Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:22

Rusiya sülhməramlıları mina axtarışına cəlb edilsə, regionda daha uzun müddət qalmaz ki?


Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb edilməsinin planlaşdırıldığını bildirib.

Yerli saytların məlumatına görə, V.Süleymanov bu barədə aprelin 4-də Beynəlxalq mina xəbərdarlığı və minatəmizləmə fəaliyyətinə yardım Günü münasibətilə keçirilən brifinqdə danışıb. O, sülhməramlı kontingentin minatəmizləmə əməliyyatlarına qoşulması ilə bağlı müəyyən sənədləşmə işlərinin aparıldığını vurğulayıb: "Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq".

Siyasi təhlilçi Nəsimi Məmmədli Rusiya sülhməramlılarının funksiyasına belə bir fəaliyyət növünün daxil olmadığını hesab edir.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Sülhməramlıların fəaliyyəti üçün əsas yoxdur"

O, AzadlıqRadiosuna xatırladır ki, sülhməramlılar atəşkəsdən sonra tərəflər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı üzərilərinə müəyyən öhdəliklər götürmüşdülər: "19 sentyabr əməliyyatından sonra həmin ərazidə münaqişə edən tərəflər yoxdur. Belə olduğu təqdirdə sülhməramlıların hansısa funksiyanı həyata keçirməsi real deyil, çünki sülhməramlıların fəaliyyəti üçün əsas yoxdur".

Deputat: "Məntiqi və doğru qərardır"

Ancaq Milli Məclisin deputatı Ceyhun Məmmədov fərqli düşünür. Deputat "Turan"a deyib ki, hazırda Rusiya sülhməramlıları ərazidədirlər və razılaşmaya əsasən, fəaliyyətlərini davam etdirirlər.

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

Onun sözlərinə görə, sülhməramlıların minatəmizləmə prosesinə cəlb edilməsində heç bir problem yoxdur: "10 noyabr razılaşmasına əsasən, Rusiya sülhməramlıları bölgədə qalacaqlar. Bu mənada sülhməramlıların minatəmizləmə prosesinə cəlb edilməsi yaxşıdır, çünki daha tez bir zamanda minaların təmizlənməsinə nail ola bilərik və prosesə ümumi fayda verər. Xarici mütəxəssislər də minatəmizləmə işlərində iştirak edirlər, amma hazırda mövcud sülhməramlı kontingent orda olduğundan prosesin tez zamanda bitməsinə dəstək verirlər. Çox məntiqi və doğru qərardır ki, Azərbaycana kömək etsinlər, minatəmizləmə prosesi sürətlənsin".

"Dövlətimiz üçün problemə çevrilə bilər"

"Rusiya sülhməramlılarının belə əməliyyatlara cəlbi, onların regionda daha uzunmüddətli qalmasına xidmət etməz ki? Yaxşı olmazmı ki, digər ölkələrdən personal cəlb edilsin" sualına gəldikdə, N.Məmmədli Kremlin daha uzun müddətə qalma niyyətinin olduğu qənaətindədir: "Moskva bunu gizlətmirdi də, müxtəlif formada Azərbaycan tərəfinə müəyyən mesajlar çatdırılıb".

Ekspertin sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda öz maraqları olduğundan bunları təmin etmək üçün bölgədə sülh deyil, daha çox münaqişədən yararlanır: "Azərbaycanda hansı ad altında olmasından asılı olmayaraq Rusiyanın hərbi birləşməsi qalarsa, müəyyən problemlər yarada bilər. Ona görə sülhməramlıların ərazidə qalması yolverilməzdir".

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

"Onların fəaliyyəti sənəddə göstərilən dövrü əhatə edir"

Lakin C.Məmmədovun vurğulamasına görə, burada söhbət indiki dövrdən gedir, dəfələrlə sülhməramlıların qalma müddəti barədə prezidentin və digər rəsmilərin mövqeyi olub: "Onların fəaliyyəti sənəddə göstərilən dövrü əhatə edir. Ona görə bu müddətdə minatəmizləmə işlərində iştirak edə bilərlər. Ümumi götürdükdə hazırda Qarabağda ermənilər olmadığından sülhməramlıların uzunmüddətli bölgədə qalmasının məntiqi əsası yoxdur. Burada söhbət hazırkı dövrdə bir müddət minatəmizləmə işlərində iştirakından gedir".

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 70-ə yaxın vətəndaşı minaya düşərək həlak olub, 270-dən çox şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərinin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib (5 illik. Bu müddət yalnız tərəflərin razılığı ilə artırıla bilər).

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG