"The Guardian" yazır ki, qaradərili şair və yazıçılar çox da tanınmır. Tələbələrin Toni Morrison və Ceyms Bolduin kimi müəllifləri öyrənmək imkanı olsa da, qaradərili ədəbiyyatın zəngin tarixi, əsasən, kölgədə qalıb.
Ötən il Britaniyada dərc edilən hesabatlarda deyilir ki, şagirdlər bircə qeyri-ağdərili müəllifin əsərlərindən xəbərdar olmadan belə mərkəzləşdirilmiş buraxılış imtahanından keçə bilirlər.
Yalnız 2019-cu ildə Böyük Britaniyanın ən nüfuzlu "Buker" kitab mükafatı ilk dəfə qaradərili britaniyalı müəllifə verilib. Söhbət Bernardin Evaristodan gedir.
Gildiya yaradılıb
2020-ci ildə Britaniyada Qaradərili Yazıçılar Gildiyası yaradılıb. Qurumun məqsədi "Britaniya çap industriyasında qaradərili ədəbi istedadlar üçün davamlı, gəlirli, ədalətli və bərabər ekosistem yaratmaqdır".
Bu ilin fevralında Britaniya kitabxanası ölkədəki qaradərili ədəbiyyatın zəngin tarixini qeyd etmək üçün Afrikalı Leonun 1550-ci ildə nəşr olunmuş "A Geographical Historie of Africa" kitabından tutmuş, Debbi Taker Qrin və Kaleb Femi kimi müasir innovativ yazarların işlərinə qədər bir çox əsəri önə çəkmişdi.
"The Guardian" bununla bağlı müasir qaradərili yazıçılardan onların sevdikləri qaradərili müəlliflərin adlarını soruşub.
Ceyms Berri
Yazıçı Melori Blekman Ceyms Berrinin (1924 – 2017) "A Thief in the Village and Other Stories" kitabını (1987) qeyd edib. Bu, Britaniyada yaşayan Blekmanın qaradərili müəllifdən oxuduğu ilk uşaq kitabı olub. Onun sözlərinə görə, bu kitabda bəzi qəhrəmanlar Patua – slenq və jarqon sözlərlə dolu olan sintetik dildə danışırlar. Bu isə Blekmanın daha öncə Britaniyada çıxan uşaq kitablarında görmədiyi bir şey idi. Berrinin kitabları Blekmana öz kitablarını yazmaq üçün ilham verib. Melori Blekmanın ən son romanı "Endgame" adlanır.
Beril Qilroy
Bernardin Evaristo isə Beril Qilroyun (1924 – 2001) "Black Teacher" kitabını sevdiyini deyir. Qilroy Britaniyaya 1952-ci ildə Qayanadan mühacirət edib. Kitab onun Londonda keçirdiyi ilk illəri və müəllimlik təcrübəsi haqdadır. Evaristo digər bir qayanalı yazıçı Eduard Rikardo Breytueytin avtobioqrafik romanı "To Sir, With Love"ın da adını çəkib. Evaristonun özünün sonuncu kitabı isə "Manifesto" adlanır.
Çinua Açebe
Dünya şöhrətli kanadalı yazıçı, antiutopiya ustası kimi tanınan Marqaret Etvud Çinua Açebenin (1930 – 2013) "Things Fall Apart" romanının (1958) adını çəkib. O zaman ABŞ-da seqreqasiya, Cənubi Afrikada isə aparteid rejimi hökm sürürdü. Ancaq hər ikisinə qarşı müqavimət böyüməkdə idi. Açebenin bu kitabı müstəmləkəçiliyə bilavasitə ondan əziyyət çəkənlərin gözü ilə baxan ilk romanlardan biri idi. Kitab həm də kənar qüvvələrin təsiri ilə ənənəvi mədəniyyətlərin məhv olması haqdadır. Marqaret Etvudun özünün sonuncu romanı "The Testaments" adlanır.
Aleksandr Düma
Yazıçı Coann Harris Aleksandr Dümanın (1802 – 1870) " Georges" romanı haqda danışıb. Dümanın az tanınan işlərindən olmasına baxmayaraq, Harris onu çox sevdiyini deyir. Onun sözlərinə görə, bu, Dümanın qarışıq irqdən olmasını əks etdirən və irq mövzusuna toxunan yeganə əsəridir. Romanda hadisələr XIX əsrdə cərəyan edir. Jorj Münye adlı ağıllı və anlayışlı gənc Mavrikidə Afrika və Avropa əsilli zəngin bir tacirin oğludur. O, atasının ağ adamlarla görüşəndə özünü daha aşağı səviyyəli insan kimi gördüyünü anlamağa başlayır və özünün fərqli olacağına qərar verir. Əsərdə qılınc davasından qul üsyanına, macəralı qaçışdan qisas andına qədər çox maraqlı hadisələr qələmə alınıb. Coann Harrisin özünün sonuncu romanı "A Narrow Door" adlanır.