Qarabağın bərpası indi Azərbaycan iqtisadiyyatından ötrü ən vacib məsələlərdən biridir. Bu baxımdan, yalnız dağılan evlərin və infrastrukturun bərpası yetərli deyil. Həmin ərazilərin ölkə iqtisadiyyatıyla bütünləşməsi və insanların işlə təmin edilməsi baxımından bölgədə biznes fəaliyyətinin də bərpasına ehtiyac var. Bunun təmini üçün təşviq mexanizmləri, güzəştlər ilk ağlagələn mexanizmlərdir. Ötən ilin sonlarında "işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam da imzalamışdı. Elə isə, hökumət Qarabağda biznes fəaliyyətini canlandırmaqdan ötrü hansı addımları planlayır?

DSMF ödənişlərinə güzəşt

Gələn il üçün vergi və digər sosial ödənişlərlə bağlı nəzərdə tutulan dəyişikliklər dolğun açıqlanmasa da, ayrı-ayrı şəxslərin mediaya açıqlamalarında yeniliklər dilə gətirilib. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də, Milli Məclisin uyğun komitələrinin birgə iclasında çıxış edənlər də bu məsələyə toxunub. Nazir ölkədə ilk dəfə işğaldan qurtarılan ərazilərdə sosial sığorta haqlarının subsidiyalaşdırılması təcrübəsinin tətbiq olunacağını bildirib. "Sosial sığorta haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, işğaldan qurtarılan ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət şirkətlərində sığortaedənin ödədiyi sosial sığorta pulunu dövlət qarşılayacaq.

Təklifdə bir istisna da var: Qeyri-dövlət şirkətləri arasında bu mexanizmdən maliyyə və yük daşımaları sektorundakı şirkətlər yararlana bilməyəcək. Hökumət DSMF ödənişləri ilə bağlı güzəştləri 10 il müddətinə tətbiq etməyi düşünür. Gələn il yanvarın 1-dən 2026-cı ilin eyni dövrünədək sığortaedənin ödədiyi məcburi dövlət sosial sığorta haqqı tam şəkildə dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. 2026-cı ildən 2029-cu ilədək sığorta məbləğinin 80 faizi, 2029-2031-ci illərdə 60 faizi, həmin vaxtdan 2033-cü ilədəksə 40 faizi subsidiyalaşdırılacaq. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir götürən sığortalananların da ödədiyi sığorta haqları 100 faiz miqdarında qarşılanacaq. Beləcə, Sahil Babayevin bildirdiyinə görə, qeyd edilən subsidiya mexanizmi sayəsində işçilər 20 faiz artıq gəlir götürmək imkanı qazanacaqlar.

Miqrasiya Məcəlləsi də dəyişir

Qarabağda fəaliyyət göstərəcək şirkətlərə sığorta ödənişləri üçün subsidiya mexanizmi ilə yanaşı, Miqrasiya Məcəlləsində də dəyişiklik nəzərdə tutulub. Qurtarılan ərazilərdə çalışan sahibkarlara kvota tətbiq edilməyəcək və iş icazəsi məbləğində 50 faiz endirim ediləcək. Miqrasiya Məcəlləsinə görə, iş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində gerçəkləşdirilir. Təklif edilən dəyişiklik bu qaydanın işğaldan qurtarılmış ərazilərdə əmək fəaliyyətinə cəlb edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilməməsini nəzərdə tutur. Bu dəyişikliklərin beş il müddətinə - 2023-cü ilin əvvəlindən 2028-ci il yanvarın 1-dək qüvvədə qalması təklif edilir.

Onillik vergi güzəştləri

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyəti canlandırmaq üçün vergilərlə bağlı güzəştlərin də tətbiqi planlaşdırılır. Bununla bağlı Dövlət Vergi Xidmətinin açıqlamasında qeyd edilib ki, işğaldan qurtarılmış ərazilərdə uçota alınacaq vergiödəyicilərinə mənfəət, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəşt olacaq. İstehsal fəaliyyəti sahələri üzrə xammalın ölkə ərazisinə idxalının da 10 il müddətinə vergilərdən azad edilməsi nəzərdə tutulub.

Bundan başqa, işğaldan qurtarılmış ərazilərin turizm potensialı gözə alınaraq həmin sahənin gəlişməsi üçün bəzi qərarlar qəbul edilib. Sözügedən ərazilərdə əmlak, torpaq, mənfəət vergi güzəştləri ilə yanaşı, Əlavə Dəyər Vergisinin (ƏDV) geri qaytarılması üzrə faiz dərəcəsi də daha yüksək - 30 faiz müəyyənləşdirilib. Bu da o deməkdir ki, ölkənin digər yerlərindəki kimi 18 faiz deyil, təxminən 12.6 faiz ƏDV dərəcəsi tətbiq ediləcək.

Qarabağda işləyənlər daha çox qazanacaq

Nəzərdə tutulan dəyişikliklər işğaldan qurtarılmış ərazilərdə çalışanların daha çox gəlir əldə etməsinə yol açmalıdır. Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə sözügedən ərazilərdə işləyən mütəxəssislərə də olacaq. Layihəyə əsasən, həmin ərazilərdə çalışan mütəxəssislər bir neçə şərtə əməl olunduğu halda Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəşt və imtiyazlardan yararlana biləcəklər. Bu güzəştlər beş il müddətində - 2023-cü il yanvarın 1-dən 2028-ci ilin eyni dövrünədək keçərli sayılacaq. Həmin güzəştlərdən yararlanan şəxslər xüsusi şəraitdə tətbiq edilən əməkhaqqı alanlar kateqoriyasına daxil ediləcək. Bu isə o deməkdir ki, işğaldan qurtarılmış ərazilərdəki mütəxəssislərin yüksək əməkhaqqın alması üçün artımlar (əmsallar) müəyyənləşdiriləcək.

Bu güzəştlərdən yararlanmaq üçün layihədə bir neçə şərt əksini tapıb. Bunlardan biri işəgötürənlərlə bağlıdır. Güzəştlərdən yayarlanacaq işçilərin çalışdığı şirkətlər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotuna götürülməlidir. Digər şərtə görə, bu güzəştlərdən yararlanacaq mütəxəssislər həmin şirkətlərdə işləməklə yanaşı, Azərbaycan Respublikasının işğaldan qurtarılan ərazilərində məskunlaşmalıdır.

Həmin mütəxəssislər üçün əlavə məzuniyyət günləri də nəzərdə tutulur. Onlara əsas və əlavə məzuniyyət müddəti daxil, beş təqvim günü müddətində əlavə məzuniyyət veriləcək.

XS
SM
MD
LG